SON XƏBƏRLƏR

İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏD ETNİK SİYASƏTİ DƏYİŞMƏYİ VƏD EDİR

2021.10.20, 07:36
İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏD ETNİK SİYASƏTİ DƏYİŞMƏYİ VƏD EDİR

Gunaz.tv
Mirhüseyn Musəvi Musəvi etnik müxtəlifliyi ölkə üçün nemət saydığını da bəyan edib İran prezidentliyinə namizəd, azərbaycanlı Mirhüseyn Musəvi mayın 20-də Tehranda “Ettelaat” qəzetinin redaksiyasında ölkə xalqları nümayəndələrinin iştirakı ilə keçirilən “İran Xalqları Dialoqu” toplantısına qatılıb. Azərbaycanlılar, kürdlər, türkmənlər və bəlucların da qatıldığı toplantıda çıxış edən Musəvi prezident seçiləcəyi təqdirdə İran xalqlarının ana dillərinin qorunub saxlanması və inkişafı üçün fond yaradacağını deyib. “Media forum” saytının məlumatına görə, Musəvi ölkədə xalqlara qarşı münasibəti dəyişdirəcəyini vurğulayıb: “Etnik qruplara, onların siyasi və mədəni problemlərinə təhlükəsizlik baxımından baxılmasına son qoyulmalıdır. Mən xalqlara qarşı şübhə və tərəddüd dolu baxışı və münasibəti dəyişəcəyəm”. Musəvi etnik müxtəlifliyi ölkə üçün nemət saydığını da bəyan edib: “Bu gün ölkənin hər yerinə səpələnən türkmənlər, kürdlər, bəluclar və başqaları iranlı kimliyini zənginləşdirə və gözəlləşdirə bilər. Bizim Mərkəzi Asiyada və Qafqazda dərin izlərimiz var. Bu xalqların yardımı ilə bu ayaq izlərimizi möhkəmləndirə bilərik”. Etnik azlıqların yaşadığı əyalətlərdəki iqtisadi ədalətsizliyi və ayrı-seçkiliyi ortadan qaldırmağa çalışacağını vurğulayan Musəvi çıxışını Azərbaycan dilində bitirib: “İnşallah, ölkədəki bütün xalqlar bir-birinin yanında olacaq və ölkənin əzəmətinə yardım edəcəklər”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Konstitusiyaya Nəzarət Şurası prezidentliyə iddia edənlərdən dördünün namizədliyini təsdiqləyib: hazırkı prezident Mahmud Əhmədinejad, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. /itv.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar