SON XƏBƏRLƏR

İran adlanan yerdə insan hüquqları dəhşətli şəkildə pozulur

2021.10.20, 07:36
İran adlanan yerdə insan hüquqları dəhşətli şəkildə pozulur

Gunaz.tv
Fars-teokratik rejimi milli və insani haqlarını tələb edən Azərbaycan türklərini qan içində boğmağa çalışır Güney Azərbaycanda üç il əvvəl baş vermiş 22 may hərəkatıyla bağlı Bakıda keçirilən müzakirələrdə maraqlı təhlillər, mövqelər ortaya çıxıb. Onu da qeyd edək ki, 2006-cı ilin mayında baş vermiş proseslərlə əlaqədar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız geniş müzakirələr aparırlar, bu prosesin mahiyyətini izah etməyə çalışır, müxtəlif münasibətlər ortaya qoyurlar. Bu müzakirələr əslində Quzeyli-Güneyli Azərbaycanın bütöv şəkildə qloballaşma dövründə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələrdə əsas diqqət Güney Azərbaycanın indiki vəziyyətinə, gələcək taleyinə diqqət yetirilir. Ortaya çıxan ideyaların, təkliflərin bir sıra arqumentlərlə əsaslandırılması da maraq doğurur. Xatırladaq ki, 2006-cı il mayın 22-də Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Tehranda çıxan "İran" adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və "Haray-haray mən türkəm!" hayqırıb. Əvvəl bu aksiyaya icazə verənəd fars şovinist rejimi xüsusi qəddarlıq nümayiş etdirib. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub. Üç il öncə tutulmuş 15 min insanın məhkəmə prosesi hələ də davam edir. Müxtəlif güneyli-quzeyli informasiya agentliklərindən, qəzetlərdən aldığımız məlumatlara görə aparılan müzakirələrdə Güney Azərbaycan probleminə Türk Dünyasının məsələsi kimi baxılır. Azərbaycan Respublikasının xaricdə güneyli soydaşlarımızın köməyilə diaspor təşkilatları yaratması, eyni zamanda, Azərbaycan, Türkiyə və digər Türk dövlətlərində Güney Azərbaycan lobbisinin formalaşdırılması təklifləri ortaya çıxır. Belə məsələlərin həllinə müəyyən dəstək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin büdcəsi artırılması da xüsusi vurğulanır. Güneyi və Quzeyi birləşdirən mənəvi məsələlərə xüsusi önəm verilir. Məsələn, BAXCP sədri Qüdrət Həsənquliyev vurğulayıb ki, Babək Güney Azərbaycanda azadlıq simvolu kimi qəbul olunur: "Babək Quzey və Güney Azərbaycanın birlik, bütövlük simvoludur. Ona görə də Azadlıq meydanında ona abidə ucaldılmasını və Babək prospektinin də uzadılaraq Azadlıq prospektinə birləşdirilməsini təklif edirəm". Müzakirələrdə İranda, tarixi torpaqlarında yaşayan azərbaycanlıların insan hüquqları məsələsinə xüsusi diqqət yetirilir. İranda Azərbaycan türklərinə qarşı yürüdülən farslaşdırma siyasəti, milli fəallarımızın saxta ittihamlarla həbsxanalara salınması, Azərbaycan türkdilində təhsilə icazə verilməməsi, ana dilimizdə ali və orta məktəblərin fəaliyyət göstərməməsi kimi məsələlər qaldırılır. Qeyd edək ki, Azərbaycan türkcəsində qəzet və jurnalların fəaliyyət göstərməməsi, şəhər və kəndlərimizin adının dəyişdirilməsi, soydaşlarımızın öz uşağına Türk adı qoymasına maneçiliyin törədilməsi milli-siyasi problemlərlə yanaşı, həm də bəşəri, insani problemdir. Məqsədyönlü işlər dünyanın diqqətini Güney Azərbaycanın probleminə yönəltməlidir, dünya millətimizin səsini eşitməlidir. Azərbaycan türkləri dövlət, partiya,sivil toplum cəmiyyətləri, fərdlər olaraq Güney Azərbaycandakı soydaşlarımızın insan hüquqlarının müdafiəsi üçün addımlar atmalı, bəşəriyyətin bu problemə biganəliyinin aradan qalxmasına çalışmalıdır. İranın fars rejiminin nüvə proqramını dünya üçün təhlükə sayan BMT, Avropa Birliyi, ABŞ və s. beynəlxalq qurumlar, supergüclər güneyli soydaşlarımızın insan haqlarını müdafiə etməkdə maraqlı olmalıdır. Çünki insan hüquqlarına münasibət bildirmək heç bir dövlətin daxili işinə qarışmaq demək deyil, eyni zamanda insan hüquqları heç bir dövlətin daxili işi deyil. Ona görə də Güney Azərbaycanın problemi peşəkarcasına beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. 22 may hadisələrindən sonra soydaşlarımıza təzyiqlərin güclənməsi, həmin olaylar zamanı həbs olunmuş 15 min soydaşımızın girov qoyaraq azadlığa çıxması, hələ indi də məhkəmə proseslərinin davam etməsi, soydaşlarımızın İran həbsxanalarında işgəncələrə məruz qalması, bir neçə soydaşımız müəmmalı şəkildə qətlə yetirilməsi, yəni bütövlükdə Güney Azərbaycan problemi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu məsələdə Azərbaycan KİV-lərinin xüsusi fəallığı lazımdır. Dünyanın müxtəlif ölkələrində aparılan müzakirələrdə İranın fars rejiminin Azərbaycan Respublikasına qarşı müxtəlif təxribat planlarına diqqət yetirilir. Qarabağ müharibəsində birbaşa işğalçı,terrorçu ermənilərə dəstək verən İranın fars rejimi ötən illər ərzində Xəzərin statusu məsələsində qeyri-konstruktiv rol oynamaqda, ölkəmizə "islam inqilabı"nın ixracında, sərhədlərimizdən külli-miqdarda narkotik vasitələrin keçirilməsinə cəhd göstərməkdə və s. məsələlərdə "fərqlənib". İranın keçmiş xarici işlər naziri Vilayətinin 1995-ci ildə dediyi, "Güney Azərbaycanda milli hərəkatı boğmaq üçün onu beşiyində, yəni Bakıda boğmaq lazımdır" sözləri fars rejiminin Azərbaycan Respublikasına qarşı qərəzli, qəzəbli, insaniyyətdən və müsəlmançılıqdan uzaq siyasətinin şüarına çevrilib. İranın indiki rejimi İslamın düşmənidir, Çünki İslamı terrorçu kimi bütün dünyaya tanıdır. İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan torpaqlarını işğal etmiş, bir milyon insanımızı məcburi köçkün və qaçqın vəziyyətinə salmış, donuz iyi verən Ermənistan prezidenti Serj Sərkisyanı bağrına basması təkcə Azərbaycan Respublikasına mesaj deyildi, həm də İranın əhalisinin tən yarısını təşkil edən Azərbaycan türklərinin milli heysiyyatının tapdanması, heçə sayılması idi. Rəsmi Tehranın "Səhər" telekanalı vasitəsilə Azərbaycan Respublikasına qarşı təbliğatı ən yumşaq desək, düşmən münasibətidir. "Səhər" telekanalı hər gün Azərbaycan dövlətçiliyini təhqir edir, Azərbaycanla Türkiyənin arasına vurmağa çalışır və s. hədyanlar danışır, düşmənçilik toxumu səpir. Son illərdə teokratik rejimin Azərbaycan Respublikasını Güney Azərbaycan türklərinin, dünyanın, o cümlədən, İran vətəndaşlarının gözündən salmaq üçün ideoloji təxribat cəhdləri şiddətlənib. Bu özünü xalqımızın soykökü, tarixi, dili, dini haqqında yazılmış, hədyanlarla dolu, təhqiramiz "elmi araşdırmalarda" özünü göstərir. Çox təəssüf ki, Azərbaycan Respublikasının elmi potensialından, kitabxanasından, alimlərimizin elmi dəstəyindən yararlanan İranın elmlə məşğul olmaq istəyən bəzi nümayəndələri sonradan Azərbaycan Respublikasını, rəsmi Bakını, öz tarixi torpaqlarının kiçik bir hissəsində öz müstəqil dövlətini qurmuş Azərbaycan türklərini hədəf götürür. Millətimizin adını gah "azəri", gah "fazəri" adlandırmaqla bizim guya farsdan dönmə olduğumuzu "sübuta yetirməyə" çalışırlar. Türk hökmdarı Mahmud Qəznəvinin puluyla şer yazan Firdovsi fars şovinizminə antitürk, antiərəb (əslində hər ikisinin mahiyyətində antiİslam təbliğatı da durur) təbliğatı aparmaqda yol göstərir. Ümid yaradan məqam odur ki, güneyli soydaşlarımız İranın fars rejiminin Azərbaycan Respublikasına qarşı ideoloji təxribatını başa düşür, təhlil edir, həqiqəti ortaya çıxarır. Amma teokratik rejim İranda yaşayan xalqlarda, o cümlədən, sadə farslarda Azərbaycan türkləri haqqında mənfi rəy yaratmaqla özünün hakimiyyətini uzadır. Çünki İrandakı rejimin qərəzli, məqsədyönlü siyasəti nəticəsində sadə insanlar, ölkənin demokratik yolla inkişafını arzulayan, milli haqlarını tələb edən qüvvələr arasında etimadsızlıq mühiti formalaşır. Xüsusən, Qacarlar hakimiyyətdən gedəndən sonra, təxminən 80 ildir ki, İranda türklər haqqında məqsədyönlü rəy yaradılır, bu da istər-istəməz müasir dövrdə fars-türk münasibətlərində özünü göstərir. Məhz buna görə də BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev fars dilində teleradioların açılmasını vacib sayır: "Bu teleradioların məqsədi isə fars şovinizmini ifşa etmək olmalıdır. Yəni Azərbaycan türklərində farslar haqqında tamamilə mənfi fikir formalaşdırılmamalıdır. Sadəcə farsların özlərini içlərindəki şovinistləri təmizləməyə təlqin etməliyik". Bu təklif birinci dəfə səslənir, eyni zamanda özünün aktuallığı ilə diqqəti cəlb edir. Düzdür, bu təklifin həyata keçməsi üçün vaxt və məqsədyönlü fəaliyyət lazımdır. Dünən Təbrizdə baş verən qanlı hadisələr göstərdi ki, teokratik rejimin repressiyalarının qarşısını almaq üçün soydaşlarımızın siyasi-milli aktivliyilə yanaşı, İranda yaşayan bütün xalqların, o cümlədən, demokratik dünyagörüşlü farsların dəstəyini qazanması, farslaşmağa meylllənən türkləri "zərərin yarısından qaytarması" vacibdir. Amma Güney Azərbaycanda rasional, yüksək səviyyəli hərəkat davam etsə də fars rejimi hər an repressiyalara, dinc aksiya keçirən soydaşlarımıza qarşı silaha əl atır. Teokratik rejim bu cür sərtliklə Azərbaycan türklərinin yaranmaqda olan beynəlxalq reallıqdan faydalanmasının qarşısını almağa çalışır. Güney Azərbaycanda itkisiz milli dövlətimizin qurulması ideyası teokratik rejimin qanlı əngəlləriylə üzləşir. Buna görə də Güney Azərbaycan milli hərəkatının maraqları naminə beynəlxalq səviyyədə hərəkət etməyimizə, diasporamızın güclənməsinə, xaricdə Güney Azərbaycanın diaspor dövlətinin qurulmasına ehtiyac var. Bu dəfəki hərəkat əvvəlki inqilabların eyforiyasından fərqlənir, çünki keçmişdən təcrübə götürülüb. Amma güneyli soydaşlarımız nə qədər səbrlə və dinc vasitələrlə mübarizəyə önəm versələr də fars-teokratik rejimi bu prosesi qan içində boğmağa çalışır. Ona görə də Quzey və Güney Azərbaycan, Türkiyə və digər Türk dövlətlərinin diasporları birləşərək, dünyanın demokratik qüvvələriylə birgə beynəlxalq səviyyədə birgə hərəkət etməlidirlər. Güney Azərbaycan məsələsini beynəlxalq gündəmə gətirməklə qarşıdan gələn tarixi şəraiti düzgün qiymətləndirə bilərik. Onu da unutmaq olmaz ki, tarixi ədalətsizliyi elə tarix özü aradan qaldırır. Hazırda gedişat buna doğrudur. Təbriz Quzeyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar