SON XƏBƏRLƏR

OBAMA-NETANYAHU DANIŞIQLARI GƏRGİN KEÇİB

2021.10.20, 07:36
OBAMA-NETANYAHU DANIŞIQLARI GƏRGİN KEÇİB

Gunaz.tv
ABŞ prezidenti İsrail baş nazirini müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırsa da, ondan dumanlı cavab alıb ABŞ prezidenti Barak Obama Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Danışıqların diqqət mərkəzində İsrail-Fələstin sülh prosesi və İranın nüvə proqramı olub. Bu, vəzifəsinin icrasına başlayandan sonra Netanyahunun ABŞ prezidenti ilə ilk görüşüdür. İsrailin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Uzi Arad görüşdən öncə bildirmişdi ki, cənab Netanyahu əsas diqqəti İranın nüvə proqramının qarşısının alınması məsələsinə yönəldəcək. İsrail İranı mövcudluğuna təhlükə hesab edir. Prezident Obama bildirib ki, o, beynəlxalq normaları qəbul etmək üçün İrana vaxt vermək istəyir. İsrail rəsmiləri isə deyirlər ki, İrana yalnız məhdud vaxt verilməli və əgər İran şərtləri qəbul etməsə, ona qarşı daha ciddi sanksiyalar tətbiq olunmalıdır. Danışıqlar zamanı İsrail və onun ərəb qonşuları ilə sülh perspektivləri də müzakirə olunub. Cənab Obama bildirib ki, İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həlli onun Yaxın Şərqdə sülhə nail olmaq səylərinin mərkəzində durur. Netanyahu bundan öncə bildirmişdi ki, İsrail-Fələstin sülh danışıqlarında əsas diqqət Fələstin dövlətinin yaradılması deyil, iqtisadi yardım və təhlükəsizlik məsələlərinə yönəlməlidir. Xəbərlərə görə, Ağ Evdə aparılan danışıqlar zamanı Obama Netanyahudan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyi istəyib. Lakin İsrail baş naziri bu məsələyə dumanlı reaksiya verib. Obama həmçinin Netanyahudan tələb edib ki, İsrail İordan çayının Qərb sahillərində yəhudi yaşayış məskənlərinin salınmasına son qoymalıdır. Bu tələbə də qarşı tərəfin müsbət reaksiyası olmayıb. ABŞ prezidenti deyib ki, Fələstin-İsrail münaqişəsi «iki dövlət-iki xalq» prinsipi ilə nizamlanmalıdır və bu, hər iki tərəfin maraqlarına uyğundur. Lakin Netanyahu deyib ki, Fələstin tərəfi ilə danışıqları bərpa etməyə hazırdır, ancaq hər hansı anlaşmanın imzalanması fələstinlilərin müstəqil İsrail dövlətini tanımasından sonra baş tuta bilər. İsrail baş naziri həmçinin ölkəsinin İranın nüvə təhlükəsinə qarşı özünü qorumaq hüququna malik olduğunu deyib. ABŞ narahatdır ki, İsrail gözlənilmədən İranın nüvə obyektlərinə hava zərbələri endirə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar