SON XƏBƏRLƏR

Avropa kürdləri "Nabucco"ya qoşur

2021.10.20, 07:36
Avropa kürdləri "Nabucco"ya qoşur

Gunaz.tv
Avropalılarla ərəblər "Nabucco" layihəsinə kürdləri də qoşmaq istəyirlər. Belə ki, İraqın şimalındakı "Kürdüstan Muxtariyyəti"nin rəhbərliyi yaxın həftələr ərzində "Nabucco" layihəsi ilə bağlı müzakirələrə başlayacağını bildirib. Birləşmiş Ərəb Əmirliklərinin "Crescent Petroleum" və "Dana Gas" konsernləri, Macarıstanın MOL və Avstriyanın OMV korporasiyaları dünən "Kürdüstan Muxtariyyətinin paytaxtı" Ərbildə yerli kürd administrasiyasının rəhbəri Məsud Bərzani ilə danışıqlar aparıblar. Görüşdə bildirilib ki, sözügedən konsernlər "Nabucco" boru kəmərinin normal fəaliyyətini təmin etmək və Avropa Birliyinin təbii qaz təminatı ilə bağlı Rusiyadan asılılığını azaltmaq üçün Şimali İraqda yetərincə "mavi yanacaq" ehtiyatları var. Mərkəzi Avropanın ən böyük neft şirkəti olan OMV ilə Macarıstanın MOL korporasiyası "Kürdüstan Muxtariyyəti"nin təbii qaz şirkəti olaq KGC-in səhmlərinin 20%-ni satın almaq niyyətindədir. Dünən əldə etdiyimiz məlumatlara görə, Avropa və Qətər şirkətləri ilə aparılan danışıqlarda "Kürdüstan Muxtariyyəti"nin baş nazir mavini İmad Əhməd Seyfur ilə yanaşı nazirlərdən Bayiz Səid Mohəmməd Təlabani (maliyyə və iqtisadiyyat) Burhan Səid Sufi (nəqliyyat), İmad Əhməd Seyfur (inkişaf və yenidənqurma), Hoşyar Əbdül Rəhman Sivalli (inkişaf və yenidənqurma), Əşti Həvrami (təbii ehtiyatlar), Məhəmməd Rauf Məhəmməd (ticarət) və Vidad Xurşid Osman (sənaye) iştirak ediblər. Danışıqlarda qərara alınıb ki, OMV korporasiyası Birləşmiş Ərəb Əmirliklərinine "Dana Gas" şirkətinə malik olan "Pearl Petroleum"un səhmlərinin 10%-i, habelə "Crescent Petroleum"un İraqın şimalındakı yataqları, müəssisələri və layihələri üçün $350 milyon ödəyəcək. MOL isə öz səhmlərindən "Dana" və "Crescent"in hər birinə verdiyi 3% üçün "Real Petroleum"da 10%-lik paya yiyələnəcək. "Bu strateji əməkdaşlıq sayəsində MOL Avropa Birliyi ölkələrinin təbii qazla təminatını yaxşılaşdırmağa yönəlmiş "Nabucco" layihəsinin reallaşacağı günü daha da yaxınlaşdıracaq", - MOL korporasiyasının geoloji-kəşfiyyat və hasilat məsələləri üzrə vitse-prezidenti Zoltan Aldott bildirib. Ərbildə əldə edilmiş razılaşmalara görə, İraqın şimalında, "Kürdüstan Muxtariyyəti"nin nəzarətində olan ərazilərdəki "Zübeyr" və "Əl Həvali" yataqlar blokunda hasil ediləcək təbii qazın bir hissəsi boru kəməri ilə Türkiyəyə, oradan da Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya nəql olunacaq. Avropalılarla ərəblərin kürdlərlə imzaladıqları anlaşmaların ümumi məbləği $8 milyarda bərabərdir. Xatırladaq ki, dəyəri 7,9 milyard avro olan, Azərbaycan və Xəzər dənizi hövzəsindən təbii qazın Avropa Birliyinə nəql edilməsi nəzərdə tutulan "Nabucco" kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. 2014-cü ildə istifadəyə veriləcək kəmərlə ildə 31 milyard təbii qaz nəql olunacaq. Kəməri inşa edəcək "Nabucco Gas Pipeline İnternational" konsorsiumunda OMV (Avstriya), MOL (Macarıstan), "Bulgarqaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), BOTAŞ (Türkiyə) və RWE (Almaniya) korporasiyalarının hər biri 16,67%-lik paya malikdir. Kəmər layihəsi ilə bağlı işlərin 30%-ni konsorsium iştirakçıları ödəyəcək, 70%-i isə kreditlər hesabına əldə ediləcək. Di gəl, layihənin qaz təminatı ilə bağlı problemlər var. İlkin mərhələdə borunun Azərbaycanın "Şahdəniz" yatağının istismar layihəsinin II mərhələsi, habelə ölkəmizin Xəzər şelfindəki "azəri-Çıraq-Günəşli" yataqlar bloku hesabına doldurulması; kəmərlə ildə 31 milyard kubmetr "mavi yanacaq" nəql ediləndə isə təminatçı ölkələrə Türkmənistan, İran, İraq və Fars Körfəzi ölkələrinin qoşulması nəzərdə tutulurdu. Fəqət layihədə çox önəmli rol oynayan Azərbaycan mart ayının sonlarında iki yeni yataqdan Rusiyaya "mavi yanacaq"ın satılması ilə bağlı Rusiyanın "Qazprom" şirkəti ilə niyyət protokolu imzalayıb. "Qazprom"un Azərbaycandan satın alacağı qazın sonradan Avropa Birliyinə nəqli istisna olunmur. ARDNŞ imzalanmış memorandumu məcburi hüquqi sənəd adlandırmasa da, həmin anlaşma "Nabucco" layihəsini əməllicə ləngidə bilər. İrana gəldikdə isə, Tehranın borunu "mavi yanacaq"la doldurmağa hazır olması barədə dəfələrlə bəyanatlar verməsinə rəğmən, bu ölkəyə qarşı ciddi siyasi və iqtisadi sanksiyalar qüvvədədir. Bu arada İtaliyanın "Eni" energetika korporasiyasının prezidenti Paolo Skaroni "The Financial Times"ə verdiyi açıqlamasında "Nabucco"nun perspektivlərinə inanmadığını bildirib. "Potensial təbii qaz təminatçıları ilə bağlı problemləri nəzərə alsaq, "Nabucco" layihəsinin nə zamansa reallaşacağına çox dərin şübhələrim var. "Nabucco" yalnız o vaxt işə düşə bilər ki, həmin boru kəməri ilə Türkmənistan, Qazaxıstan, bəlkə də İrandan təbii qaz nəql olunsun. Məndə olan məlumatlara görəsə sadaladığım ölkələr "Nabucco"ya təbii qaz vermək niyyətində deyil", - Skaroni bildirib. "Eni" rəhbərinin bədbin açıqlamasının yaratdığı effekti aradan qaldırmaq üçünsə bu dəfə Avropa Komissiyasının Bakıdakı nümayəndəliyinin rəhbəri Alan Vaddams danışmalı olub. "Türkmənistan, Özbəkistan və Qazaxıstanın Praqa sammitində "Nabucco" ilə bağlı bəyanatı imzalamaqdan imtina etmələrinin Rusiyanın təzyiqlərinə əsaslanması barədə deyilənlər həqiqətə uyğun deyil. İş ondadır ki, Özbəkistan, Qazaxıstan və Türkmənistana "Nabucco" bəyannaməsinin mətni əvvəlcədən verilməmişdi. Bundan başqa, həmin ölkələrin Praqa sammitinə yolladıqları şəxslərin bəyannaməni imzalamaq səlahiyyətləri də yoxdu, - Vaddams bildirib. - Digər tərəfdən, dəqiq və konkret halda bildiririk ki, "Nabucco" kəməri Xəzər regionundakı təbii qazın nəqli üçün nəzərdə tutulub. Buna əsla şübhəm yoxdur. Hazırda "Nabucco"nu işə salmaq üçün Azərbaycanın təbii qaz ehtiyatları yetərincə olsa da, kəmərin uzunmüddətli fəaliyyətinə çatacaq səviyyədə deyil". Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar