SON XƏBƏRLƏR

MƏHKƏMƏDƏN ŞOK QƏRAR: ABDULLA GÜL MÜHAKİMƏ OLUNMALIDIR

2021.10.20, 07:36
MƏHKƏMƏDƏN ŞOK QƏRAR: ABDULLA GÜL MÜHAKİMƏ OLUNMALIDIR

Gunaz.tv
Türkiyənin Sincan Ağır Cəza Məhkəməsi prezident Abdulla Gülün sənədin saxtalaşdırılması ittihamı ilə mühakimə olunmasını tələb edib Məhkəmənin qərarında 6 yerdə prezidentin barəsində “şübhəli şəxs” ifadəsi işlədilib. Qərarda məhkəmə “əgər prezidentlərin mühakimə olunmamasını istəyirsinizsə, konstitusiyada lazımi dəyişiklikləri edin” mövqeyini də ortaya qoyub. A.Gül 1997-ci ildə bağlanan Rifah Partiyasının sədr müavini olarkən dövlət büdcəsindən ayrılmış yardımı saxta sənədlər sayəsində xərclənmiş kimi göstərməkdə ittiham olunur. Rifah Partiyasının qapadılmasına dair Konstitusiya Məhkəməsinin qərarında partiyanın 1997-ci ildə dövlətdən aldığı yardımı geri qaytarması tələb olunmuşdu. Partiya rəhbərliyi isə pulun yerli təşkilatlara göndərilərək xərcləndiyini deyib vəsaiti qaytarmamışdılar. Maliyyə müfəttişləri isə Rifah Partiyasının hesablarını araşdırıb yerli təşkilatlara pul göndərildiyinə dair sənədlərin saxta olduğunu bildirmişdilər. Sonradan bununla bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb. Rifah Partiyasının sədri Nəcməddin Ərbakan “xüsusi sənəddə saxtakarlıq” ittihamı ilə 2 il 4 ay müddətinə həbsə məhkum edilib. Ankara 9-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə Rifah Partiyasından olan 68 nəfər də 1-1,2 il müddətində həbs cəzalarına məhkum olunub. O vaxt Rifah Partiyasının sədr müavinləri işləmiş hazırkı prezident A.Gül və keçmiş daxili işlər naziri Abdulqadir Aksu isə millət vəkili toxunulmazlığına sahib olduqları üçün barələrində cinayət işi qaldırılmamışdı. A.Gül prezident seçiləndən sonra bu məsələ müxalifət tərəfindən yenidən gündəmə gətirilib və yenidən prokurorluğa müraciət edilib. Lakin Ankara Prokurorluğu prezidentin mühakiməsinin qanunla mümkünsüz olduğunu əsas gətirərək cinayət işinə xitam verib. Bu qərardan Sincan Birinci Ağır Cəza Məhkəməsinə şikayət göndərilib. Məhkəmə A.Gülün mühakimə edilməli olduğuna qərar verib. Qərarda deyilir ki, konstitusiya və qanunlara görə, hər kəs mühakimə oluna bilər, toxunulmazlıq isə istisna hal kimi qanunda tək-tək müəyyənləşmiş şəxslərə şamil edilə bilər. Türkiyədə mühakimə toxunulmazlığı ilə bağlı konstitusiya maddəsini hüquqşünaslar iki cür dəyərləndirir. Bir qrupa görə, 105-ci maddədə vəzifə ilə bağlı olmayan şəxsi cinayətlər ifadəsi yer alıb və A.Gülün barəsindəki ittihamda da söhbət şəxsi günahdan gedir. Bu qrupdan olan hüquqşünaslara görə, cəza qanunları hər kəsə eyni şəkildə tətbiq olunmalıdır və bu baxımdan prezident də mühakimə oluna bilər. Hüquqşünasların bir qrupu isə hesab edir ki, millət vəkilləri üçün nəzərdə tutulan toxunulmazlıq hüququ prezident üçün də keçərlidir, çünki prezident millət vəkilləri içərisindən seçilir. Eyni zamanda onlar konstitusiyada yer alan “prezident yalnız vətənə xəyanət maddəsi ilə ittiham oluna bilər” müddəasına istinad edirlər. Parlamentin konstitusiya komissiyasının keçmiş rəhbəri Burhan Quzu bu qərarı şərh edərkən deyib ki, “itmiş trilyon” davası faktiki olaraq bitmiş cinayət işidir və mühakimə prosesi olsa da, bu, yüz faiz bəraətlə yekunlaşacaq. B.Quzunun sözlərinə görə, prezident seçilən şəxs avtomatik toxunulmazlıq hüququ qazanır və dövlət başçısının vəzifə müddəti bitəndə iş yenidən qaldırıla bilər. Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan isə deyib ki, prezident yalnız vətənə xəyanət ittihamı ilə mühakimə oluna bilər: “Konstitusiyaya görə, vəzifə müddəti dövründə prezident başqa ittihamla mühakimə oluna bilməz. Prezidentin vəzifə müddəti başa çatdıqdan sonra mühakimə olunub-oluna bilməyəcəyi məsələsinə gəlincə, cinayət işinin içərisinə baxmaq lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar