SON XƏBƏRLƏR

Hakimiyyət kimi istəse. O da prezident olacaq

2021.10.20, 07:36
Hakimiyyət kimi istəse. O da prezident olacaq

Gunaz.tv
Bunu Nəzarət Şurasının "süzgəc"i də təsdiqləyir S.SƏDRƏDDİN Bu həftənin əvvəlində İranda prezidentliyə namizədlərin qeydə alınması mərhələsi başa çatdı. İran Daxili İşlər Nazirliyi yanında Seçki Komissiyasının başçısı Kamran Daneşcu öncə bildirmişdi ki, bu siyasi kampaniya mayın 22-də başlayacaq və 20 gün davam edəcək. İddiaçıların qeydiyyatı 4 gün, mayın 5-dən 9-dək sürüb. Bundan sonra Nəzarət Şurası namizədləri "süzgəc"dən keçirəcək. "Layiq görülənlər"in adı mayın 20-də açıqlanacaq. Prezidentliyə namizəd şiə, ali təhsilli olmalı, yaşı 40-dan az, 75-dən isə çox olmamalıdır. Həmin qanunda qadınların iştirakına yasaq qoyulmasa da, 2005-ci ildə keçirilmiş bu siyasi kampaniya zamanı 89 qadın namizədliyini irəli sürsə də, onlar qeydiyyata alınmaqdan imtina edilmişdi. Bundan başqa, 1014-nəfər namizəd olmaq üçün qeydiyyatdan keçmişdi. Nəzarət Şurası onların ancaq 7-sini prezidentliyə namizəd kimi təsdiqləmişdi. Bu il isə 475 vətəndaş namizəd olmaq üçün sənədlərini təsdiqə verib. Onların 42-si qadındır. Ən gənc iddiaçı 19 yaşında, ən yaşlısı isə 86 yaşındadır. NAMİZƏDLİYƏ NAMİZƏDLƏRİN QEYDİYYATI BAŞLAYIB Ötən həftə tanınmışlardan - parlamentin keçmiş sədri, İran Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi, keçmiş və sonuncu baş nazir Mirhüseyn Musəvi, inqilab keşikçiləri qvardiyasının keçmiş komandanı, keçmiş prezident Rəfsəncaninin sədr olduğu məsləhət şurasının katibi Möhsün Rzai, keçmiş deputat Əkbər Ələmi, habelə indiki prezident Mahmud Əhmədinijat artıq rəsmi şəkildə öz namizədliklərini irəli sürüblər. İranın "presstv" saytının məlumatına görə, Mahmud Əhmədinijat və Möhsün Rzainin də namizədliyi qeydə alınıb. Əhmədinijatın köməkçisi Ələkbər Cavanfikir deyib ki, indiki prezident öz qarşısına qoyduğu vəzifələri gerçəkləşdirməkdən ötrü ikinci müddətə də hökumət başında durmalıdır. Mənbənin bildirdiyinə görə, 170 nəfər qeydə alınıb. Rəsmi açıqlamalara görə, ölkədə 46,2 milyon səsvermə hüququ olan var. İSNA-nın məlumatına əsasən, Mərkəzi Seçki Komissiyasının başçısı Kamran Daneşcu bildirib ki, prezident seçkisində 386 seçki dairəsi fəaliyyət göstərəcək. Daneşcu əlavə edib ki, namizədlər mayın 22-dən iyunun 10-a qədər təbliğat kampaniyası apara bilər: "İyunun 11-də seçkiöncəsi kampaniya başa çatacaq. Səsvermə üçün 10 saat vaxt ayrılıb. Bununla belə, gərəkli olarsa, bu müddət artırılacaq". İran İslam Respublikası Dini Ekspertlər və Məsləhət şuralarının sədri, keçmiş prezident Ələkbər Haşimi-Rəfsəncani bu günlərdə cümə xütbəsindəki çıxışında 10-cu prezident seçkisinin əhəmiyyətindən danışıb. "Baybak"ın məlumatına görə, Rəfsəncani 40 milyondan çox seçicinin olduğuna işarə edərək onların hamısının səsverməsini arzulayıb. "İndi hakimiyyətin əvvəlki illərdən daha çox səs almağa ehtiyacı var. Dünyada hakimiyyətin legitimliyi üçün seçkidə iştirak vacib və gərəklidir". Mənbənin məlumatına əsasən, Rəfsəncani açıqcasına seçkilərin yalan olduğuna və yeni prezidentin seçilməsinə toxunaraq deyib ki, hətta səs verilməyəcəyi halda da, bir nəfərin adı sandıqdan çıxacaq. Buna düzəliş edən keçmiş hökumət başçısı dediklərini belə izah edib ki, çox az seçici səs versə belə, bir nəfər seçiləcək. Xatırladaq ki, İranda prezident seçkisinə namizəd kimi qatılacaq namizədlərin qeydiyyat tarixi martın sonunda elan edilib. Ehtimal olunur ki, 15 yaşlı yeniyetmələrin də səsindən istifadə ediləcək. Çünki rejim təmsilçiləri indidən islam dininə əsaslanaraq, bildirirlər ki, 16 yaşında olanları yetkin saymaq olar. Bu oyunda hakimiyyət öz namizədinə legitimlik qazandırmaq üçün 15 yaşlıların səsinə hüquqi don geyindirmək istəyir. Hələ ötən il hakimiyyət məclisə müraciət edərək seçicilərin yaşının 15-dək azaldılmasını istəmişdi. SORĞU ƏHMƏDİNİJATI "ÖNƏ ÇIXARIR" İranın Mədəniyyət və İslam İrşad Nazirliyi yanında fəaliyyət göstərən ictimai rəyin araşdırılması mərkəzinin apardığı "Prezident seçkisi bu gün keçirilsəydi, kimə səs verərdiniz" sualının yer aldığı sorğunun nəticələrinə əsasən, respondentlərin - 36,8 faizi Mahmud Əhmədinijata, 28,4 faizi Məhəmməd Xatəmiyə, 11,8 faizi Mirhüseyn Musəviyə, 2,3 faizi isə Mehdi Kərrubiyə səs verəcəyini bildirib. Məhəmməd Xatəmi seçkiyə qatılmayacağını elan edərək seçicilərini Musəviyə səs verməyə çağırıb. Bu baxımdan onun səslərinin Mirhüseyn Musəviyə veriləcəyini ehtimal etsək, nəzəri cəhətdən keçmiş baş nazirin qalib gələcəyi ehtimalının daha artıq olduğunu söyləmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, hələ bir neçə ay öncə ölkənin ali rəhbəri ayətulla Xamneyi Əhmədinijatın daha bir müddət işləməyə "hazırlaşmasını istəmişdi". Bu isə perspektivdə Əhmədinijatın yenidən bu postda qalma ehtimalını artırır. Hakimiyyətin ən üst qatından ona dəstək verildiyini bilən Əhmədinijat qərargah komitəsinin sədri, prezidentin keçmiş müşaviri S.Haşimi əsasən ərəblərin yaşadığı Əhvazda keçirdiyi mətbuat konfransında deyib: "Prezident Mahmud Əhmədinijat prezidentliyə namizədlərin hər biri ilə teledebatlar keçirməyə hazırdır". Qeyd edək ki, Seyid Müctəba Samara-Haşimi bu ilin aprelində müşavir vəzifəsindən getmək istəyi ilə bağlı ərizə yazmışdı. Müşavirlikdən gedəndən sonra bu komitəyə başçılıq edir. HƏRƏKAT TƏƏSSÜBKEŞLƏRİ "BOYKOT" DEYİR Heç kəsə sirr deyil ki, 46,2 milyon seçicinin az qala yarısı Azərbaycan türküdür. Bu baxımdan hakimiyyət azərbaycanlıların seçkiyə qatılmayacağından ehtiyat edir. Paniranizm və panfarsçılıq ideologiyasının təməl prinsipi fars mərkəzli düşüncə sistemi sayılır. İndiki teokratik hakimiyyətin siyasi ideologiyasının əsasında isə fars-şiə mərkəzli düşüncə durur. Buna alternativ olaraq Azərbaycan Milli Hərəkatının ideoloqları Azərbaycan mərkəzli türk düşüncə sistemini siyasi müstəviyə çıxarıb. Bu baxımdan İranda keçirilən siyasi kampaniyaların Azərbaycan türklərinin həyatının bütün sahələrinə təsirinin olmayacağı istisna edilmir. Ötən 30 ildə bir dəyişiklik olmayıbsa, Tehranda bir-birini əvəzləyən, hakimiyyət təmsilçilərinin müdafiə etdiyi şəxslərin prezident və ya deputat kreslosunda oturması güney azərbaycanlının milli haqqının təmin olunması açısından təsirsiz ötüşəcəyi də nəzərdən qaçmayan amillərdəndir. Elə ona görə də milli hərəkatın təəssübkeşləri iyunun 12-də keçiriləcəyi gözlənilən prezident seçkisinin boykot edilməsi təklifi ilə çıxış edir. Hərəkat təəssübkeşləri bu kimi siyasi kampaniyaya belə münasibət bildirir: "Ata-baba torpaqlarımızı işğal edərək "İran" adı verilmiş və türk millətini əsir saxlayaraq "iranlı" adı altında assimilyasiya edən bir ölkədə Güney Azərbaycan türklərini yenə də siyasi oyunlara çəkirlər. Bu dəfə prezident seçkisi ilə aldatmağa çalışırlar. Fars mərkəzli düşüncə sistemli İran hakimiyyəti sözdə azadlıq mühiti yaratmaqdan ötrü siyasət adı altında hiyləgərliklə bir çox güney azərbaycanlını aldatmağa başlayıb. Özlərini millətsevər kimi aparanların maskası yırtılıb. Belələri indi İranın bütünlüyünə inandıqlarını açıq-aşkar ortaya qoymaqdadırlar. Təəssüflər olsun ki, onlar Güney Azərbaycana deyil, daha çox İrana inanmaqdadırlar. Həmin insanlar Tehrandakı ağalarının hakimiyyətdə qalması üçün çalışır, onların iqtidarının ömrünü uzadır". Fikir müəlliflərinin düşüncəsinə görə, İran hakimiyyətinin siyasi sistemini təşkil edən siyasi kampaniyalara qatılmaq Güney Azərbaycan türkünü düşmənə təslim etmək deməkdir: "İrandakı terrorçu rejimin Güneydəki əlləri millətsevərlərin boynuna ip keçirməklə Azərbaycan Milli Hərəkatının hədəflərinə doğru irəliləməsini əngəlləyir. İran hakimiyyətinin hərəkatdakı adamları prezident seçkisində rejimi təmsil edən namizədlərin dəstəklənməsini təbliğ etməklə hərəkatımızı parçalamağa, onu yolundan sapdırmağa cəhd göstərirlər... İranın bütünlüyünə inananlar və bu hakimiyyətə yarınanlar Güney Azərbaycanının bu gününə və gələcəyinə xəyanət edir. Ey varlığı talanmış Güney Azərbaycan türkü, 87 il Səni talayan bir sistemin işinə qarışma, səs vermə, düşmənə inanma!" Moskva bir sıra məsələlərdə uduş əldə etmək üçün Quzey Azərbaycanla Ermənistanı "yarışdırmaq" istəyirdi. Bu proses indi də davam etməkdədir. Bu praktikadan yararlanan Tehran hakimiyyəti də qarşıdan gələn prezident seçkisinə Azərbaycan türklərinin laqeydliyini başa düşdüyündən bu kampaniyada "kürd kartı"ndan yararlanmaq niyyətindədir. 2004-cü ildə keçirilən parlament seçkiqabağı təbliğat kampaniyası zamanı kürd siyasətçilər hakimiyyətdə daha çox təmsil olmaq istədiklərini, habelə milli haqlarının təmin olunmasını tələb etdiklərini gizlətmirdilər... NAMİZƏDLİYƏ İDDİAÇI İKİ TÜRK "Baybak"ın məlumatına görə, prezident seçkisi öncəsi kürd icması adından toplantılar keçirilir. Onlar panirançılar və panfarsçıların dediyi kimi, "İran milləti"nin deyil, mənsub olduqları etnik qrupun maraqlarından çıxış edəcəklərini bildirirlər. Xəbərə əsasən, artıq onlar 4 rəsmi və 16 rəsmi olmayan görüş keçiriblər. Namizədliyə iddiaçı türk Əkbər Ələmi Azərbaycan türklərinin haqlarından danışsa da, "İran milləti" ifadəsindən daha çox istifadə edir. Ötən həftə onun da namizədliyə iddialı olduğu rəsmi şəkildə qeydə alınıb. O, qeydiyyat getdiyi günlərdə verdiyi açıqlamada ölkədəki özbaşınalığın yolverilməzliyini və qəbuledilməzliyini vurğulayıb. Əkbər Ələmi namizədlərin qeydiyyata alınması prosedurunu "özbaşınalıq" sayıb. Çünki bu sayaq qeydəalınma qaydası İranda keçirilən seçkilərin hamısının qeyri-demokratik olduğunun göstəricisidir. Ələmi namizədliyin təsdiqlənməsinin bir komissiyadan deyil, "İran millətindən asılı" olduğunu söyləyib. Müşahidəçilər hesab edir ki, indiki şəraitə uyğun olaraq o, "İran millətləri" deməli idi. Urmiyada keçirdiyi görüş zamanı İranda hakimiyyətin xalqın iradəsinin ifadəçisi olduğunu inkar edərək deyib: "Ölkədə təslimçi mövqedən çıxış edənlər, boyun əyənlər hakimiyyətdə daha yüksək rütbələrə qalxırlar. Onlar yaxşı imkan və şəraitə yiyələnirlər". 2005-ci ildəki prezident seçkiləri öncəsi 70 milyonluq İranın 200 nəfərdən ibarət hakimiyyətin əlində girov olduğunu söyləmişdi. Əkbər Ələmi həmin sözlərini bir daha təkrarlayıb: "Ana Yasada vilayəti-fəqihin (ayətulla Xamneyinin tutduğu vəzifə - S.S.) səlahiyyətləri qeyd olunub. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, mütləq ixtiyara malik bu vəzifənin sahibi Allah deyil". O, mühafizəkar və islahatçı xəttə mənsub olan informasiya vasitələrinin ona diqqət ayırmasını vurğulayaraq namizədliyini Təbrizdən irəli sürdüyünü söyləyib: "Mən Məşrutə İnqilabında olduğu kimi, gerçək islahata Azərbaycandan başlamaq istəyirəm". Bundan sonra Ələmi fars olmayan etnik qruplarla yanaşı, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasından danışıb. QVARDİYAÇININ SABİQİ OLMUR Qeyd edək ki, keçmiş deputatın iqtisadiyyat, hüquq və beynəlxalq əlaqələr üzrə ali təhsili var. O, 1979-cu ilin fevral inqilabında fəallardan olub. İnqilabdan sonra İslam İnqilab Keşikçiləri Qvardiyasının Tehrandakı şöbəsinin mədəniyyət və siyasi işlər üzrə məsulu vəzifəsində çalışıb. Ölkə paytaxtındakı hava limanının mühafizə xidmətində işləyib. İran-İraq savaşında qvardiyanın əsas bazası sayılan yarımhərbi qurumun, "bəsic"in üzvü kimi 3 ilə yaxın döyüşüb. İran Daxili İşlər Nazirliyinin çeşidli idarələrində rəis müavini işləyib. 8 il jurnalistika ilə məşğul olub, iki dəfə isə İran parlamentinə seçilmişdir. İnqilabdan sonra sonuncu baş nazir olmuş Mirhüseyn Musəvi də hakimiyyətin təmsilçilərindən sayılır. Özünü milli hərəkata sırıyanlar bu siyasi kampaniyada Azərbaycan Milli Hökumətinə başçılıq etmiş Seyid Cəfər Pişəvərinin adından belə, istifadə edirlər. Xəbərlərə əsasən, Musəvinin seçki qərargahı elan edib ki, o, mayın 26-dan Azərbaycana səfərə çıxacaq. Müşahidəçilər bunu Musəvinin Azərbaycana xəyanəti kimi dəyərləndirirlər. Çünki 2006-cı il mayın 22-dən sonra "İran" qəzetində çap olunmuş materiala görə, məlum etiraz aksiyaları başladı. Bu etiraz çıxışları zamanı 20 nəfərdən çox aksiya iştirakçısı hakimiyyət tərəfindən qətlə yetirildi, yüzlərlə insan yaralandı. Çoxlu sayda etirazçı tutuldu. Habelə ötən müddət ərzində keçmiş baş nazir Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə bağlı çıxış etməyib. Beləliklə, hər iki türk Xomeyni inqilabının yetirməsi yaxud İslam İnqilab Keşikçiləri Qvardiyasının kadrıdır. Qvardiyaçının isə sabiqi olmur... /AYNA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar