SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti indikini tənqid edib

2021.10.20, 07:36
İranın keçmiş prezidenti indikini tənqid edib

Gunaz.tv
Prezidentliyə namizəd Musəvini dəstəkləyən Hatəmi prezident Əhmədinejadın iqtisadi kursunu qınayıb İranda iyunun 12-si keçiriləcək prezident seçkilərinin iki gün öncə başlayan təbliğat kampaniyası çərçivəsində prezidentliyə dörd namizəddən biri Mirhüseyn Musəvinin tərəfdarları paytaxt Tehranda yerləşən 12 minlik «Azadi» idman kompleksində öz namizədlərinə dəstək olduqlarını nümayiş etdirib. Aksiyada məşhur aktoyrlar, kinorejissorlar, siyasətçilər və minlərlə tələbə iştirak edib. Mitinqdə çıxış edən İranın keçmiş prezidenti Məhəmməd Hatəmi hazırki rəhbərliyin iqtisadi siyasətini tənqid edərək, seçiciləri islahatlar üçün yaranmış imkandan lazımınca istifadə etməyə və Musəviyə səs verməyə çağırıb. Prezident Mahmud Əhmədinejadın bu seçkilərdə əsas rəqibi hesab edilən Musəvi islahatçı kimi tanınır və dünya dövlətləri ilə münasibətlərdə liberal xəttin tərəfdarıdır. Sosial və siyasi məhdudiyyətlərin aradan qaldırılması üçün Qərblə münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayan İran islahatçılarının fikrincə, Əhmədinejad ölkəni daha böyük beynəlxalq təcridə və iqtisadi böhrana sürükləyib. Hazırkı prezidentin əleyhdarları onu iqtisadi problemləri həll etməkdən çox, Birləşmiş Ştatlar və İsrailə qarşı bəyanatlarla vaxt itirməkdə ittiham edirlər. Musəvi ilə eyni vaxtda öz seçiciləri ilə görüşən Əhmədinejad isə ittihamlara sərt cavab verərək bildirib ki, onun hökumətinin Qərbə qarşı durmaq və uranın zənginləşdirilməsi barədə verdiyi qərar İranı regionun super gücünə çevirib və Birləşmiş Ştatların İraqa, Əfqanıstana endirdiyi zərbələrdən sonra İrana hücumunun qarşısını alıb. Əhmədinejad eyni zamanda İranın son dövrlər əldə etdiyi texniki nailiyyətləri önə çəkib. Qeyd edək ki, iyun 12-si keçiriləcək seçkilərin nəticələri İranın bundan sonra Obama administrasiyası ilə danışıqlarda və Qərblə nüvə məsələsi ətrafında yaranan qarşıdurmada mövqeyini müəyyənləşdirəcək. Qərbli müşahidəçilər isə İranın hazırki xarici siyəsətinin seçkilərdən sonra dəyişəcəyi ehtimalının az olduğunu bildirirlər. Belə ki, seçki kampaniyasında daha çox daxili problemlərə yer verən namizədlərdən heç biri nüvə proqramları və enerji ilə bağlı Qərbə hansısa güzəştlərə gedəcəkləri barədə söhbət belə açmırlar. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar