SON XƏBƏRLƏR

Prezident bağın ortasına qoyulan müqəvvadır. (müsahibə)

2021.10.20, 07:36
Prezident bağın ortasına qoyulan müqəvvadır. (müsahibə)

Gunaz.tv
Babək Azəri: “Əhmədinecadla Xatəminin fərqi Pepsikola ilə Koka-kolanın fərqi kimi bir şeydir” Qonşu ölkədə keçrilən prezident seçkiləri ilə bağlı suallarımızı İsveçrədə yaşayan həmyerlimiz, tanınmış hüquqşünas Babək Azəriyə ünvanladıq. “Seçki qutusuna boş vərəqi də atsan Əhmədinecadın adı çıxacaq” - Bü günümüzün aktual mövzularından biri İrandakı prezident seçkiləridir. Bununla bağlı tez-tez sizin mətbuatda müxtəlif səpkili yazılarınız dərc olunur. Elə bu səbəbə görə də sizinlə daha ətraflı söhbətə ehtiyac duyduq. Mümkünsə deyin, siz bir Azərbaycanlı kimi bu seçkilərdən nə gözləyirsiniz? - İranda prezident seçkisi ancaq bir oyundur, ondan müsbət nəticə gözləməməliyik. Bəziləri zarafat üçün deyirlər ki, İran hakimiyyəti ilahi hakimiyyətdir və bunun sübutu üçün yetər ki, möcüzə sandıqlarına işarə edək. Möcüzə sandıqları deyəndə, səs salınan sandıqlar nəzərdə tutulur. Misal üçün, əgər ora bir milyon səs salınsa, sandıqdan çıxanda olur 10 milyon. Səs vermə vərəqini boş şəkildə də ora atsaq, yenə də bizim vərəqdə Əhmədinecadın adı yazılacaq. Bildiyiniz kimi, əməl ancaq əməl üçün deyil, əməl nəticəyə xatirdir. Səs verməyimizin təsiri olmadığı üçün bu seçkilərdən hansısa bir müsbət nəticə gözləmək məntiqə uyğun deyil. - Bəzi prezidentliyə namizədlər islahat vədləri verirlər… - Hər bir ölkədə prezident seçkilərini araşdıranda 3 əsas faktı nəzərə almalıyıq. 1-ci o ölkədə hakim olan siyasi sistemdir. Yəni, bunu diqqət mərkəzinə gətirməliyik. O siyasi sistem mahiyyət baxımından demokratik, ya qeyri-demokratikdir. 2-ci, qanun nöqteyi-nəzərindən prezidentin imkan və ixtiyarını araşdırmalıyıq. 3-cü prezidentliyə namizəd olanın platformasın nəzərə almalıyıq. İranda isə hakim olan siyasi sistem demokratik deyil. Onun anayasasının 115-ci maddəsində belə yazılıb ki, prezident gərək dini və siyasi ricalın arasından seçilə. “Rical” ərəb kəlməsidir, mənası “kişilər” deməkdir. Bu hesabla İranın anayasası prezident postu ilə bağlı cinsiyyəti şərt qoyur. Yəni, İranda qadınlar prezidentliyə namizəd ola bilməzlər və əməldə də olmurlar. Həmin maddədə var ki, prezident postuna seçilən şəxs, gərək İranın rəsmi məzhəbi olan islam dininin şiyə məzhəbinə inana. Burada da dini şərt qoyulub və bu da o, mənadadır ki, İranda yaşayan sünnülər, yəhudilər, ələvilər, xristianlar və s. prezident olmaq haqqından məhrumdurlar. Bunlardan da əlavə, 115-ci maddədə yazılıb ki, prezident gərək “müdəbbir” (çox tədbirli), “müdir” ola (idarə qabiliyyəti yüksək və keçmişi yaxşı olan). İranın anayasası Keşikçi Şurasına bu ixtiyarı verir ki, 115-ci maddəyə dayanıb, prezident namizədlərinin səlahiyyətini təyin edə. Əməldə Keşikçi Şurası 115-ci maddəyə istinad etməklə namizədləri filtrdən keçirib və öz istədiyi namizədlərə seçilmək üçün imkan yaradırlar. Bu isə İranda insanları seçmək və seçilmək haqqından məhrum edir. İcazə verin, bu yerdə bir misal çəkim. Fərz edin, mən istəyirəm DAK təşkilatının namizədinə səs verəm. Amma bildiyiniz kimi, DAK-ın fəaliyyətinə İranda qadağa qoyulub, DAK-ın təmsilçisi prezidentlik postuna namizəd ola bilməz, yəni, o seçilmək haqqından məhrumdur, mən də ona səs vermək istədiyim üçün, səs vermək haqqından məhrum oluram. İkinci mərhələdə, qanun nöqteyi-nəzərindən prezidentin imkan və ixtiyarını nəzərə almalıyıq. İranın anayasasının 113-cü maddəsi təyin edir, prezidentin əsas vəzifəsi İranın anayasasını icra etməkdir. İranın anayasası isə siyasi qüdrəti verir dini rəhbərə, Xibraqan Məclisinə, Məsləhət Şurasına və Keşikçi Şurasına. Onlarda belə bir ixtiyar var ki, İranın Məclisində təsdiqlənən qanunlara və hətta prezident alan qərarlara qarşı veto qoya. Bu hesabla demək olar ki, İranda prezident bir xasiyyətsiz görüntüdür. Onu müqayisə etmək olar üzüm bağında quşları qorxutmaq üçün bağın ortasına qoyulan müqəvvə ilə. Elə bu səbəbə görəydi, Məhəmməd Xatəmi islahat şüarı ilə iki dövr İranda prezident olmuşdu, amma əməldə heç bir davamlı islahatı olmamışdı. O, bu mövzu ilə əlaqədar açıqlama vermişdi ki, İranda prezident tədarükçüdür, ondan çox şey gözləməyin. Üçüncü mərhələdə, prezidentliyə namizədlərin platforması yer alır. Amma mən sizdən soruşuram, bir yerdə ki, hakim olan siyasi sistem demokratik deyil, yəni seçkilər düzgün formada həyata keçmir, bir yerdə ki, qanun nöqteyi nəzərindən əgər prezident islahat apara bilmirsə, belə olan bir vəziyyətdə namizədin platforması nə olursa olsun, onun icrasına zəmanət yoxdur. Mənim dediklərim ancaq söz deyil, bütün bunlar əməldə İranda dəfələrlə təcrübə olunub. “Kütləvi narazılığı kütləvi etirazlara çevirmək fürsətimiz var” - Belə olan bir vəziyyətdə, İranda islahat necə mümkün ola bilər? - Tam təcrübələr nişan verir, o, ölkələrdə ki, istibdad hakimdir, orada ancaq o zaman islahat mümkündür ki, kütləvi etirazlar ola. Bu gün Güney Azərbaycanda mərkəzi hökumətə qarşı kütləvi narazılıq var və Azərbaycanlılar 2006-cı ilin may ayında Güney Azərbaycanın kəndlərində, şəhərlərində kütləvi formada etiraz aksiyası keçirib, öz narazılıqlarını çox açıq şəkildə büruzə verdilər. İranda prezident seçkilərini boykot etməklə kütləvi narazılığı kütləvi etirazlara çevirmək fürsətimiz var. - Bu fikir Güney Azərbaycanda dəstəklənir? - Təəssüflə deyirəm ki, İranda seçki oyunu ilə bağlı bizim içimizdə çox zidyyətli münasibətlər var. Bəzi milli fəallar demokrat firqəsinin havadarları adından bildiriş yayaraq millətdən Mirhüseyin Musəviyə səs verməyi istəyiblər. O biri tərfədən bəzi milli fəallar Əkbər Ələminin namizədliyini müdafiə edirlər. Bu gün Güney Azərbaycanda milli faəlların arasında koordinasiya yaradan xüsusi şura yaranıb və onlar heç bir namizədi himayət etmədən, ancaq müəyyən tələblər ortaya qoyublar. Bunlardan da əlavə, bəzi milli fəallar və bəzi təşkilatlar, o cümlədən İstiqlal Partiyası və Güney Azərbaycanın Milli Dirəniş Təşkilatı prezident seçkisini boykot ediblər. Bildiyiniz kimi, boykot o zaman nəticə verir ki, çoxluq onu himayə edə və boykot məsələsi daxildə və xaricdə diqqəti özünə çəkə. Təəssüf ki, Güney Azərbaycanda belə bir vəziyyət yoxdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, seçkidən 6-7 ay öncə bizim içimizdə seçkilərlə bağlı ciddi müzakirələr başlamamışdı. “Əkbər Ələmi 30 il İran reciminin xidmətində olub, hələ də bu xidmətləri ilə fəxir edir” - Bəzi milli fəallar Əkbər Ələmini dəstəkləyirlər və onun adı Azərbaycanlılar arasında daha çox hallanır. Sizin bu şəxsə münasibətiniz necədir? Siz ondan nə gözləyirsiniz? - Bildiyiniz kimi, Əkbər Ələmi 30 il İran reciminin xidmətində olub, hələ də bu xidmətləri ilə fəxir edir və deyir ki, həyat yoldaşı ilə evlənəndə onların kəbinin Ayətullah Xumeyni kəsib. O, fəxir edir ki, sipah, yəni, İran islam inqilabını qoruyan ordunun təsisçisi olub. Bildiyimiz kimi, son 30 ildə sipah İranda siyasi müxalifləri vəhşicəsinə əzməkdə çox əhəmiyyətli rol oynayıb. Əlbəttə, insan dəyişilə bilər, amma insanın keçmişi dəyişməz. Siyasət sahəsində siyasi etibarın çoxu fərdin keçmişindən asılıdır. Əgər bir fərd düzgün mənada dəyişilibsə, keçmişi ilə fəxir etmək yerinə, keçmişdəki kimliyini etiraf edib, ona tənqidi yanaşmalı, səhvini dərk etməlidir. Əkbər Ələmi cənabları isə keçmişi ilə fəxr edir və eyni halda Azərbaycanlıların səsi ilə prezident seçilmək istəyi var. Ələmidən öncə bəzi fərdlər İran recimin xidmətində olsalar da, onlar dəyişilib və birinci işləri recimin daxilində olan gizli informasiyaları kütləyə çatdırmaq olub. Bununla bağlı Abbas Palizdar, Hikməthullah Təbərzədi, Əkbər Gənci və s. adların çəkmək olar. Onlar yaydıqları informasiyaya görə, həbsə, işgəncəyə məruz qalıblar və işlərindən xaric olublar. Yaxşı olar, Əkbər Ələmi də prezident olma fikrindən vaz keçib, onun yerinə İran reciminin iç üzünü ifşa edə. Axı, o, 30 il recimin ən yaxşı, sadiq xidmətçisi olub və elə bu səbəbə görə də, onun bütün iç üzünə yaxşı bələddir. Keşikçi Şurasının onun səlahiyyətini rədd etmə ehtimalı çoxdur. Digər tərəfdən əgər onun səlahiyyəti təsdiqlənsə də, biz gedib ona səs versək də, möcüzə sandıqlarından Əhmədinecad və ya recimin istədiyi hansısa bir fərd çıxacaq. “Məhəmməd Xatəmi iç üzünü göstərdi” - Siz Xatəmi ilə Əhmədinecad arasında heç bir fərq qoymursunuz? Xatəmi zamanında vəziyyət bir balaca olsa da, indikindən yaxşı deyildimi? - Mən Əhmədinecad ilə Xatəminin arasında çox ciddi fərqlər görmürəm. Fərq olsa da, Pepsikola ilə Koka-kola fərqi kimi bir şeydir. Polis idarəsində çox vaxt müttəhimdən iki müstəntiq istintaq aparar. Birisi özünü çox mehriban, yumuşaq göstərər, belə görünər ki, o, müttəhimi düşünür və ona yardım etmək fikri var. Amma, o biri müstəntiq müttəhimlə çox sərt, kəskin danışar. Onların ikisinin də bir hədəfi var, o da müttəhimdən informasiya almaqdır, amma müxtəlif metodlarla. Əhmədinecad və ya Xatəmi, hər ikisinin də əsas vəzifəsi indiki hakimiyyəti qoruyub, saxlamaqdır. Xatəmi Əhmədinecaddan da pisdir. Çünki, o, prezident olan zaman bir balaca siyasi şərait yaxşılaşıb və bundan istifadə edən milli hərəkatımıza mənsub olan təşkilatçılar, ideoloqlar və hərəkatı maliyyələşdirənlər ortaya çıxıb, özlərini büruzə veriblər və istifadə edən recim, onların adlarını ETTELAAT-ın siyahısına salıb. Bundan sonra onlara qarşı hücumlar olub, nəticədə onların çoxu uzun həbslərə məhkum olub, işgəncə altında əlil olub, ya da qonşu ölkələrə qaçıb və çox ağır durumda yaşayırlar. Bir neçə gün bundan qabaq Məhəmməd Xatəmi azərbaycanlılarla bağlı iç üzünü göstərdi. O, bir qonaqlıqda zarafatla bir dini lətifə söyləyir və bu lətifə ilə azərbaycanlıların anlamaz olduğunu ortaya qoyur. O, belə deyir ki, bir ərdəbilli deyirmiş ki, Həzrəti Zəhra ər evinə gedəndə, yəni, o zaman ki, İmam Hüseyni, İman Həsəni doğmamışdı, onun qabağında Həzrəti Məhəmməd gedirmiş, sağ tərəfində İmam Hüseyin, sol tərəfində İman Həsən, arxasında da Həzrəti Xədicə sinəsinə vurub, İmam Hüseynin məzlumiyyətindən deyirmiş. Xatəmi bunu tərifləyəndə məclisdə olanlar və həmçinin özü də ucadan qəh-qəhə çəkib gülürdülər. Məlumat üçün qeyd edirəm, Xatəminin bu filmi geniş yayılıb, hətta www.youtube.com da da var. Arzu xanım, sonda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, siz sualınızda işarə etdiniz, Xatəmi zamanında vəziyyət bir balaca da olsa, indikindən yaxşı idi. Mən deyirəm, bir balacalar nə qədər çox olsa da, bizim böyük dərdlərimizə dərman olası deyil. Unutmayaq ki, Azərbaycanın problemləri köklü problemlərdir. Azərbaycanlıları gülüş hədəfinə çevirənlər, onun dərdini düşünməyə qadir deyillər. Öz növbəmdə sizə təşəkkür edirəm ki, mənə “Azadlıq” qəzetinin dəyərli oxucuları ilə fikrimi paylaşmaq imkanı yaratdınız. Arzu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar