SON XƏBƏRLƏR

Rusiya Ermənistana silah ötürdüyünü etiraf etdi

2021.10.20, 07:36
Rusiya Ermənistana silah ötürdüyünü etiraf etdi

Gunaz.tv
KTMT baş katibinin müavini silahların çox hissəsinin ermənilərə əvəzsiz olaraq verildiyini bildirib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin müavini Valeri Semerikov 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi barədə məlumatı təkzib edən rəsmi Moskvanın son aylarda səsləndirdiyi bəyanatlara zidd açıqlama ilə çıxış edib. Belarusun paytaxtı Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi-iqtisadi əməkdaşlıq üzrə ölkələrarası komissiyasının 6-cı iclası ilə bağlı açıqlamasında Semerikov deyib ki, 2007-ci illə müqayisədə 2008-ci ildə rus hərbi texnikasına sifariş paketinin həcmi üç dəfə artıb. Rusiyanın tərəfdaş ölkələrə daxili bazar qiymətləriylə silah satdığını vurğulayan Valeri Semerikov həmin ölkələrin Ermənistan və Belarus olduğunu açıqlayıb. Üstəlik, Semerikov silah-sursatın əhəmiyyətli hissəsinin Ermənistana və Belarusa peşkəş edildiyini də gizlətməyib: "Silah-sursatın böyük hissəsi ödənişsiz qaydada verilib" Bununla da Semerikov Rusiyanın 2008-ci ildə Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürdüyü haqda "Media forum" saytının yaydığı xəbərin doğruluğunu təsdiqləyib. Xatırladaq ki, 2008-ci ildə Rusiyanın Ermənistan ərazisində yerləşən 102 saylı hərbi bazasından 69 adda silah-sursatın Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilməsi barədə sənəddə 21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 "Şilka" raketi; müxtəlif markalı "Strela" raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd "Qrad" qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış "Akasiya" qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış "Qvozdika" qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik "Rapira" topu (MT-12r); 210 ədəd 3 M9M3 "Kub" raketi və başqa silah, hərbi sursat, texnika və avadanlıq çeşidlərinin siyahısı var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibinin müavini Valeri Semerikovun Minskdə səsləndirdiyi bəyanatı şərh edən Elxan Poluxov Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın Ermənistana silah ötürməsi məsələsi ilə bağlı mövqeyini bir neçə dəfə açıqladığını bildirib: "Biz yenə də eyni mövqedə qalırıq. Xarici İşlər Nazirliyi bu faktları izləməkdə davam edir". Elxan Poluxovun sözlərinə görə, Valeri Semerikovun bəyanatı bir daha göstərir ki, Azərbaycan tərəfi Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi ilə bağlı faktı zamanında düzgün qiymətləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, təcavüzkar dövlətə silah-sursatın ötürülməsi regionda sabitliyin bərqərar olmasının qarşısını alır və Azərbaycan tərəfini paritet saxlamaq məqsədilə silahlanmağa məcbur edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar