SON XƏBƏRLƏR

Əkbər Ələmi: Fərqli iddialarla prezidentliyə namizəd

2021.10.20, 07:36
Əkbər Ələmi: Fərqli iddialarla prezidentliyə namizəd

Gunaz.tv
İranda prezident seçkiləri yaxınlaşdıqca tənqidlər də sərtləşməyə başlayıb. Tanınmış namizədlərin tənqidlərinin hədəfində indiki hakimiyyət olsa da, müxtəlif problemlər hallandırılır. Namizədlərin əsas işarə etdiyi problemlər arasında İranda yoxsulluq, hakimiyyətin iqtisadi siyasətdə uğursuzluğu, qadın azadlıqları, gənclərin problemləri, xarici və daxili siyasət və sair mövzular daha çox diqqət çəkir. Amma bu namizədlərin hamısı təxminən eyni mövzulara toxunsalar da, Təbrizdən namizədliyini irəli surən 6 və 7-ci dövrlərində İran parlamentinin millət vəkili olan Dr. Əkbər Ələmi fərqli bir problemi səsləndirərək digər namizədlərdən daha çox nüfuz qazana bilib. Digər namizədlərdən fərqli olaraq o tənqidlərini qorxmadan açıq şəkildə xalqa çatdırır. Hətta rejimin “qırmızı xətt” hesab etdiyi mövzuları belə tənqid atəşinə tutub. Məsələn, o indiki konstitusiya əsasında prezidentliyə namizəliyini versə də bu konstitusiyanı ciddi tənqid edərək onun dəyişdirilməsinin vaxtının çatdığını bildirib. Ələmi bu haqda bildirib ki, “Ana Yasa Quran ayəsi deyil və onun bir çox nöqsanları var. Əgər bu günkü nəsl desə ki Ana Yasanı qəbul etmir və ona qarşıdır, bu onun haqqıdır. O zaman gərək ümumi səsvermə keçirilsin. Əgər xalq bu Ana yasanın islah olunmasın tələb etsə, gərək Ana yasada islahatlar edilsin. Bu mənim sözümdür və bu Ana yasadada öz əksini tapıb. Bəs niyə indiyə kimi yenidən refrendum keçirilməsinə icazə vermirlər?” O rejimin əsas orqanlarından hesab olunan “Şurayi Nigəhban”ın belə öz səlahiyyətlərini aşdığını bəyan edərək bu qurumu qeyri-qanuni fəaliyyətdə ittiham edir. Əkbər Ələmi İranda yaşayan Azərbaycanlıların (Azərbaycan Türklərinin) və digər etniklərin hüquqlarının bərpa olunmasını və İran konstitusiyasının 15 və 19-cu maddələrinin icra olunmasını özünün əsas hədəfi kimi bildirib və öz namzədliyini Təbrizdən irəli sürməsinin səbəblərin izah edərək deyib: “mən danışığımda işlətdiyim sözlərin 80 % fars sözləridir. Bunun da səbəbi mənim ailəmin 50 il öncə Tehrana köçməsi və mənim orada tərbiyə almağımdır. Ancaq mən bu gündə fəxr edirəm ki, mənim aslim-köküm Azərbaycandandır və mən öz kimliyimi itirməmişəm. Buna görə də öz namzədliyimi irəli sürəndə öz hərəkətimi Təbrizdən başladım. Amma Təbrizdə bir “Firon” (Təbrizin imam cüməsi Şəbüstəri) var. Mən bilirdim ki əgər öz hərəkətimi Təbrizdən başlasam bütün mətbuat işçiləri bu Fironun qorxusundan mənimlə bağlı xəbərlərə senzura tətbiq edəcək və yaymayacaqlar, ancaq bütün bunlara baxmayaraq mən yenə də öz seçki kampaniyamı Təbrizdən başlamağa qərar verdim”. Dr. Ələmi özünü əvvəllər islahatçılara yaxın hesab etsə də, indi onları da ciddi tənqid edir və bildirir: “bu ölkədə mən nə sağa bağlıyam, nə sola. Azərbaycan əsasən islahatçıdır. İslahatçılıq hərəkatı Azərbaycanda məşrutə hərəkatından başlayıb və indidə davam edir. 1997-ci ildə özün islahatçı adlandıranlar “İran bütün iranlılar üçün” şüarın” verdilər, halbuki bu şüarı ilk dəfə səsləndirən Şeyx Məhəmməd Xiyabani olmuşdur. Bunun isə Xatəmi və başqa islahatçılara heç bir aidiyyatı yoxdur”. Ələmi öz seçki təbliğatlarında digər namizədlərin seçki vaxtları Azərbaycanlılara yalançı vədlər verməsini və seçildikdən sonra öz vədlərinə əməl etməmələrini də tənqid edib. O həmçinin Əhmədinejad, Musəvi, Xatəmi və Rəfsəncaninin bir-birlərindən heç nə ilə fərqlənmədiyini bildirir. Onun fikrincə onlar hamısı vahid cərəyana xidmət edir. Bununla da Ələmi özünün yolunu rejimin digər üzvlərindən fərqləndirib. Əkbər Ələminin səlahiyyəti keçən parlament seçkilərində təsdiq olunmamışdı, prezident seçkilərində onun namizədliyinin qeydə alınması ehtimalı da çox yüksək deyil. Amma qeydə alındığı təqdirdə Ələmi tutduğu təbliğat üslubu və tənqidi fikirləri ilə əsas rəqiblərdən birinə çevrilə bilər və hətta onun prezident seçilmə ehtimalı da digərlərdən yüksək ola bilər. Onun xalqların hüquqlarının bərpa olunması şüarı İranda əhalinin təxminən 50 faizdən çoxunu təşkil edən qeyri-Farsların və rejimi ciddi tənqid etməsi isə bütün İranda hakimiyyətin bir çox müxaliflərinin, o cümlədən yoxsul və adi kütlənin də rəğbətini qazana bilər. Əkbər Ələminin “Şurayi Nigəhbanın” əleyhinə səsləndirdiyi tənqidlər və onun tənqidi sözlərlə bu orqana hücum siyasəti, bu şuraya Ələminin səlahiyyətini qəbul etməyə təsir edə bəlməyəcək. Bu səbədən İran mətbuatı Ələmini digər tanınmış namizədlərə ciddi rəqib hesab etmir. Amma onun indiyə qədərki fəaliyyəti, Azərbaycanın bir sıra şəhərlərində təbliğatları xalqda onun namizədliyinə ümidlər yaradıb. Maraqlısı odur ki, Ələmi namizədliyinin qeydə alınacağına şübhə etmədən fəaliyyətini davam etdirir. Və günü gündən onun tərəfdarlarının sayı artır. Bu halda onun namizədliyinin qeydə alınmaması da xalq arasında şok yaratmış ola bilər. Xüsusən “xordad ayı” Cənubi Azərbaycan üçün hadisələr ayı hesab olunur. Bu ayda hakimiyyətin təhlükəsizlik orqanları Azərbaycan şəhərlərində alarm vəziyyətində olur. May hadisələrinin ildönümü ilə bərabər Ələminin namizədliyinin qeydə alınmaması üst-üstə düşəndə vəziyyəti daha gərginləşdirə bilər. Bu fakt İran rəsmi orqanlarını istər-istəməz çətinlik qarşısında qoyacaqdır. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar