SON XƏBƏRLƏR

İran adlanan yerdən Ermənistana kökə, Azərbaycana hədə

2021.10.20, 07:36
İran adlanan yerdən Ermənistana kökə, Azərbaycana hədə

Gunaz.tv
Bölgədə geosiyasi maraqlar toqquşur İranın müdafiə nazirinin Azərbaycanla bağlı hədəli tonda danışması KİV-in gündəminə bomba kimi düşdü. İranlılar İsrail prezidentinin Bakıya səfərinə müsəlmanların yaxşı baxmayacağını hərbçinin dilindən dedilər. Niyə məhz hərbi nazirin? Məsələnin əsas tətərfi bundan ibarətdir. Türkiyə ordusundan da buna cavab gəlib. Türklər Azərbaycanın tək olmadığını, onun müstəqil siyasət yeridən dövlət olduğunu deyiblər. Azərbaycan özü kiminlə necə münasibət qurmağı həll edir. Bu mesajlaşmanın arxasında ciddi geosiyasi və hərbi məqamların durduğunu bilmək çətin deyil. İranın hərbi qurumu tərəfinfən diplomatik dillə ifadə edilən fikirlər Azərbaycanı ehtiyatlı tərpənməyə, yəni İranın fikrini də nəzərə almağa çağırışdır. Bu çağırış daha çox hədə xarakteri daşıyır. İran İsrailin Azərbaycanla münasibətləri inkişaf etdirməsini özünə qarşı hərəkət adlandırır. Lakin Ermənistanla işbirliyinə gedəndə Azərbaycanın heç bir marağını nəzərə almır. Hətta İran Ermənistanla bir yerdə Xudəfərin körpüsü yaxınlığında su elektrik enerjisi stansiyası tikir. Buralar Ermənistanın işğalı altında olan ərazilərimizdir. İran Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın soydaşlarımızın yaşadığı Təbrizdə konsulluğunu açır. Onunla təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı genişləndirir. Və özünü elə aparır ki, guya bütün bunlar müsəlmanların xoşuna gəlir. Müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən xristian Ermənistan üçün “həyat yolu” olan bir dövlət hansı haqla Azərbaycanın İsraillə əlaqələri haqqında fikir bildirə bilər? Amma İran bildirir. Özü də hərbi nazirin dili ilə deyir və anlatmaq istəyir ki, “müxtəlif faciələr” ola bilər. Bunların arxasında nələrin durduğunu açıqlamağa ehtiyac yoxdur – hər kəs yaxşı durur. Bütün bunların fonunda Fransa və Rusiyanın Türkiyədən Dağlıq Qarabağ məsələsindən uzaq durmaq tələbini ifadə etmələri ortaq maraqlardan xəbər verir. Sadəcə, oyunçuların hər biri öz nahiyyətlərinə uyğun hərəkət edirlər. İran Fransa və Rusiyanın yanında durmaqdadır. Qəribəsi və düşündürücüsü odur ki, Türkiyə ilə bağlı yayılan söz-söhbətlərə çox qəzəblənən “bəzi vətənpərvərlərimizin” nə Fransaya, nə Rusiyaya, nə də İrana sözlərini eşitmirik. Onların bu davranışlarını xəyanət kimi dəyərləndirmirlərsə, bunlar kimlərə xidmət edirlər? Hər nə isə, tarix heç vaxt saxtalığı qəbul etmir. Hər bir dövlətin mahiyyətini üzə çıxarır. Azərbaycanı hədələyən də, bu hədəyə sinə gərən də bəllidir. Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistanın çəkilməsini tələb edən də, bu tələbi edəni proseslərdən uzaqlaşdırmaq istəyənlər də bəllidir. Sadəcə, biz azərbaycanlılar dostu və düşməni hər zaman tanımalıyıq. İranın Azərbaycanı hədələməsi çox pis əlamətdir. Azərbaycan müstəqil dövlət olaraq istədiyi xarici siyasəti yeridir. Onun bu hərəkətini bölgə dövlətləri içərisində qəbul etməyənlər hələ də vardır. Güney Qafqaz uğrunda geosiyasi mübarizə kəskinləşdikcə sözlərini açıq deyirlər. İranın Gürcüstan prezidentinin Bakıya səfəri zamanı xəbərdarlıqla çxış etməsində bir məntiq də ola bilər. İran yalnız İsrailin deyil, bütünlükdə Amerikanın bölgədə fəallaşmasına reaksiya verir. O, həm yeni silahlarını nümayiş etdirir, həm də xəbərdarlıq edir. Görünür, yaxın perspektivdə bizim bölgədə hadisələrin sürəti həm artacaq, həm də dolaşıq məqamlar çoxalacaq. Aydındır ki, bu prosesdə Azərbaycanın yanında bölgə dövlətləri içərisində Türkiyə və Gürcüstan vardır. Gürcüstanın qeyri-səmimi olmaq imkanı qalmadı. Amerikanın da siyasətinə uyğun olaraq Gürcüstan Türkiyə-Azərbaycan tandeminin yanında durmalıdır. İran, Ermənistan və Rusiya isə ənənəvi dostluqlarında qalmaqdadırlar. Bu dövlətlərin bölgədə demokratiya və inteqrasiyaya əngəl olmaqda davam edəcəkləri daha çox ehtimal olunur. Ona görə də Tehrandan gələn hədəyə barmaqarası baxmaq olmaz. Burada dərində olan məqamların kəskinləşməsi ssenarisi mümkündür. Ona görə də Güney Qafqazla bağlı geosiyasi dəyişikliklərin dünyanın diqqətini çəkməkdə davam edəcəyini söyləmək olar. Azərbaycan dövlət olaraq öz maraqlarını müdafiə etməlidir və şübhəsiz ki, belə də olacaq. Bu da bölgə dövlətləri üçün müəyyən mənada bir reallıq kimi qəbul edilməlidir. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar