SON XƏBƏRLƏR

İSA QƏMBƏR: “RƏSULZADƏNİN ADI BAŞQA KONTEKSTDƏ YOX, MƏHZ ATATÜRKLƏ YANAŞI ÇƏKİLDİ. BU, CİDDİ MESAJIYDI”

2021.10.20, 07:36
İSA QƏMBƏR: “RƏSULZADƏNİN ADI BAŞQA KONTEKSTDƏ YOX, MƏHZ ATATÜRKLƏ YANAŞI ÇƏKİLDİ. BU, CİDDİ MESAJIYDI”

Gunaz.tv
İsa Qəmbər Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Ankara-Bakı xəttində iki aydır davam edən gərginliyə Azərbaycana səfər etmək və ciddi mesajlar verməklə nöqtə qoymağa çalışdı. Baş nazir “Ermənistan işğal etdiyi torpaqlardan çəkilmədən Türkiyə sərhədləri açmayacaq” dedi, Azərbaycan prezidenti isə bu mövqeni qəbul etdiyini və sadə sualına cavab aldığını söylədi. Bundan sonra nə olacaq? “Media forum” Ərdoğanın səfərinin yekunlarını Müsavat Partiyasının başqanı İsa Qəmbərlə dəyərləndirib. - İsa bəy, sizcə, proses bitdimi? Türkiyə-Ermənistan və Azərbaycan-Türkiyə münasibətlərində bundan sonra nə olacaq? - Məncə, bir mərhələ bitdi. Bu mərhələnin nəticələrini ciddi araşdırmaq lazımdır. İstər hakimiyyətlərin analitikləri, istər də bu prosesləri öyrənmək istəyən müstəqil analitiklər bu mərhələnin dərslərini ciddi şəkildə araşdırmalıdırlar. Düşünürəm ki, Türkiyə bir tərəfdən Azərbaycanın razılığı olmadan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə nail olmağın çətinliyinin fərqinə vardı və bu istiqamətdə daha ehtiyatlı hərəkət edəcək. Ancaq proses dayanmayacaq. Çünki Türkiyə-Ermənistan münasibətləri sadəcə ikitərəfli münasibətlər deyil. Bu, bir tərəfdən Türkiyənin Cənubi Qafqazda fəallaşmaq strategiyası ilə, digər tərəfdən də azad dünyanın Cənubi Qafqaz bölgəsinə verdiyi önəmlə bağlıdır. Türkiyə istənilən halda azad dünyanın bir hissəsidir – bunu yaddan çıxarmamaq lazımdır. Odur ki, proses davam edəcək – sadəcə, daha ehtiyatla, daha düşünülmüş şəkildə və ola bilsin, daha ləng sürətlə. Türkiyə tərəfi bir şeyi gördü ki, Azərbaycan iqtidarına ciddi bir şəkildə etimad göstərmək mümkün deyil. Azərbaycan iqtidarı müxtəlif mərhələlərdə oyun qaydalarını poza bilər. Bu, aydın şəkildə müşahidə olundu və mən əminəm ki, Türkiyə tərəfi də bunu gördü. Axı əslinə qalsa, Bakı səfərində Türkiyənin baş naziri son zamanlar dediyi sözlərdən kəskin fərqli sözlər demədi. Son iki ayda dəfələrlə dediyi sözü təkrar elədi. Yəni əslində Azərbaycan tərəfi Türkiyənin Ermənistanla apardığı danışıqların mahiyyətindən kifayət qədər xəbərdar idi. Sadəcə olaraq, aprel ayında İlham Əliyev bu situasiyadan hansısa şəkildə sui-istifadə eləməyə çalışdı. İndi isə ya bu sui-istifadənin müddəti bitib, ya da bunun özünə ziyan verəcəyini dərk edib, ona görə yenidən əvvəlki siyasətə qayıdıb. - Hansı siyasətə? - Yenə də Qərblə Rusiya arasında manevr eləmək siyasətinə qayıtdı. Mətbuat konfransında “Azərbaycanın xarici siyasəti dəyişməyib” mesajını verdi. Azərbaycanın xarici siyasəti, təəssüf ki, yanlış və zərərlidir - Rusiya ilə Amerika arasında manevrdən ibarətdir. Bu siyasət bundan sonra da davam edəcək. Görünür, Türkiyə ilə Azərbaycan hakimiyyəti arasındakı müəyyən problemlər də artıq əvvəlki mərhələlərdə olduğu kimi qapalı şəkildə araşdırılacaq, mətbuata çıxarılmayacaq, mətbuatda suallar səsləndirməklə, müxtəlif dairələri fəallaşdırmaqla münasibətlər gərginləşdirilməyəcək. Qapalı qapılar arasında istər strateji-geopolitik məsələlər, istər təbii qazın qiymətləri və marşrutları ilə bağlı məsələlər müzakirə olunacaq. Bu mərhələnin yekunu hələlik bundan ibarətdir. Amma çoxlu düşünüləsi detallar var. - Bu gərginliyin yekununda Azərbaycan hakimiyyətinin “Ermənistan mətbuatının xəbəri təkzib olunmadı, şübhələr bundan yarandı” arqumenti nə dərəcədə ciddi və güclü göründü? - Qeyri-ciddi arqumentdir. Aydın məsələdir ki, hansısa ciddi danışıqlar prosesi başlayıbsa, tərəflər bir-birinin ictimai rəyini də nəzərə alırlar və bəyanatlarda diqqətli olmağa çalışırlar. Ancaq o da aydın məsələdir ki, Türkiyə Azərbaycanı nəzərə almadan Ermənistanla münasibətləri istədiyi dərəcədə inkişaf etdirə bilməz – bunu hər kəs başa düşür. Ermənistanın da bu danışıqlar nəticəsində özünün on illərdir davam etdirdiyi sözdə soyqırım kimi uydurmalardan əl çəkmək niyyəti yoxdur. Yəni tərəflər ön şərt olmadan danışığa başlayırıq desələr də, proseslərin inkişafının şərtləri tərəflərə də, müşahidəçilərə də aydındır. Ona görə də düşünmək ki, Azərbaycan hakimiyyəti bunu başa düşməyəcək qədər siyasətdə piyadadır, bu da doğru olmazdı. - Deyirsiniz ki, proses dayanmayacaq və ləng də olsa, davam edəcək. Siz Qarabağ məsələsinin yaxın illərdə həllinə inanmayanlardansınız. Amma davam edəcəyini düşündüyünüz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin də əsas şərtlərindən biri Qarabağdır. Bu prosesdə Qarabağ nə olacaq? - Sualınıza cavab verməzdən əvvəl bir maraqlı detalı da qeyd edək. Türkiyənin baş naziri həm mətbuat konfransında, həm parlamentdəki çıxışında xüsusi olaraq qeyd elədi ki, Ermənistan Qarabağın işğalından əl çəkməyincə, işğala son verilməyincə sərhədlər açılmayacaq. Bunu dəfələrlə təkrarladı, ancaq parlamentdəki çıxışında bunun yanına bir cümlə də əlavə etdi ki, işğala son verilməyincə, ya da Azərbaycanın razılığı alınmadan Ermənistanla sərhədlər açılmayacaq. Bu, maraqlı detallardan biri idi. Mən ilk dəfə baş nazirin dilindən bu detalı eşitdim – onu da yaddan çıxarmayaq. Sualınıza gəlincə, mən yenə o fikrimdə qalıram ki, yaxın perspektivdə Qarabağ məsələsinin həlli ilə bağlı müsbət, ya mənfi istiqamətdə hər hansı gəlişmə gözlənilmir. Eyni sözləri, əslinə qalsa, Türkiyə-Ermənistan münasibətləri ilə də bağlı deyə bilərəm. Orada da yaxın müddətdə hər hansı ciddi gəlişmə olmayacaq. Sadəcə olaraq, bunlar hər ikisi prosesdir və göründüyü kimi, paralel proseslərdir. Bəziləri görmək istəməsələr də, bu, sadə həqiqətdir ki, tərəflər bu məsələləri paralel proseslər kimi aparmağa razılaşıblar. Bunu Türkiyə haqqında da, Ermənistan haqqında da, görünür, Azərbaycan hakimiyyəti haqqında da demək olar. Bununla bağlı hamıda aydınlıq var. Mən bu paralel proseslərin heç birində ciddi irəliləyişlər gözləmirəm. Ancaq proses özü davam edəcək. Təbii ki, bunları da diqqətlə izləmək lazımdır. - Sizcə, Türkiyənin Azərbaycan siyasəti bundan sonra hər hansı formada dəyişəcəkmi? - Biz bu səfəri bütövlükdə və verilən bəyanatları ayrılıqda müsbət qiymətləndiririk. Eyni zamanda bunu da görməmək mümkün deyildi ki, baş nazir Ərdoğanla İlham Əliyev arasında danışıqlar kifayət qədər gərgin keçib. Bu gərginlik heyətlərarası görüş zamanı baş nazir Ərdoğanın verdiyi açıqlamadan da görünürdü, mətbuat konfransının ilk dəqiqələrində də açıq-aydın hiss olunurdu. Baş nazirin parlamentdəki çıxışı mükəmməliydi və oradakı mesajlar da çox diqqətçəkəniydi. Orada Atatürklə yanaşı, Rəsulzadənin adının çəkilməsi, təbii ki, təsadüf deyil. Diqqət etsəniz, belə bir tendensiya yaranmışdı ki, hər zaman Atatürklə yanaşı Heydər Əliyevin adı çəkilirdi. Bu dəfə Rəsulzadənin adı başqa kontekstdə yox, məhz Atatürklə yanaşı çəkildi. Bu, ciddi bir mesajıydı. Təbii, bu mərhələdə Azərbaycan hakimiyyətinin davranışı Türkiyə üçün izsiz keçmədi. Çünki Azərbaycan hakimiyyətinin narahatlıqları səmimiydisə, bunları Türkiyə dövlət nümayəndələri ilə görüşlərdə dilə gətirmək, araşdırmaq mümkünüydü. Böhranabənzər situasiyanın yaranması əhəmiyyətli dərəcədə Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə baş verdi. Bunu da heç kim görməzliyə vurub keçə bilməz. Odur ki, müəyyən münasibət dəyişiklikləri olacaq. Ancaq Azərbaycan və Türkiyə münasibətləri çox önəmlidir. Bu, sadəcə bir millət-iki dövlətin münasibətləri deyil, strateji maraqları önəmli dərəcədə eyni olan iki dövlətin münasibətləridir. Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq münasibətlər inkişaf etməlidir və bu münasibətlərdən doğan vəzifələr həyata keçirilməlidir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar