SON XƏBƏRLƏR

“QARABAĞIN İŞĞALINA SON QOYULMAYINCA TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİNİN AÇILMAYACAĞINA İNANMAQ OLARMI?” SORĞUSUNUN NƏTİCƏLƏRİ

2021.10.20, 07:36
“QARABAĞIN İŞĞALINA SON QOYULMAYINCA TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİNİN AÇILMAYACAĞINA İNANMAQ OLARMI?” SORĞUSUNUN NƏTİCƏLƏRİ

Gunaz.tv
“Media forum” saytı “Qarabağın işğalına son qoyulmayınca Türkiyə-Ermənistan sərhədinin açilmayacağına inanmaq olarmı” sualıyla mayın 14-dən keçirdiyi internet sorğusunu başa çatdırıb. Sayt mart ayının sonlarında da oxşar sorğu keçirmişdi. O zaman oxuculara belə bir sual ünvanlanmışdı: Dağlıq Qarabağ münaqişəsi həll olunmamış Türkiyə Ermənistanla sərhədi açacaqmı? Sorğuda səs verənlərin 67,29 %-i “açacaq”, 23,83 %-i “açmayacaq”, 8,88 %-i “bilmirəm” demişdi. Mövzuya qayıdışda məqsəd Azərbaycana səfər edən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın mayın 13-də keçirdiyi görüşlər və verdiyi bəyanatlar fonunda oxucuların məsələyə münasibətində nə dəyişiklik yarandığını aşkara çıxarmaq idi. Xatırladaq ki, Milli Məclisdəki çıxışında Ərdoğan belə demişdi: “Türkiyə-Ermənistan sərhədi o zaman bağlanıb ki, Ermənistan Dağlıq Qarabağı tamamən işğal edib. Yəni bu ortadan qalxdığı zaman sərhədlər açılacaq. Biz azərbaycanlı qardaşlarımızla razılaşmadan addım ata bilmərik. Bunlar bir-biri ilə bağlantılıdır. Ayrı şey düşünülə bilməz”. Baş nazir prezident İlham Əliyevlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada da sərhəd məsələsinə toxunmuşdu: “Qarabağa yönəlik spekulyasiyaları qəbul etməmiz mümkün deyil. Qarabağ bir səbəbdir. Ora işğal edildiyi üçün sərhədlər bağlıdır. İşğala son qoyulmadan sərhədlərin açılması mümkünsüzdür”. “Qarabağın işğalına son qoyulmayınca Türkiyə-Ermənistan sərhədinin açılmayacağına inanmaq olarmı” sualıyla keçirilən internet sorğusunda oxuculara bu cavab variantlarından birini seçmək təklif olunmuşdu. Ümumən 196 dəfə səs verilmiş sorğunun nəticələri belə olub: “xeyr” - 47.45%, “bəli” - 43.88%, “bilmirəm” - 8.67%. «Media forum» saytı səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirir. Sayt xüsusi qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər. «Media forum» saytı diqqətə çatdırır ki, bu sorğu nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadə edilməsi yolverilməzdir. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar