SON XƏBƏRLƏR

AB Rusiyadan əlini üzdü

2021.10.20, 07:36
AB Rusiyadan əlini üzdü

Gunaz.tv
Berlində keçirilən beynəlxalq təbii qaz konfransında qalmaqal yaşanıb Avropa Birliyinin (AB) Rusiya ilə təbii qaz sahəsində əməkdaşlığına həsr olunmuş və Almaniyanın paytaxtında gerçəkləşdirilən beynəlxalq konfrans Moskva-Brüssel münasibətlərinin daha da kəskinləşməsinə zəmin yaratdı. Təbii qaz sahəsində Rusiya-AB əməkdaşlığının problemlərinə həsr olunmuş 4-cü Beynəlxalq konfransda aparılan münasibətlər bir-birilə uzlaşması mümkünsüz görünən ziddiyyətləri də ortaya çıxardı. Avropalılar hesab edirlər ki, təbii qazın fasiləsiz olaraq istehlakçı ölkələrə göndərilməsində tədarükçü dövlət, yəni Rusiya məsuliyyət daşıyır. Rusiyanın "Qazprom" şirkətinin rəhbərliyi isə öz növbəsində AB məmurlarını ikili standartlarda və Rusiyaya Ukrayna ilə ixtilafında dəstək verməməkdə günahlandırır. Azər Qeyd edək ki, konfransın gündəliyinə enerji təhlükəsizliyinin təminatı, eləcə "Hort Stream" (Şimal axını - red.) və "South Stream" (Cənub axını) layihələrinin həyata keçirilməsilə bağlı məsələ daxil edilmişdi. Ancaq təbii qaz sahəsində AB-Rusiya əlaqələrində inkişafın olmaması konfransın əsas müzakirə mövzusuna çevrildi. Konfransı giriş sözü ilə açan Rusiya Dövlət Duması sədrinin müavini və Rusiya təbii qaz cəmiyyətinin rəhbəri Valeri Yazev elə ilk kəlməsindən Avropa Birliyini ittiham etməyə başladı. Yazevin qənaətinə görə, avropalıların Enerji Xartiyasını imzalamadığına görə Moskvanı günahlandırmaları əsassızdır və yanlış öncəgörmələrə söykənir: "Rusiyadan başqa Enerji Xartiyasını Norveç, Kanada və təbii qaz bazarında iştirak edən bir sıra digər ölkələr də imzalamayıblar. Ancaq nədənsə bütün ittihamlar yalnız Rusiyanın ünvanına səslənir". Yazev hesab edir ki, Enerji Xartiyasının yalnız istehlakçıların maraqlarını təmin edilməsi naminə modernləşdirilməsi yolverilməzdir: "Hətta tərəflərin qarşılıqlı güzəştlər əsasında əldə edilən konsensus belə tərəfləri tam mənada təmin etmir". Təbii qaz sənayesi üzrə Avropa ittifaqının prezidenti Domenik Dispensa isə öz növbəsində Enerji Xartiyasının müdafiəsinə qalxdı. Onun sözlərinə görə, Rusiya bu sənədə qoşulmaqla bir çox üstünlüklər əldə edə bilər: "İlk növbədə Moskvanın əlində Avropa zonasına daxil olan ölkələrin istehlak bazarlarına təsir etmək üçün yeni imkanlar cəmləşəcək". Dispensa eyni zamanda bildirib ki, Rusiya qazının Avropaya tədarüküylə bağlı 2006 və 2009-cu illərdə baş verən böhranın yenidən təkrarlanması "Qazprom"a olan etimadı tamamilə alt-üst edə bilər: "Artıq Avropa Birliyində fəal şəkildə alternativ və atom enerjisi layihələri üzərində iş gedir. Ötən qış Rusiya ilə Ukrayna arasında yaranmış anlaşılmazlıqdan zərər çəkən ölkələr isə növbəti dəfə anlaşılmaz münasibətlərin girovuna çevrilmək istəmirlər". Dispensa Rusiyanın uzunmüddətli müqavilə əsasında təbii qazın tədarükünə görə bütün məsuliyyəti öz üzərinə götürməyə borclu olduğunu vurğulayıb: "İdxalçı ölkələr arasında yaranmış problemə görə Brüssel yox, birbaşa Moskva məsuliyyət daşıyır. Onu da nəzərə almaq lazımdır ki, avropalıların təbii qaza görə ödədikləri vəsaitdə tranzit riskinə görə əlavələr də nəzərdə tutulub". "Qazprom" rəhbərliyi isə Avropa Birliyinin baxışlarını qətiyyən bölüşmək istəmir. Konfransda çıxış edən "Qazprom"un sədr müavini Aleksandr Medvedyev bildirib ki, təbii qazla bağlı Rusiya ilə Avropa Birliyi arasında konstruktiv dialoq baş tutmayacaq: "Hətta "soyuq müharibə" dövründə qarşılıqlı anlaşma əldə olunurdu. Ancaq indi Brüssel Rusiyanın timsalında bərabərhüquqlu tərafdaş görmək istəmir. Vəziyyətin dalandan çıxmamasına görə isə Moskva ilə Kiyev arasında yaranmış problemə müdaxilə etmək istəməyən Avropa Birliyinin məmurları məsuliyyət daşıyırlar. Avropanın qazla təmin olunmasına "Qazprom" deyil rusofob siyasətçilər maneə yaradırlar". Avropa Birliyinin enerji və transport məsələləri üzrə komissarı Mattias Ryute isə Medvedyevin ittihamlarına "Siz bizdən həddən artıq çox şey istəyirsiniz" sözlərilə cavab verib. Avropa mətbuatı Berlində keçirilən konfransın AB-Rusiya münasibətlərində yaranmış çatları daha da dərinləşdirdiyini yazır. Rusiya və Avropa mediasının qənaətinə görə, tərəflər arasında razılığa gəlmək mümkün olmadığı üçün bu il alternativ layihələrin həyata keçirilməsi istiqamətində səylər gücləndiriləcək. Bu kontekstdə "Nabucco" layihəsinə daha çox üstünlük veriləcəyi də bildirilir. İkibaşlı qaz oyunu Brüssel və Moskva arasında yaranmış ziddiyyətlərə baxmayaraq, Avropa Birliyinin hələ bir müddət Rusiyadan asılı olacağı şübhə doğurmur. AB alternativ enerji layihələrinin gerçəkləşdirilməsi istiqamətində addımlarını son bir neçə ay ərzində intensivləşdirib. Əslində, "Nabucco" layihəsinin həyata keçirilməsilə bağlı tədarükçü və tranzit ölkələrin ehtiyatlı mövqe nümayiş etdirməsinin səbəbini təkcə Moskvanın təzyiq xarakterli manevrlərində axtarmaq doğru olmazdı. Avropa Birliyinin passiv siyasəti, alternativ layihələri təbii qazla təmin edəcək, həmçinin tranzit ölkə rolunu oynayacaq dövlətləri Rusiya ilə münasibətlərinin tənzimlənməsində təzyiq elementi kimi istifadə etmək niyyəti buna əsas yaradıb. Tədarükçü və tranzit ölkələr Rusiya ilə yanaşı Avropa Birliyinə də etibar etmirlər. Əslində enerji təhlükəsizliyi məsələsində rəsmi Moskvanın mövqeyi daha aydındır. Yəni, Kreml özünün və qonşularının enerji resurslarından istifadə edərək inhisarçı mövqeyini qorumaq və Qərbə təsir rıçaqlarını öz əlində saxlamaq istəyir. Alternativ layihələrin həyata keçirilməsində maraqlı olan tədarükçü və tranzit ölkələr isə Qərbin birmənalı dəstəyini hiss etmirlər. Avropa Birliyi proseslərin Rusiya ilə digər tədarükçü və tranzit ölkələr arasında iqtisadi-siyasi mötivlərlə yaradılmış rəqabət müstəvisində tənzimlənməsini gözləyir. Belə bir mövqe isə Rusiya tərəfindən yaradılmış süni münaqişələr və digər problemlərlə qarşı-qarşıya qalan ölkələr üçün heç bir halda əlverişli sayıla bilməz. Mövcud durumun davam etməsi isə şübhəsiz ki, ilk növbədə Moskvanın maraqlarına xidmət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar