SON XƏBƏRLƏR

İsrail prezidentinin Bakıya dəvət olunması Tehranda qəzəb doğurdu

2021.10.20, 07:36
İsrail prezidentinin Bakıya dəvət olunması Tehranda qəzəb doğurdu

Gunaz.tv
İRAN AZƏRBAYCANI TƏHDİD ETDİ İran ordusunun baş qərargah rəisi general Həsən Firuzabadi: “Şimon Peresin Bakıya dəvət edilməsi müsəlmanlara qarşı xeyirxahlıq deyil” İsrail prezidenti Şimon Peresin prezident İlham Əliyev tərəfindən Azərbaycana səfərə dəvət olunması İranda qəzəblə qarşılanıb. Yarırəsmi “Fars” agentliyinin xəbərinə görə, İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi bu dəvətə görə rəsmi Bakını sərt tənqid edib. “Azərbaycan Respublikasının sionist rejimin prezidentini Bakıya dəvət etməsi müsəlmanlara qarşı xeyirxah addım deyil” - deyə, general bildirib. Firuzabadi İran tələbələri qarşısında çıxışı zamanı deyib ki, Qüdsün işğalı, Fələstin xalqına qarşı edilən zülm və İslama qarşı münasibəti üzündən “sionist rejimin” hər hansı islam ölkəsi ilə münasibəti “xoşagəlməz faktdır”. General onu da bildirib ki, İsrail prezidentinin Bakıya səfəri Azərbaycanın İranla dostluq münasibətləri ilə ziddiyyət təşkil edir. Xəbər verildiyi kimi, İsrail prezidenti Bakıya səfərə mayın 8-da prezident Əliyevlə bu ölkənin xarici işlər naziri Avidqor Libermanla görüşü zamanı dəvət edilib. İsrail mənbələrinin məlumatına görə, Əliyev deyib ki, o, Şimon Peresi Bakıda yüksək səviyyədə qarşılamağa hazırdır. Dəvət qarşı tərəfdən qəbul edilib və İsrail prezidentinin Bakıya səfəri təxminən iyunun sonu - iyulun əvvəllərində onun MDB-nin müsəlman ölkələrinə turnesi çərçivəsində baş tutacaq. Dəqiq tarix müvafiq idarələrin əməkdaşları səviyyəsində razılaşdırılacaq. Qeyd edək ki, indiyədək yalnız İsrailin baş naziri Benyamin Netanyahu 1999-cu ildə başqa ölkəyə uçarkən yolüstü Bakıda dayanıb və prezident Heydər Əliyevlə onun Zağulba iqamətgahında görüşüb. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və Bakıda səfirlik açıb. Lakin Azərbaycan uzun müddətdir İranın və İsrailə düşmən olan ərəb ölkələrinin reaksiyasından ehtiyat edərək yəhudi dövlətində öz səfirliyini açmır. Həmçinin dəvətlərə baxmayaraq Azərbaycandan İsrailə yüksək səviyyəli rəsmi şəxs və ya diplomat səfər etməyib. İranın Şimon Peresin Bakıya dəvət olunmasından məmnun qalmayacağı gözlənilən idi. Lakin Tehranın öz narazılığını siyasi və diplomatik səviyyədə deyil, ordu komandanı səviyyəsində ifadə etməsi İran rəhbərliyinin Peresə göndərilən dəvətə bərk qəzəbləndiyini göstərir. Siyasi məsələyə narazılığın general vasitəsilə ifadə edilməsi İransayağı diplomatiyadır və Tehran Bakıya işarə edir ki, onun maraqlarına zidd olaraq aparılan siyasətə cavab münasibəti sərt ola bilər. Peres Bakıya İsrailin İranın nüvə obyektlərinə qarşı hava əməliyyatlarına hazırlaşdığı haqda məlumatların çoxaldığı bir vaxtda dəvət edilir. İsrail ordusu bəyan edir ki, İranın nüvə obyektlərini vurmaq üçün bütün hazırlıqlar tamamlanıb və hökumət qərar versə bombardman bir neçə saat ərzində başlaya bilər. Azərbaycanın İsraillə siyasi səviyyədə qarşılıqlı əlaqələri çox zəif olsa da iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın, habelə enerji əməkdaşlığının güclü olması məlumdur. İsrail BTC ilə nəql edilən Azərbaycan neftinin əsas alıcılarındandır. İran isə heç vaxt Azərbaycanın İsraillə əməkdaşlığından məmnun olmayıb və öz mövqeyini müxtəlif vaxtlarda çatdırıb. Lakin indi Azərbaycan rəhbərliyi ilk dəfə İsrail prezidentini Bakıya səfərə dəvət edərək yəhudi dövləti ilə yüksək səviyyəli siyasi əlaqələr yaratmağı qərara alıb. Məlumatlar var ki, növbəti addım Azərbaycanın İsraildə səfirliyinin açılması olacaq. İran onunla həmsərhəd şiə ölkəsində İsrailin bu cür mövqelər qazanması ilə barışa bilməz və öz narazılığını bu cür açıq, yaxud gizli formada çatdıracaq. Fərhad MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar