SON XƏBƏRLƏR

“AVROVİZİYA” SƏSVERMƏSİNDƏKİ NƏTİCƏLƏRƏ DİASPOR NÜMAYƏNDƏLƏRİNİN MÜNASİBƏTİ

2021.10.20, 07:36
“AVROVİZİYA” SƏSVERMƏSİNDƏKİ NƏTİCƏLƏRƏ DİASPOR NÜMAYƏNDƏLƏRİNİN MÜNASİBƏTİ

Gunaz.tv
“Avroviziya-2009” mahnı müsabiqəsində iştirak edən ölkələrdən 34-ü Azərbaycana səs verib – kimisi az, kimisi çox. Bu il müsabiqədə 42 ölkə iştirak edirdi. Yarışın şərtinə görə, iştirakçı ölkə özünə səs verə bilməz. Deməli, Azərbaycan 41 ölkədən 34-nün səsini qazanıb ki, bu da kiçik göstərici deyil. Azərbaycanı təmsil edən Aysel və Araş duetini Türkiyə 12, Belarus, Çexiya, Ukrayna, Niderland, Xorvatiya, Moldova, Macarıstan və Norveç 10, İsveç, Bolqarıstan, Yunanıstan, Kipr və Danimarka 8, Rusiya və Estoniya 7, İsrail, Çernoqoriya və Polşa 6, Litva 5, Latviya, Slovakiya, Albaniya, Serbiya və Rumıniya 4, Belçika, Böyük Britaniya, Makedoniya, Bosniya və Herseqovina 3, Finlandiya 2, Malta, Fransa, Sloveniya və Ermənistan 1 xalla qiymətləndirib. Azərbaycana heç səs verməyən ölkələr bunlardır: Andorra, İsveçrə, Portuqaliya, İrlandiya, Almaniya, İspaniya, İslandiya. Azərbaycanın ən çox səs alacağı ölkələr sırasında Almaniya ilə Rusiyanın olacağını gözləmək olardı. Almaniya Avropada azərbaycanlıların, xüsusilə Güney Azərbaycandan olan soydaşlarımızın ən çox cəmləşdiyi ölkələrdən biridir. Eyni zamanda bu ölkədə bir neçə milyon Anadolu türkünün yaşadığı bəllidir. Rusiyada isə yüz minlərlə azərbaycanlı yaşayır və bu ölkədə nüfuzlu azərbaycanlı sahibkarlar, biznes adamları fəaliyyət göstərir. Buna baxmayaraq, Aysel-Araş dueti Almaniyadan 1 xal da ala bilmədi, Rusiya isə ötən illə müqayisədə Azərbaycana 3 xal az verdi. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer İsmayilova “Media forum” saytına açıqlamasında bildirib ki, nəticələrin belə olması onu da təəccübləndirib: “Çünki bu il səs vermə prosesi ötən ilkindən daha yaxşı təşkil olunmuşdu, daha mütəşəkkil hazırlaşmışdıq. Ötən il Almaniyadan Azərbaycana 1 xal getmişdi. Builki təşkilatçılığın müqabilində Almaniyanın daha çox səs verəcəyinə əmin idik. Ancaq nəticə gözlənilməz oldu. Bu nəticənin analizi ilə məşğul oluruq. Bizi təəccübləndirən odur ki, Almaniyanın müxtəlif şəhərlərində səsvermə təşkil edilmişdi və aldığımız məlumata görə, nəzərdə tutulan adamların hamısı səs veriblər”. S.P.İsmayılovanın sözlərinə görə, bu istiqamətdə təbliğati işlər təkcə Azərbaycan Respublikasından olanlar arasında deyil, Güney Azərbaycandan mühacirət edənlər, Anadolu türkləri, almanlar arasında da aparılıb: “Nəticələri özlüyümdə analiz etdikdə fikirləşirəm ki, bu il Almaniyada təkcə bizim diaspor təşkilatımız deyil, digər qruplar da fəal olub. Almaniyada 86 milyon nəfər yaşayır. Bura əcnəbilərin ən çox qruplaşdığı ölkələrdən biridir. Burda yunanların, italiyalıların fəal qrupları var. Təbii ki, onlar öz ölkələrinin təmsilçilərinə səs veriblər”. Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, müsabiqənin final günü ayrı-ayrı şəhərlərdə azərbaycanlılarla Anadolu türkləri birlikdə kafeləri icarəyə götürübmüşlər: “Məsələn, Frankfurt Azərbaycan Cəmiyyəti şəhərdəki kafelərdən birində toplanmışdı, Köln şəhərində biz türk məhəllələrinin birində yığışıb finalı izləyirdik və sonda səs verdik”. S.P.İsmayılova bütün hallarda yarışın son nəticəsinin daha önəmli olduğunu da vurğulayıb: “Yaxşı ki, Azərbaycan üçüncü yerə çıxdı. Əsas budur. Bundan sonra yalnız irəliyə baxmaq lazımdır ki, növbəti illərdə keçiriləcək yarışların səsverməsində fəal olaq, mütəşəkkillik nümayiş etdirək”. Ümumrusiya Azərbaycan Konqresinin sədr müavini İlqar Hacıyev “Media forum”a bildirib ki, Rusiyadan Azərbaycana verilmiş 7 xal heç də kiçik rəqəm deyil: “Nəzərə alaq ki, qeyri-rəsmi məlumatlarda Rusiyada yaşayan azərbaycanlıların sayı bir milyon yarım kimi götürülür. Rusiyanın öz əhalisi isə yüz əlli milyondur. Fərqə baxdıqda Rusiyanın Azərbaycana verdiyi 7 balın böyük rəqəm olduğunu görmək mümkündür”. İ.Hacıyev Aysel-Araş duetinin üçüncü yer tutmasını böyük nailiyyət adlandırıb və əlavə edib ki, bu kimi yarışlarda proqnozlar heç vaxt özünü doğrultmur: “Dəfələrlə müşahidə etmişik ki, bir çox ölkənin ön yerləri tutacağı proqnozlaşdırılsa d,a çox-çox geri yerləri tutub. Azərbaycan təmsilçilərinin çıxışını dünyanın çox ölkəsindən bəyəndilər, hamımız bunu müşahidə etdik, səsvermədən də göründü. Təkcə azərbaycanlıların sıx yaşadığı ölkələr deyil, başqa yerlərdən də Aysellə Araşa yüksək xallar verildi. Yəni “Avroviziya” əslində ölkələrin deyil, mahnıların müsabiqəsidir”. Mayın 16-da Moskvada başa çatan “Avroviziya-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araş dueti yarışın üçüncüsü olub. “Always” (“Həmişə”) mahnısını ifa edən müğənnilər 207 xal qazanıblar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar