SON XƏBƏRLƏR

Danışıqlarda Qarabağ münaqişəsinin həllinin şərt kimi irəli sürülməsində hərbçilərin önəmli rolu olub

2021.10.20, 07:36
Danışıqlarda Qarabağ münaqişəsinin həllinin şərt kimi irəli sürülməsində hərbçilərin önəmli rolu olub

Gunaz.tv
Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasında Dağlıq Qarabağ münaqişəsinin həllinin şərt kimi irəli sürülməsində hərbçilərin önəmli rolu olub. Bu barədə məlumatı nüfuzlu «Sabah» qəzeti yayıb. Qəzetdə dərc olunan «Zirvədə Qarabağ razılaşması» adlı məqalədə qeyd edilib ki, silahlı qüvvələrin baş qərargahının generalları Türkiyənin Milli Təhlükəsizlik Şurasının bu il aprelin 28-də keçirilən toplantısında Ankara-Yerevan münasibətlərinin Azərbaycanın itirilməsi hesabına qurulmasına qarşı çıxıblar. Generallar qəti şəkildə bəyan edib ki, hökumətin önəmli simalarından biri Bakıya səfər etməli və bu məsələdə Azərbaycan tərəfini razı salacaq təminatı verməlidir. Qəzetin yazdığına görə, Milli Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qərarı Azərbaycan tərəfinə çatdırmaq vəzifəsi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın üzərinə düşüb. Məlumdur ki, «Sabah» qəzeti Türkiyənin baş nazirinə yaxın dairələrin nəzarətindədir. Bu baxımdan qəzetdə yazılanların həqiqəti əks etdirməsi şübhə doğurmur. Bundan başqa, Türkiyə silahlı qüvvələrinin baş qərargahının rəhbərliyi ilk gündən Ermənistanla sərhədlərin açılması istiqamətində aparılan danışıqlara mənfi münasibət göstərirdi. Bunun əsas səbəbi ermənilərin hələ də Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməməsi və Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır. Təsadüfi deyil ki, ötən ay keçirdiyi ənənəvi mətbuat konfransında silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı İlkər Başbuğ da işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyi müddət ərzində Ermənistanla münasibətlərin normallaşdırılmasının mümkün olmadığını bəyan etmişdi. «Sabah» qəzetinin yazdığından da aydın olur ki, Təhlükəsizlik Şurasının toplantısında bu mövqe bir daha qəti şəkildə ortaya qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar