SON XƏBƏRLƏR

D. Şahnazaryan: «Vaxt Azərbaycanın xeyrinə işləyir»

2021.10.20, 07:36
D. Şahnazaryan: «Vaxt Azərbaycanın xeyrinə işləyir»

Gunaz.tv
"Dağlıq Qarabağ probleminin həllində vaxt Azərbaycanın xeyrinə işləyir. Proseslərin gedişi göstərir ki, yaxın gələcəkdə münaqişənin həll olunmasında bütün şərtləri rəsmi Bakı diqtə edəcək". Bu fikirləri erməni siyasətçiləri səsləndirirlər. Ermənistan Milli Konqressinin nümayəndəsi David Şahnazaryan jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ probleminin həllində üstünlük artıq Azərbaycan tərəfindədir. Onun fikrincə, rəsmi Yerevan münaqişənin onun arzusu çərçivəsində həlli üçün heç bir təsir rıçaqlarına malik deyil. «Bu gün problemin nizamlanmasında qeyri-şərtsiz hər şey Azərbaycan prezidentinin hansı qərarı qəbul etməsindən asılıdır»- deyə o bildirib. Şahnazaryan onu da əlavə etməyi unutmayıb ki, ötən hər il Azərbaycana daha da çox uğur, rəsmi Yerevana isə uğursuzluq gətirir. Belə ki, son vaxtlar Ermənistan xarici siyasətdə rəsmi Bakı qarşısında aciz vəziyyətə düşüb, ölkədə iqtisadi böhran dərinləşir, sosial durum isə hər gün daha da pisləşir. Sözsüz ki, münaqişənin həlli və Şahnazaryanın Ermənistandakı durumla bağlı etirafları reallığın təsdiqidir. Belə ki, Azərbaycan diplomatiyasının uğuru dünyada mövcud olan ikili standartlara da üstün gələrək Ermənistanı beynəlxalq aləmdə çətin vəziyyətə salıb. Keçən ay BMT-nin baş katibi Ban Ki-Moonun «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair» xüsusi hesabatla çıxış etməsi bunun göstəricisi sayıla bilər. Bu günədək NATO, AŞPA və digər nüfuzlu qurumlar tərəfindən Azərbaycanın haqq işi yüksək səviyyələrdə müdafiə olunub. Rəsmi Yerevan isə həmişə qınaq obyektinə çevrilib. Ermənistan iqtisadi göstəricilər baxımdan da Azərbaycandan geri qalır. Məsələn, 2009-cu il üçün Azərbaycanın dövlət büdcəsi 15,2 milyard dollar təşkil etdiyi halda, Ermənistanda bu rəqəm 2,4 milyard dollar olub. Ötən ilin yanvar ayının göstəricilərinə görə, Azərbaycanda idxal 4, ixrac isə 9 faiz artıb. Ermənistanda isə müvafiq olaraq 20 və 44 faizlik azalma müşahidə olunub. Yerevandakı «İqtisadiyyat və qiymət» mərkəzinin apardığı araşdırmalara görə, böhranla bağlı olaraq yaxın günlərdə ölkədəki şirkətlərin demək olar ki, hamısında işçilərin 40 faizi işdən çıxarılacaq. Ermənistanın xarici işlər nazirinin müavini Karine Kazinyan bir neçə gün öncə açıq şəkildə bəyan edib ki, erməni tərəfi Azərbaycan və Türkiyə rəsmilərilə görüş keçirərkən münasibətlərin qurulması üçün yollar axtarır. Kazinyanın «Müasir şəraitdə dünyadan təcrid olmaq düzgün deyil» sözləri isə Ermənistan rəhbərliyində fikirlərin haçalanmasından xəbər verir. Çünki Ermənistanın dünyadan təcrid olunmasına və hər gün daha da aciz duruma düşməsinə səbəb sələflərinin yolunu davam etdirən indiki Ermənistan hakimiyyətidir. Bu arada vaxt ötür. Təbii ki, Azərbaycanın xeyrinə…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar