SON XƏBƏRLƏR

Rusiya Gürcüstan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayır

2021.10.20, 07:36
Rusiya Gürcüstan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayır

Gunaz.tv
Ötənilki müharibəni əvvəlcədən proqnozlaşdıran Mixail Çernov: “Hərbi əməliyyatlar dağlarda qarın əriməsindən sonra başlayacaq” ButovAZ- Son günlər Gürcüstan ətrafında yaranmış mürəkkəb vəziyyətlə bağlı həyəcanlı xəbərlər gəlir. Bu xəbərlərdən görünür ki, Qafqazda yeni və daha dəhşətli müharibə təhlükəsi yaranıb və həmin təhlükə tamamilə realdır. Baş verən proseslər ötən ilin avqustunda Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsi ərəfəsini xatırladır. Ötənilki müharibəni əvvəlcədən proqnozlaşdıran ekspertlər, şəxsən Gürcüstan prezidenti Mixail Saakaşvili və digərləri xəbərdarlıq edirlər ki, Rusiya yeni müharibəyə hazırlaşır və məqsədi gürcü dövlətini bütünlüklə məhv edib onu öz nəzarəti altına almaqdır. Ötən ilin yayında olduğu kimi, bu dəfə də rus ordusu Gürcüstan ətrafında irimiqyaslı manevrlər keçirir. Ancaq ötənilki müdaxilədən əvvəl manevrlər Şimali Qafqazda, Gürcüstan sərhədləri yaxınlığında keçirilirdisə artıq bu dəfə təlimlər Gürcüstan ərazilərinin içərilərində-ötən il Rusiyanın nəzarətinə keçən separatçı Cənubi Osetiya və Abxaziya bölgəsində başlayıb. Rusiya müdafiə nazirinin müavini general Aleksandr Kolmakov deyib ki, Cənubi Osetiya və Abxaziyada yerləşdirilmiş hərbi kontingent irimiqyaslı hərbi təlimlərə hazırlaşır. Həmin təlimlər eyni vaxtda Şimali Qafqazdakı hərbi poliqonlarda və Gürcüstanın separatçı bölgələrində keçiriləcək: “Hazırda abxaz və osetin tərəfləri ilə rus qoşunlarının təlim keçməsi üçün poliqonların ayrılması məsələsi ilə bağlı müzakirələr gedir. Bu poliqonlar qoşunların daimi dislokasiya yerlərinin yaxınlığında olacaq”. İTAR-TASS agentliyinin xəbərinə görə, müdafiə nazirinin müavini deyib ki, daha irimiqyaslı manevrlər, o cümlədən Hava Hücumundan Müdafiə qoşunlarının və artilleriyanın təlim keçməsi üçün Şimali Qafqazdakı hərbi poliqonlardan istifadə olunacaq: “Manevrlər zamanı Şimali Qafqazdakı bazalarda dislokasiya olunmuş qüvvələr bütün döyüş komplekti ilə birlikdə Cənubi Osetiya və Abxaziyada yerləşdirilmiş qüvvələrlə əvəz edilə bilər” deyə general bildirib. Bu isə o deməkdir ki, Rusiya rotasiya adı altında Şimali Qafqazda cəmləşdirilmiş iri hərbi birləşmələrini Gürcüstanın separatçı bölgələrinə yeridəcək. Qafqazdakı ötənilki müharibəni proqnozlaşdıranlardan biri, tanınmış ekspert Mixail Çernov isə Rusiyanın “APN” (Siyasi Xəbərlər Agentliyi) agentliyinə müsahibəsində yeni müharibənin nə zaman və necə başlayacağını açıqlayıb. Çernov hələ ötən ilin avqustunda Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlarının başa çatmasından sonra deyib ki, növbəti və həlledici müharibə bu ilin yayında-Şimali Qafqaz dağ aşırımlarında qarların əriməsindən sonra başlayacaq. Ekspert deyib ki, o, öz proqnozunda qalır və Cənubi Osetiya ətrafında irimiqyaslı hərbi əməliyyatların başlaması tamamilə realdır: “Bunun səbəblərindən biri Mixail Sakaşvilinin vəziyyətinin kifayət qədər ağır olmasıdır. Qərbdə ona dəstək ciddi şəkildə azalıb, ölkədə onun istefası tələbi ilə aksiyalar keçirilir. Əgər Saakaşvili daxili etirazları yatıra bilsə və çox güman ki, bunu edəcək, o zaman o, Cənubi Osetiyaya qarşı yeni hərbi əməliyyatlara başlayacaq”. (Ötən il də Rusiya ekspertləri Gürcüstanın Cənubi Osetiyaya qarşı hücuma hazırlaşdığı haqda rəy yaradırdılar -müəl.) Çernova görə Gürcüstan Cənubi Osetiyaya hücuma keçmək üçün hərbi hazırlıqlar görür. Türkiyədən, NATO ölkələrindən böyük miqdarda silahlar alır. Eyni vaxtda Cənubi Osetiya ətrafında qüvvələr yığır. Rusiyalı ekspert hesab edir ki, budəfəki döyüşlər ötən il Cənubi Osetiyanın nəzarətinə keçən Leninoqor rayonundan başlayacaq. Bu bölgə Gürcüstanın nəzarətindəki ərazilərə yaxındır və faktiki olaraq Cənubi Osetiyanın qalan hissəsindən ayrılıb. Rus qoşunları bu bölgəyə girmək üçün yeganə dağ yolundan istifadə etməlidir, ancaq Gürcüstandan ora rahat şosse yolu var. Ötənilki müharibə zamanı rus qoşunları məhz bu yoldan istifadə edib Leninoqoru nəzarətə almışdılar. Çernov iddia edir ki, Saakaşvili Qərbin onun müdafiəsinə qalxmağa məcbur etmək üçün yeni müharibəyə hazırlaşır. Bu dəfə Abxaziya ərazisi də kütləvi raket hücumlarına məruz qala bilər: “Lakin sonda rus ordusu bütün istiqamətlərdən hücuma keçərək gürcü ordusunu darmadağın edəcək, bu dəfə rus qoşunları Tiflisə də girəcək və Gürcüstanın ərazisi yenidən bölünəcək. Bu dəfə söhbət gürcü dövlətinin məhv edilməsindən və xəritədən silinməsindən gedə bilər”. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar