SON XƏBƏRLƏR

Neft Akademiyasında "rus-erməni izləri"

2021.10.20, 07:36
Neft Akademiyasında "rus-erməni izləri"

Gunaz.tv
Mahmud Hacıyev: "Fərda Qədirov "verbovat" olunmuş şəxsdir" Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında dəhşətli qətllər törətmiş Fərda Qədirovun öz telefonuna çəkilmiş videogörüntülər tapılıb. Azərbaycan hüquq-mühafizə orqanları bu videogörüntünü Gürcüstan hüquq mühafizə orqanlarının köməyi sayəsində Marneulidəki evlərində aparılan axtarışlar nəticəsində əldə edib. Həmin videogörüntülərdə Fərda Qədirov içkili vəziyyətdədir və əlində tapança boş şüşələrə atəş açır. O deyir ki, yaxın vaxtlarda Bakıya gələcək, qarşısına çıxan hər kəsi öldürəcək. Fərda erməni Sergey Qriqoryanla əlaqələrindən, yeyib-içmələrindən, birlikdə 500 lariyə tapança almalarından da bəhs edir. Bunun özü də artıq Neft Akademiyasında baş verənlərin bir manyakın təxəyyülündən qaynaqlanmadığı yönündə şübhələrə yol açır. Ekspertlərə görə, böyük ehtimalla Fərda Qədirov ali təhsil müəssisəsində qətl törətməyə istiqamətləndirilib. Tapançadan baş və boyuna dəqiq atəş açması da onun uzun müddət atəş açmaqla bağlı hazırlıq keçməsindən xəbər verir. Videogörüntü AzTV-də də nümayiş etdirilib. Bəzi mətbu orqanlar isə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad etdiklərini bildirərək yazırlar ki, əslində Fərda Qədirovun telefonundakı çəkiliş sona qədər nümayiş olunmayıb. Həmin videogörüntüdə içkili Fərda Qədirov Rusiyadakı əlaqələrindən də söz açıb. Amma bu, kifayət qədər ajiotaj doğuracaq məsələ olduğundan videogörüntünün Rusiya rəhbərliyinə göndərilməsi, AzTV-də isə həmin hissə istisnayla, videoçəkilişin göstərilməsinə qərar verilib. Qeyd edək ki, hadisə törədildikdən az sonra Azərbaycan mətbuatında olayda Rusiyanın barmağının olması ilə bağlı versiyalar üstünlük təşkil etməyə başladı. Azərbaycan hüquq-mühafizə orqanlarının yaydıqları sonuncu bəyanatda da Fərda Qədirova silah və patron almaqda Sergey Qriqoryanın kömək etdiyi nəzərə çatdırılır. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz sabiq polis rəisi Mahmud Hacıyev Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bəyanatına diqqət çəkir. Bu bəyanat hadisənin terror aktı olduğunu ortaya qoyur: "Bəyanatda qeyd olunur ki, Fərda Qədirova silahı erməni alıb, onun həmin erməniylə sıx əlaqəsi olub. Fərda "verbovat" olunmuş şəxsdir. Erməniylə sıx əlaqəsi olubsa, terrordan başqa versiyanı araşdırmaq yanlış olardı. Fərdaya pul, silah veriblər, öyrədiblər. Bu, terrordan başqa heç nə ola bilməz. Nə quldurluq, nə soyğunçuluqdur. Gəlib ali məktəbdə insanları qətlə yetiriblər. Terror başqa nə cür ola bilər?" Mahmud Hacıyev dedi ki, Fərda Qədirovun Gürcüstan əlaqələrini tez araşdırmaq mümkün olub. Çünki Gürcüstan Azərbaycanla münasibətləri yaxşı, mehriban olan qonşu ölkədir: "Gürcüstanın hüquq-mühafizə orqanlarının köməyilə Fərda Qədirovla bağlı oradakı məsələləri tez, operativ surətdə araşdırdılar. Gürcülərə minnətdarlıq etmək lazımdır. İndi Rusiya əlaqələrini aydınlaşdırmalıdırlar, onu da aydınlaşdıra bilməzlər. Çünki Rusiya ömrü boyu belə məsələdə bizə kömək etməyib və heç etmək fikri də yoxdur. İnanmıram ki, Rusiyanın hüquq-mühafizə orqanları bizə kömək etsin və Fərda Qədirovun Rusiyadakı əlaqələri müəyyənləşdirilsin". Bəs bu əməli həyata keçirməsi üçün Fərda Qədirova xüsusi psixotrop maddələrin verilməsi nə dərəcədə mümkündür? Sabiq polis rəisi nəzərə çatdırdı ki, belə hallarda adətən, meyitin bədən nahiyyəsini, beynini məhkəmənin tibbi ekspertləri yarırlar: "Yəqin ki, onların da rəyi indi işin içərisində var. Onun beyninin içi də, bədəni də, qanı da yoxlanılıb. Bu həkim rəyləri də istintaq materiallarının içərisindədir. İstintaq materialları da məxfi sənəddir, onları kimdir açıqlayan?! İstintaqçı da, ittiham aktı yazanda həmin rəylərə əsasən Fərdanın psixikasının necə olmasına qiymət verəcək. Yenə də deyirəm ki, onun psixikasının necə olmasının məsələyə dəxli yoxdur. Fərdanın psixikasında bir pozğunluq olsa, atası, anası, valideynləri, kənddə yaşayan qohum-əqrəbası deyərdi ki, o, dəli idi, özünü dəli kimi aparırdı. Amma kənddə yaşayan qohumları da, qonşuları da, valideynləri onu normal insan kimi təqdim etdilər. Sonradan ona neyləyiblər, neyləməyiblər, hələlik onun erməniylə əlaqəsi sübut olunub. Son 4-5 ayda erməniylə sıx əlaqəsi olub, bir yerdə silah alıblar. O, erməniylə boş-boşuna oturub-durmayıb ki?" Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar