SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ, AZƏRBAYCAN RESPUBLİKASI İLƏ ƏLAQƏLƏRDƏN və TÜRK DİLİ İLƏ BAĞLI VƏZİYYƏTDƏN DANIŞIB

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ, AZƏRBAYCAN RESPUBLİKASI İLƏ ƏLAQƏLƏRDƏN və TÜRK DİLİ İLƏ BAĞLI VƏZİYYƏTDƏN DANIŞIB

Gunaz.tv
Mirhüseyn Musəvi İran İslam Respublikası prezidentliyinə namizəd, milliyyətcə azərbaycanlı Mirhüseyn Musəvi hazırkı dövlət başçısı Mahmud Əhmədinejadı kəskin tənqid edib. mayın 19-da Zəncan şəhərində universitet tələbələri qarşısında çıxış edən M.Musəvi ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu deyib: “Təəssüflər olsun ki, biz başqa ölkələrin iqtisadiyyatını canlandırıb öz bazarlarımızı onlara bağışlamışıq. Hökumətin şəffaf pul siyasəti olmalı, bu siyasət kəskin inflyasiyaya gətirib çıxaran nağd pul kütləsinin artımına imkan verməməli və milli iqtisadiyyatı dəstəkləməlidir”. M.Musəvi M.Əhmədinejadın dünya müsəlmanlarının himayəsi ilə bağlı siyasətini də pisləyib: “Bizdə vahid və sabit bir sistem yoxdur, xarici siyasətimiz ziddiyyətlə doludur. Məsələn, biz Venesuela ilə çox güclü əlaqələr qurduğumuz halda öz qonşuluğumuzda olan Qafqaz bölgəsinə, Azərbaycan Respublikasına, Mərkəzi Asiya ölkələrinə və başqa qonşularımıza əhəmiyyət vermirik. Hesab edirəm ki, gələcəkdə bir sıra xarici əlaqələrimizi yenidən qurmalıyıq”. Qadınlara qarşı ayrı-seçkiliyə və gender bərabərliyi uğrunda dinc mübarizə aparan “1 milyon imza” kampaniyasının üzvlərinə qarşı zorakılıqlara son qoymağa çağıran M.Musəvi ölkədə Azərbaycan dilinin durumuna da münasibət bildirib: “Dil dəyərlərimizi və miflərimizi yaşadan canlı varlıqdır, onunla zorakı davranmaq olmaz. Türk dili də böyük ədəbiyyatı olan, canlı bir dildir. Mən ölkədə müxtəlif dillərin və mədəniyyətlərin hüquqları haqda konstitusiya qaydalarının icra olunmasına tərəfdaram. Mən türk dilində yazıb-oxumaqda və bu dildə təhsil almaqda nəinki bir təhqir görmürəm, əksinə, bu dildən həzz alıram”. M.Musəvi azərbaycanlıların həmişə ölkənin qayğısına qaldığını vurğulayıb: “Biz azərbaycanlılar ölkə üçün təhlükə yaranan zaman həmişə hamıdan əvvəl ayağa qalxıb onu qorumuşuq. İndi də öz həmyerlilərimlə görüşəndə mən bu xüsusiyyəti hiss edirəm”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Konstitusiyaya Nəzarət Şurası prezidentliyə iddia edənlərdən dördünün namizədliyini təsdiqləyib: hazırkı prezident Mahmud Əhmədinejad, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar