SON XƏBƏRLƏR

“Tamil pələnglərinə” qarşı hərbi əməliyyatlar

2021.10.20, 07:36
“Tamil pələnglərinə” qarşı hərbi əməliyyatlar

Gunaz.tv
Şri-Lankada 27 ildir davam edən vətəndaş müharibəsi separatçıların tam məğlubiyyəti ilə başa çatıb Dünən Şri-Lankanın hökumət qüvvələri əfsanəvi “Tamil-ilamın azadlıq pələngləri” adlı separatçı hərbi qruplaşma üzərində tam qələbə çalındığı haqda raport veriblər. “France Presse” agentliyinin məlumatına görə, Şri-Lanka ordusu 1983-cü ildən bu yana ilk dəfə ölkə ərazisinə tam nəzarəti ələ keçirib. Şri- Lankanın hökumət qoşunları bu ilin əvvəlindən “Tamil pələnglərinə” qarşı həlledici hərbi əməliyyatlara başlamışdı və separatçı yaraqlılar ölkənin ucqarlarına doğru sıxışdırılmışdı. Ötən həftə sonu isə hərbi əməliyyatlar son fazaya daxil olub. Meşəlik ərazilərdə mühasirəyə alınan yaraqlılar məğlubiyyətə yaxın olduqlarını etiraf ediblər və təslim olmamaq üçün bütünlüklə intihar edəcəklərini elan ediblər. Yaraqlıların təslim olmaq üçün danışıqlara başlamaq cəhdi də baş tutmayıb. Bazar günü döyüşlər zamanı “Tamil pələngləri” qruplaşmasının lideri Velipullay Prabxakaran öldürülüb. O, təcili yardım maşınında hökumət qoşunlarından qaçmaq istəyən zaman məhv edilib. Onunla bir yerdə “pələnglərin” dəniz qüvvələrinin komandanı və kəşfiyyat rəisi də öldürülüb. Qeyd edək ki, bundan əvvəl qruplaşmanın daha 4 liderinin, o cümlədən Prabxakaranın oğlunun öldürüldüyü barədə məlumat verilmişdi. “Tamil pələngləri” hərəkatı 1976-cı ildə yaradılıb, məqsədi Şri- Lankanın şimalında müstəqil tamil dövləti qurmaq olub. 1983-cü ildən bu yana təşkilat silahlanaraq hökumət qüvvələrinə qarşı döyüşür. Şri- Lankanın şimal əraziləri isə neçə vaxtdır “pələnglərin” nəzarətində idi. “Tamil pələngləri” sıradan terrorçu təşkilat olmayıb müstəqil hərbi dəniz donanmasına və hava qüvvələrinə, habelə kəşfiyyat strukturuna malik qruplaşma idi. Lakin ötən il “pələnglərin” donanmasının və aviasiyasının böyük hissəsi məhv edilib, sonra hərəkatın cəmi 270 yaraqlısı qalıb və onlar da son döyüşlərdə məhv edilib. 27 ildir davam edən münaqişə zamanı 70 mindən çox adam həlak olub, 200 mindən çox dinc sakin qaçqın düşüb. Son bir sutka ərzində ağır texnikadan və aviasiyadan da istifadə olunduğu döyüşlər zamanı isə 3 mindən çox adam həlak olub, 25 min adam ağır yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar