SON XƏBƏRLƏR

Güneyli soydaşlarımız prezident seçkilərində hansı namizədi dəstəkləyəcək?

2021.10.20, 07:36
Güneyli soydaşlarımız prezident seçkilərində hansı namizədi dəstəkləyəcək?

Gunaz.tv
Son aylarda Cənubi Qafqazda, Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan, ABŞ-Azərbaycan münasibətlərində o qədər yeniliklər baş verib ki, gözümüzü açıb cənub qonşuluğumuza baxa bilmirik. Bəlkə də belə söyləmək bir qədər qeyri-dəqiq olar. Amma o bir faktdır ki, hakimiyyətini əldən verməmək üçün hər cür qəddarlığa, terrora hazır olan İranın teokratik hakimiyyəti ən azı 4 il vaxt qazanıb. Yəni demokrat Barak Obamanın hakimiyyətdə olduğu illərdə respublikaçı Corc Buş dönəmində olduğu kimi İran rəhbərliyi "ABŞ qırıcıları bizi nə vaxt vuracaq?" fikri ilə yatıb-durmayacaq. Çünki XX əsrin ortalarından fərqli olaraq Demokratlar Partiyası xarici siyasətdə hərbi gücə bir o qədər üstünlük vermir, 90-cı illərdə, Bill Klintonun prezidentliyi dövründə baş tutmayan, lağlağıya çevrilən Somaliyə hücumu nəzərə almasaq, demokratlar teokratik-avtoritar rejimlərə "demokratik yollarla" təzyiq göstərməyə üstünlük verirlər. Məhz bu siyasi xəttin nəticəsiydi ki, ali dini rəhbər və Xübreqan "islahatçı" sayılan Məhəmməd Xatəminin 1997-ci ilin yayında prezident seçilməsinə imkan verdilər. Əslində məqsəd İranın demokratikləşdirilməsinə çalışmaq yox, daha dəqiq desək, ABŞ-la dialoq dialoq şousu altında siyasi maxinasiyalarla məşğul olmağa fürsətlər qazanmaq idi. Amma 2003-cü ildə Birləşmiş Ştatların İraqa hücumunun başlanmasıyla İranda bundan əvvəl keçirilən prezident seçkilərinədək, yəni 2005-ci ilədək (düz iki il) "islahatçı" Məhəmməd Xatəminin səs- səmiri çıxmadı. Əvəzində Azərbaycan türklərinə qarşı repressiyaların əleyhinə çıxan 82 yaşlı atasıyla 2006-cı ilin may ayında mübahisə edərək, onu çərlədib öldürən Mahmud Əhmədinejadın prezidentliyi dövrü başladı. Ali dini rəhbərin qarşısında zağ-zağ əsən Mahmud Əhmədinejadın hər kəlməsinin beynəlxalq qalmaqal yaratması, beynəlxalq ictimaiyyətin təəccübünə, heyrətinə, nifrətinə, gülüşünə səbəb olması dönə-dönə təkrarlanıb. Respublikaçıların hakimiyyəti dövründə İranda sərt xətt tərəfdarlarının nümayəndəsinin, yəni Mahmud Əhmədinejadın prezident olması təsadüfi deyildi. BMT-nin, ABŞ-ın, Avropa Birliyinin sanksiyalarına baxmayaraq yarı- açıq, yarı-gizli neft-qaz sataraq varlanan rəsmi Tehran "təzyiqə qarşı təzyiq" siyasətinə üstünlük verirdi. Qlobal böhranın fonunda İran rəhbərliyinin indən sonra necə davranacağı yaxın bir neçə gündən sonra məlum olacaq. İrandan gələn məlumatlara görə, yüzlərlə insan prezidentliyə namizədliyini irəli sürüb. İlkin baxışdan ədalətli kimi görünsə də, İranda prezidentliyə, eləcədə də parlamentə namizədləri son ali dini rəhbər və Xübreqan müəyyənləşdirir. Ona görə də bir neçə gün ərzində İran rəhbərliyinin "mühafizəkar" və ya "islahatçı" namizədə üstünlük verəcəyi rəsmi Tehranın gələcək siyasətinin konturlarından xəbər verəcək. Qlobal iqtisadi böhran və ABŞ-ın demokratik təzyiqləri fonunda rəsmi Tehranın yenə də ənənəvi sərt siyasətini davam etdirməsi az inandırıcıdır. Çünki belə olduğu təqdirdə, ən azı 4-8 ildən sonra Birləşmiş Ştatlarda hakimiyyətə gələn respublikaçılar İrana münasibətdə də (2003-cü ildə İraqa olduğu kimi) "hərbi hücum taktikası" seçəcək. Bu proqnozdur. Son günlər fars-yapon əsilli amerikan jurnalistin azadlığa buraxılması, ABŞ qoşunlarının Qəndil dağını mühasirəyə aldığı bir ərəfədə İranın da terrorçu PKK-ya qarşı əməliyyatları aktivləşdirməsi, ali dini rəhbərin Əfqanıstanda "böyük güclərin əlində vasitəyə çevrilən" terror qruplarını tənqid etməsi rəsmi Tehran və Vaşinqton arasında açıq-gizli mesajlaşmadan (bəlkə də danışıqlardan) xəbər verir. Yeri gəlmişkən, İranda casusluq ittihamıyla 8 il həbs cəzası alan amerikalı jurnalist Roksana Sabiri azadlığa buraxılmasını ABŞ prezidenti Barak Obama rəsmi Tehranın "humanist jesti" adlandırıb. Ağ Evin mətbuat katibi Robert Gibbs isə bəyanlayıb ki, prezident bu addımı alqışlayır və jurnalistin evə qayıtmasını gözləyir. Yuxarıda qeyd etdiyim kimi, İran hakimiyyətinin ABŞ-ın yeni rəhbərliyilə dialoqun alınmasına çalışıb-çalışmaması prezidentliyə namizədlərin müəəyyənləşməsində özünü göstərəcək. Bizi isə ən çox maraqlandıran Güney Azərbaycan türklərinin taleyidir. Əslində Güney Azərbaycan anlayışı altında İranda yaşayan 30 milyondan çox azərbaycanlı, 5 milyondan çox qaşqay, şiraz türkləri, türkmənlərini nəzərdə tuturuq. Əgər həqiqətən də demokratik seçkilər keçirilərsə, əhalinin ən azı yarısını təşkil edən bir ölkədə Azərbaycan türkünün dəstəklədiyi namizədin prezident seçilməsi qaçılmazdır. Bəs, fars rejimi İranda (İraqda olduğu kimi) qeyri-farsın prezident olmasına imkan verərmi? Bəzən ali dini rəhbər Xamneyinin türk olduğu deyilir. Amma 30 milyon vətəndaşının, azərbaycanlının tarixi torpağı olan Qarabağın işğalına nəinki göz yuman, hətta işğalçı, terrorçu ermənilərə birmənalı dəstək verən İranın dini rəhbərinin damarlarından bir damcı da olsa türk qanı axması şübhə doğurur. Ümumiyyətlə, Qarabağ müharibəsi ermənilərə birmənalı dəstək verən farsların "İranı İran edən" Azərbaycan türklərinə qarşı nifrətinin ən dəhşətli nümunəsidir. Bu "nümunə" nə müsəlmançılığa, nə qonşuluğa, nə də insanlığa sığır. Sadaladığımız və sadalamadığımız faktları nəzərə alanda fars rejiminin hər hansı bir türk namizədə ən adi seçki kampaniyası aparacağına imkan verməsi inandırıcı görünmür. Elə güneyli soydaşlarımızın prezident seçkilərində iştirak məsələsində də mövqeləri fərqlidir. Bəziləri aktiv boykotun, bəziləri isə türk namizədlərin dəstəklənməsinin tərəfdarıdır. Məncə, ikinci variant daha məqsədəuyğundur. Fars rejimi nə qədər inkar eləməyə çalışsa da ciddi təzyiqlərə, repressiyalara məruz qalan, bütün insani hüquqları əllərindən alınan Azərbaycan türklərinin İranın gələcəyinin müəyyənləşməsində öz sözü var. Eləcə də azərbaycanlı namizədlərin irəli sürülməsi, onların ən azı seçki kampaniyası zamanı millətimizin hüquqlarını önə çəkməsi indiki mərhələdə mühüm əhəmiyyət daşıyır. Hələlik iki azərbaycanlı namizədin aktiv seçki kampaniyasına başladığı haqqında məlumatımız var. Hələ deputat olduğu dövrlərdən Azərbaycan türklərinin problemlərini daim gündəmə gətirən Əkbər Ələmi və keçmiş baş nazir Mirhüseyn Musəvi gündəmdədir. 2006-cı ilin may hərəkatı, Azərbaycan türklərinin vəziyyətinə münasibətdə Əkbər Ələmi daha konkret, milli mövqedən çıxışlar etsə də, Mirhüseyn Musəvi daha yumşaq mövqe tutur, məsələlərə ümum İran kontekstində yanaşır. Amma bu namizədlərin hansının milli mövqeni dəstəkləməsini müəyyənləşdirmək güneyli soydaşlarımızın-seçicilərin işidir. Əsas olan odur ki, mahiyyətcə demokratik bir hərəkat olan Güney Azərbaycan türklərinin milli hərəkatı İrandakı məhdud seçki imkanlarından bacarıqla yararlana bilsin. Ən azı prezidentliyə namizədlər onların dərdini-sərini öyrənmək üçün ayaqlarına gəlməyə məcbur olsunlar. Belə addım həm də dünyanın gözü qarşısında Güney Azərbaycan milli hərəkatının, ümumiyyətlə, azərbaycanlı seçicilərin demokratik mahiyyətini bir daha ortaya qoyar, bu hərəkatın, soydaşlarımızın ən məhdud seçkilərdə belə öz sözünü deməyi bacardığını təsdiqləyər. Nəticədə isə nəhəng bir siyasi güc ortaya çıxar. Bayram dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar