SON XƏBƏRLƏR

Ermənistan-Gürcüstan qarşıdurması

2021.10.20, 07:36
Ermənistan-Gürcüstan qarşıdurması

Gunaz.tv
Həssas bir durum formalaşa bilər Gürcüstanla Ermənistan arasında ciddi bir ziddiyyət yetişir. Tərəflər bir-birinə əks addımlar atmaqdadırlar. Gürcüstan Ermənistandan bəzi məhsulların alışını dayandırıb. Gübrə ilə bağlı da aldığı qərarla Ermənistana xarici gübrənin gedişini əngəlləyib. Bundan sonra Gürcüstan Rusiyadan Ermənistana gedən yeganə quru yolunu açmır.Gürcüstan həmin yolu Rusiyanın gürcüləri ölkədən deportasiya edəndə bağladığını və ona görə də bu yolun indi yalnız ermənilərə xidmət etdiyini deyərək, qapalı saxlayır. Bunlara Ermənistan sərt reaksiya verib. Son günlərdə alınan məlumatlarda deyilir ki, Gürcüstandakı erməni təşkilatları vahid cəbhədə birləşiblər.Onlar bir yerdə mərkəzi hökumətə qarşı mübarizə aparmaq qərarına gəliblər. Həmin təşkilatlar sırasında Borçalıda yaşayan az sayda erməniləri təmsil edən qrupların da olduğu bildirilir. Bununla dolayı da olsa, Borçalını siyasi oyunlara qatmaq istəyirlər. Müşahidəçilər təxmin edirlər ki, ermənilər Gürcüstanda terror və siyasi separatçılığı qızışdırmaq istiqamətində çalışacaqlar. Bu isə qonşu dövləti pis vəziyyətə sala bilər. Əsas isə odur ki, beynəlxalq iqtisadi layihələr üçün çətin durum yarana bilər. Ona görə də vəziyyət olduqca həssas bir duruma gəlir. Bütün bunların arxasında ciddi geosiyasi və siyasi niyyətlərin durduğunu deyə bilərik. Məsələ ondan ibarətdir ki, Ermənistan son addımları ilə Qərblə bir yerdə olmaq istəmədiyini nümayiş etdirdi. Ermənistan NATO-nun təlimindən son anda çəkildi, Praqada danışıqlar prosesini dalana saldı, İrandan qaz kəməri çəkdi. Bundan sonra ABŞ-ın Ermənistana təzyiqləri başladı. Paralel olaraq, Gürcüstanda erməni təşkilatlarını sıxışdırmağa başladılar. “Cavaxk” təşkilatının başçısını həbs etdilər. Bu təşkilat terrorla məşğul olurdu. Buna Ermənistanda kəskin reaksiya verdilər. Ancaq NATO təlimləri ilə Rusiyanın təzyiqləri fonunda erməni separatizmi yeni boy atdı. Erməni keşiş “iki erməni dövlətinin olmasından məmnunam, ancaq üçüncüsü də lazımdır”, söylədi. Bu, açıqca Cavaxetiyaya işarə idi. Gürcüstanın bunlara cavabı ABŞ-ın maraqları ilə üst-üstə düşməlidir. Ona görə də Tbilisi Ermənistanın təcrid olunması yönündə addımlarını əsirgəməməli idi. Yolun bağlanması Ermənistanı Rusiyadan təcrid etmək məqsədi güdür. Ermənistan indi faktiki olaraq Rusiya ilə heç bir quru əlaqəsi olmayan ölkəyə çevrilib. Rəsmi Vaşinqton Ermənistana anladır ki, onun istəklərinə əməl etməsə, vəziyyəti daha da ağır olacaqdır. Arada isə Ermənistan-Gürcüstan qarşıdurmasının böyüməsi baş verə bilər. Gürcüstan faktiki olaraq həm də ərazisinə silahların qeyri-qanuni keçirilməsini əngəlləməyə çalışır. Quru yolu ilə Rusiyadan Cavaxetiyaya və Ermənistana silahların ötürülməsi ehtimalı çoxdur. Bu arada terrorun başlamasına işarə edən bəzi məlumatlar da dünya KİV-də yer almaqdadır. Məlumatlarda PKK ilə ermənilərin əlaqələri ifadə olunub. O məlumatlarda ermənilərin PKK-nın rəhbərliyində təmsil olunduğu bildirilir. Paralel olaraq PKK-çıların Ermənistandan dəstək gördüyü deyilir. Onların maraqlarının uyğunlaşdığını yazırlar. Bununla da Qafqaz üçün kürd-erməni terroru konkret məzmun kəsb etməyə başlayır. Onların hərəkətə keçməsi halında durumun hansı istiqamətdə inkişaf edəcəyi bəlli olmayacaq. Ona görə də dünyanın aparıcı dövlətləri bu təhlükəli tendensiyanın qarşısını almalıdırlar. Ermənistan-Gürcüstan qarşıdurmasının getdikcə daha kəskin olacağını gözləmək olar. Güney Qafqazda ABŞ-Rusiya qarşıdurması qaldıqca, bu ziddiyyət də qalacaq. Ermənilərin separatizmi alovlandırmaqla Gürcüstan üçün yeni problemlər yaratmaq üçün əlllərindən gələni edəcəklər. Ermənistan bu yolla diqqətləri müvəqqəti də olsa, Dağlıq Qarabağ məsələsindən yayındırmağa cəhd edə bilər. Çünki ortaya yeni münaqişələr çıxdığı halda Dağlıq Qarabağla bağlı danışıqların davam etməsi üçün çətin ki, şərait olsun. Rusiyanın bu prosesi alovlandırması gözləniləndir. O, Azərbaycanın 5-6 rayonunun azad olması halında Türkiyə-Ermənistan sərhədinin açılmasının nə demək olduğunu bilir. Daha doğrusu, bu, onu qane etməyən şərtlər daxilində baş verərsə, maneçiliyini edəcək. Əks halda Ermənistanı itirir. Bu səbəblərdən ermənilərin aranı qatması üçün Kreml düyməni basa bilər. Ermənilər Dağlıq Qarabağ məsələsini kölgəyə çəkməyi, Cavaxetiyanı ön plana çıxarmağı, ruslar isə prosesi ABŞ-ın qurduğu ssenarilərdən kənara çıxarmağı qazanırlar. Ermənistanla Gürcüstanın qarşıdurması bu səbəblərdən çox həssas bir durum yaratmış olur. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar