SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ YOL XƏRİTƏSİNİN TALEYİNİ SANKT-PETERBURQ GÖRÜŞÜNƏ BAĞLAYIRLAR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ YOL XƏRİTƏSİNİN TALEYİNİ SANKT-PETERBURQ GÖRÜŞÜNƏ BAĞLAYIRLAR

Gunaz.tv
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan mayın 13-də Bakıda verdiyi mesajlarla konkret mövqe ortaya qoydu – Ermənistan işğal etdiyi torpaqlardan çəkilmədən və ya Azərbaycan hakimiyyətinin razılığı olmadan Ankara sərhədləri açmayacaq. Bu mövqe bir çox suallara və ən önəmlisi, əsas suala cavab verdi. Azərbaycanda səmimi şəkildə narahat olanların şübhəsini, narahatlığı, yayılan məlumatlardan istifadə edib Türkiyəyə qarşı kampaniya aparanların bəhanələri ortadan qalxdı. Amma geriyə bir sual qaldı və bu sual son günlər istər Azərbaycan, istər Türkiyə, istər də Ermənistan mətbuatında müzakirə olunmaqdadır – yol xəritəsi necə olacaq? Məlum olduğu kimi, aprelin 22-də Türkiyə, Ermənistan və İsveçrə Xarici İşlər nazirlikləri Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılmasına dair yol xəritəsinin razılaşdırıldığına dair birgə açıqlama yayıblar. Həmin məlumatda haqqında danışılan yol xəritəsinin detalları açıqlanmayıb, amma verilən şərhlərdən və həmin şərhlərə reaksiyalardan belə anlaşılır ki, Ankara ilə Yerevanın razılaşdırdığı sənəddə Dağlıq Qarabağ və saxta erməni soyqırımının tanınması şərtləri əksini tapmayıb. Yəni Ermənistan xarici siyasətinin əsas məsələsi olan “soyqırım”ın tanınmasını, Türkiyə isə Yerevanla münasibətlərin əsas şərtlərindən olan Dağlıq Qarabağdakı işğala son verilməsi paraqraflarda şərt olaraq göstərməyib. Amma yenə açıqlamalara istinad etsək, belə nəticə çıxarmaq mümkündür ki, hər iki tərəf özünün əsas şərtini sənəddə əks olunmasa da, həmin sənədin icrasının bağlayıcı şərti sayır. Xüsusilə Ərdoğanın iki dəfə öz ölkəsində, bir dəfə Londonda və nəhayət, dördüncü dəfə Bakıda ifadə etdiyi mövqe Türkiyənin yol xəritəsinin necə işləyəcəyinə dair mövqeyi ilə bağlı sual yeri buraxmır. Amma digər tərəfdən, yol xəritəsi fakt olaraq ortada durur. Bu durumda nə olacaq? “Media forum” saytı bu sualla türkiyəli ekspertlərə müraciət edib. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan hesab edir ki, yol xəritəsinin də, Türkiyə-Ermənistan münasibətlərinin də, Türkiyə-ABŞ münasibətlərinin də taleyi Azərbaycan və Ermənistan prezidentləri arasında iyunda keçiriləcək Sankt-Peterburq görüşündən asılıdır: “Bildiyiniz kimi, Praqa görüşündən önəmli nəticələr çıxmadı. İndi bütün ümidlər Sankt-Peterburq görüşünədir. Əgər həmin görüşdən ciddi nəticə çıxarsa, yol xəritəsində də, Ermənistanla, ABŞ-da münasibətlərdə də problem olmayacaq. Əks halda Türkiyə-Ermənistan, Türkiyə-ABŞ, hətta Türkiyə-Azərbaycan münasibətlərində də problem yaranacaq. Çünki bir tərəfdə yol xəritəsi, bir tərəfdə isə baş nazir Ərdoğanın ortaya qoyduğu konkret siyasət var. Bu siyasət də ondan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmədən sərhədlər açılmayacaq. Sankt-Peterburq görüşündə nəticənin olmaması yol xəritəsinin də işləməyəcəyi anlamına gəlir. Doğrudur, bir tərəfdə də prezident Abdulla Gülün başlatdığı və futbol diplomatiyası adlanan təşəbbüslər var. Prezidentin xarici siyasətə önəmli təsiri var. Bu baxımdan Gülün müəyyən cəhdləri ola bilər. Düzdür, bu cəhdlərin də sərhədlərin açılmasına qədər davam edəcəyini, buna aparıb çıxaracağını düşünmürəm, amma yenə də prezidentin başlatdığı təşəbbüsü davam etdirmək tərəfdarı olacağını düşünürəm”. S.Oğanın sözlərinə görə, həmin görüşün nəticəsi Türkiyə üçün yalnız “yol xəritəsi nə olacaq” sualına cavab baxımından önəmli deyil: “Bilirsiniz ki, yol xəritəsinin razılaşdırıldığına dair açıqlama aprelin 24-dən iki gün əvvəl yayımlandı. 24 aprel bitdi, amma iyun ayında ABŞ Konqresinə “soyqırım” layihəsinin təqdim olunacağı gözlənilir. Bu layihənin də qəbul olunma ehtimalı yüksəkdir. Türkiyə indi iki çıxılmaz arasındadır – bir tərəfdə baş nazirin mövqeyi, digər tərəfdə yol xəritəsi və ABŞ Konqresinə gələcək qətnamə layihəsi. Bütün bunlar üçün 6-7 iyunda irəliləyiş olması lazımdır. Əks halda yeni problemlərlə üzləşə bilərik”. Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan üzvü, keçmiş xarici işlər naziri Yaşar Yakış da “Media forum”a açıqlamasında deyib ki, yol xəritəsinin taleyi Ermənistanla Azərbaycan arasında aparılan danışıqlara bağlıdır və bu, əvvəlcədən də məlum olan məsələdir. Amma millət vəkili bildirir ki, söhbət Qarabağ probleminin bütövlükdə həllindən deyil, irəliləmənin olmasından – konkret olaraq, 5 və ya 7 rayonun boşaldılmasından gedir: “Türkiyə sərhədləri Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal olunduğu zaman qapadıb. Bütövlükdə Dağlıq Qarabağ problemi isə bu sərhədlər qapanmadan əvvəl də mövcud idi. İndi də danışıqlara baxdığımız zaman görürük ki, çözüm olaraq ilkin mərhələdə 5 və ya 7 rayonun boşaldılmasından söhbət gedir. Dünya birliyi də, ATƏT-in Minsk qrupu da bu rayonların boşaldılmasının vacibliyini birmənalı qəbul edir. Ermənistanın da bu məsələdə deyəcəyi bir söz yoxdur. Azərbaycan hakimiyyətinin yanaşmasının da Dağlıq Qarabağın statusunun bu günün məsələsi olmadığı, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından sonra müzakirə oluna biləcəyi mövqeyinə yaxın olduğunu müşahidə etmək mümkündür. Yəni ermənilərin ətraf rayonları boşaltmalı olduğuna dair kimsədə tərəddüd yoxdur, amma Dağlıq Qarabağ məsələsində tərəflərin hansı anlaşmaya gedəcəyi bəlli deyil. Ətraf rayonların boşaldılması ilə Dağlıq Qarabağın statusu eyni parametrlər üzrə müzakirə olunmur. Bu baxımdan, məncə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına bağlı olaraq Türkiyənin Ermənistanla yol xəritəsi işləyəcək, ya da işləməyəcək. Əgər ermənilərin ətraf rayonları boşaltması və Dağlıq Qarabağın statusu məsələsi eyni paketin içərisindədirsə, bu zaman yenə də Türkiyənin Ermənistanla münasibətləri həmin paketə paralel irəliləyəcək. İstənilən halda, paralellik saxlanacaq”. Y.Yakış bu yanaşmanın Ankarada yeni formalaşmadığını, müzakirələrin başından bu anlayışın hakim olduğunu deyir: “Türkiyədə ən əvvəldən də Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrə paralel irəliləməsi anlayışı hakimdir. Yəni Ermənistan Dağlıq Qarabağla bağlı nə edir-etsin, yol xəritəsi davam edəcək deyə bir şey yoxdur. Bu da ermənilərə bütün danışıqlarda, münasib şəkildə deyilib və hiss etdirilib”. Keçmiş nazirin sözlərinə görə, istənilən halda, Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq hər şeyin üzərində olacaq: “Türkiyə heç bir şey qarşılığında bu əməkdaşlığı sata bilməz. Bu, Türkiyədə heç bir hökumətin cəsarət etməyəcəyi bir şeydir. Bütün dəyərləndirmələri də bu strateji hədəf üzərindən aparmaq lazımdır. Mən bu ölkədə xarici işlər naziri olmuş və 39 ilini diplomatiyada keçirmiş şəxs kimi buna əminəm”. Könül ŞAMİLQIZI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar