SON XƏBƏRLƏR

“CAN QARDAŞLARIM”. ƏRDOĞAN PARLAMENTDƏKİ ÇIXIŞINA BU SÖZLƏRLƏ BAŞLAYIB

2021.10.20, 07:36
“CAN QARDAŞLARIM”. ƏRDOĞAN PARLAMENTDƏKİ ÇIXIŞINA BU SÖZLƏRLƏ BAŞLAYIB

Gunaz.tv
“CAN QARDAŞLARIM”. ƏRDOĞAN PARLAMENTDƏKİ ÇIXIŞINA BU SÖZLƏRLƏ BAŞLAYIB Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Milli Məclisdə çıxış edib. “Media forum” xəbər verir ki, Ərdoğanın çıxışından əvvəl hər bir millət vəkilinin masası üzərindəki monitorlara Türkiyə və Azərbaycanın bayraqlarının fonunda “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” şüarı yazılmış rəsm yerləşdirilib. İclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən danışıb, regionda və dünyada bəzi qüvvələrin bu münasibətləri qısqandığını və pozmağa çalışdıqlarını deyib: “Azərbaycan -Türkiyə dostluq və qardaşlığı əbədidir, sarsılmazdır. Azərbaycan ən çətin vaxtlarında Türkiyənin dostluğunu, qardaşlığını görüb. Eyni zamanda Türkiyənin sevinci bizim sevincimiz, uğuru uğurumuz olub. Azərbaycan və Türkiyə hər zaman bir-birinə güvəniblər, güvənirlər və güvənəcəklər”. Daha sonra Türkiyə baş nazirinin çıxışı başlayıb. O, nitqinə “Can qardaşlarım” ifadəsi ilə giriş edib. Ərdoğan Azərbaycanda özünü evindəki kimi hiss etdiyini söyləyib: “Xarici ölkədə deyil, qardaşlarımın arasında olduğumu bilirəm. Bakıya ayaq basdığımız andan göstərdiyiniz xoş münasibət və qonaqpərvərlik bunun sübutudur. Buna görə qardaşım İlham Əliyevə və Azərbaycan xaqlına bu qəbul münasibətilə təşəkkür edirəm. Biz də sizlərə Türkiyədəki 71 milyon yarım qardaşınızın salam və sevgilərini gətirdik. Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun”. Ərdoğan Türkiyə və Azərbaycan xalqları arasında qardaşlığının gerçək olduğunu vurğulayıb: “Aramızdakı həmrəylik ruhu yaxşı gündə olduğu kimi pis gündə də, sülh zamanı olduğu kimi müharibə zamanı da davam edib. Xalqarımız birlikdə seviniblər, birlikdə üzülüblər, birlikdə savaşıblar. Azərbaycanın istiqlalı, hürriyəti, rifahı və hüzuru bizim öz istiqlalımız, hürriyətimiz, rifahımız qədər önəmlidir. Aramızda sarılmaz bağlar var. Dinimiz, inanclarımız, mədəniyyət təsəvvürümüz birdir. Eyni nağılları dinlədik, eyni ritmlərlə, eyni musiqi ilə duyğulandıq, eyni oyunlarla əyləndik. 1920-ci ildə Atatürkün söylədiyi kimi, Azərbaycanın kədəri kədərimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir”. Azərbaycanın banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının Ankarada olmasını da qardaşlığın nümunəsi olaraq dəyərləndirən Ərdoğan Bəxtiyar Vahabzadənin və Yavuz Bülənt Bakilərin şeirlərindən misralar səsləndirib. Sözlərinə “Can azərbaycanlı qardaşlarım” deyə davam edən baş nazir siyasi əlaqələrdən danışıb. O, Türkiyənin Azərbaycanın istiqlalını tanıyan ilk dövlətlərdən olduğunu, tarixən inkişaf etdiyini vurğulayıb: “Bu münasibətlərin dünyada başqa iki ölkə aradındakı münasibətlərlə müqayisəolunmaz dərəcədə dərinliyi və yaxınlığı olduğunu cümlə-aləm bilir. İki ölkənin tale birliyini kimsənin mübahisə mövzusu etməsinə imkan vermərik. Beynəlxalq platformada bir-birinin hüququnu qorumaq ölkələrimizin ən böyük hədəfidir. Beynəlxalq toplantılarda nə dediyimi o ölkələrin liderləri çox yaxşı bilir. Aranızda bir çoxlarınız o toplantılarda mənim də, nazir və deputat dostlarımızın da Azərbaycanla bağlı necə mövqe tutduğunu çox yaxşı bilirsiniz. Bunu biz də çox yaxşı bilirik. Bu səbəbdən aramızda fitnəyə-fəsada yer olmamalıdır. Kimsə belə fikir daşıyırsa ona deməliyik – Türkiyədən bizim əleyhimizə söz gəlməz. Çünki biz bir-birimizə o dərəcədə güvənirik, o dərəcədə bağlıyıq. Bir-birimizi qoruyaraq, bəşəri dəyərlərlə münasibətlərimizə davam edəcəyimizə kimsənin şübhəsi olmasın”. Ərdoğan yalnız 2008-ci ildə iki ölkə arasında baş nazir və prezidentlər səviyyəsində 10, nazirlər səviyyəsində 30-dan çox görüş keçirildiyini və bunun qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyib. İqtisadi münasibətlərin inkişafından danışan Ərdoğan 2008-ci ilin iyun ayında iki ölkə arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçdiyini, Türkiyənin qeyri-neft sektoruna 3 milyard dollardan artıq yatırım qoyduğunu və bu sahədə lider olduğunu bildirib. İkitərəfli münasibətlərin digər hədəfinin bölgədə sülh, təhlükəsizlik, rifah və sabitliyə yardım etmək olduğunu qeyd edən baş nazir regional enerji və nəqliyyat layihələrindən söz açıb. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurumla yanaşı Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin önəmindən danışan baş nazir bu proseslərin iki ölkə münasibətləri ilə yanaşı, regionun sabitliyə qovuşması baxımından önəmli olduğunu deyib. Daha sonra isə münasibətlərdəki gərginlikdən danışıb: “Təəssüf ki, son dönəmlərdə spekulyativ və yalan xəbərlər səbəbindən qardaşlığımızın kölgələnməyə çalışılmasına şahid olduq. Bir stəkan suda fırtına qoparıldı. Bir saytın ermənicə bölümündə yayımlanan uydurma xəbər səbəbindən dost və düşmən ölkələrin diqqəti buna yönəldi. Can qardaşlarım! Türkiyənin Qarabağdan vaz keçməsini demək belə ayıbdır. Bu iftiranı bir daha rədd edirəm. Bu yalan xəbərlər üzərinə bəzi açıqlamalar verildi. Mən öz parlamentimdə, öz qrup toplantılarımda, İngiltərədəki çıxışımda bunu təkzib etdim. Amma bunlara rəğmən xəbərlər davam etdi. Türkiyə əleyhinə kampaniya aparıldı. Diplomatiyada hamımızın bildiyi qayda var – müzakirələr bitmədən, bir yerə gəlmədən ictimaiyyətlə paylaşma məhdud olur. Bundan “nələrsə saxlanılır” nəticəsi çıxarılmamalıdır. Bir ölkənin baş nazirinin dediyinəmi inanmaq, sayğı duymaq lazımdır, yoxsa bir saytın yalan xəbərinəmi? Qarabağ müzakirələrinin detalları da ictimaiyyətə açıqlanmır – 18 ildir davam edir. Orta Şərqdə də bənzər siyasət izlənir. Türkiyə-Ermənistan münasibətləri kontekstində də fərqli bir şey yoxdur. Burada səbəb-nəticə əlaqəsi var. Türkiyə-Ermənistan sərhədi o zaman bağlanıb ki, Dağlıq Qarabağı tamamən Ermənistan işğal edib. Yəni bu ortadan qalxdığı zaman sərhədlər açılacaq. Biz azərbaycanlı qardaşlarımızla razılaşmadan addım ata bilmərik. Bunlar bir-biri ilə bağlantılıdır. Ayrı şey düşünülə bilməz. Prezidentlə birgə açıqlamada da mən bunu təkrar etdim”. Baş nazir zamanı gəlmədiyi üçün müzakirələrlə bağlı ictimaiyyətə bilgi vermədiklərini, amma yanlış anlamaları aradan qaldırmaq üçün ən yuxarı səviyyədə açıqlamalar verdiklərini vurğulayıb: “Bizim Xarici İşlər Nazirliyi açıqlama verdi. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Qarabağ siyasətinin dəyişmədiyini açıqladı. Mən də bunları söylədim. Bunlarla bərabər vəzifəyə gəldiyimizə nə düşünürdüksə, indi də onu düşünürük. Çünki bir millət-iki dövlətik. Bu anlayışımız təməldir, dəyişiklik yoxdur, ola bilməz”. Baş nazir Qafqaz bölgəsinin dünyada müqayisəolunmaz önəmə sahib olduğunu deyib: “Bölgədə ciddi ixtilaf və problemlər var. Bunlar bölgəni məşğul edən, risklər yaradan problemlərdir. Xüsusilə keçən ilin avqustunda Gürcüstan-Rusiya savaşı həll olmadan bu münaqişələrin necə təhlükə daşıdığını göstərib. Qafqazda sabitliyin təmini baxımından təklif etdiyimiz Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının önəm daşıdığını düşünürük. Bunun Azərbaycana da ciddi faydası olacaq. Bizim problemlərə baxışımız Azərbaycanın baxışından fərqli deyil. Hədəfimiz Cənubi Qafqazda qarşılıqlı anlayış və qonşuluq münasibətlərinə əsaslanan münasibətlərin formalaşmasıdır. Ancaq güvənsizlik və dondurulmuş münaqişələr buna əngəl təşkil edir. Bu problemlərin ən böyüyü bizə görə Qarabağ məsələsidir. Türkiyənin Dağlıq Qarabağ siyasəti açıq və konkretdir. Siyasətimizdə heç bir dəyişiklik olmayıb. Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini istəyirik və tələb etməyə davam edəcəyik”. Ərdoğan Ermənistanla Türkiyə arasındakı müzakirələrin bütün detalları ilə bağlı Azərbaycana məlumat verildiyini deyib: “Prezidentimiz 6 sentyabrda Ermənistana getdikdən dərhal sonra Azərbaycana gəldi. Xarici işlər nazirimiz 9 fevralda Münhendən dönərkən Ankaraya belə gəlmədən birinci əldən Azərbaycana bilgi verdi. Amma hər halda burada bir kommunikasiya sıxıntısı olmuş olacaq ki, bu nöqtəyə gəlindi. Bundan sonra Türkiyə ilə bütün problemləri birinci əldən müzakirə etməyə cəhd edəcəyik. Media ilə bu əlaqələri qura bilmərik. Medianın nə etdiyini görürük. Bunlar birbaşa danışılacaq qədər önəmli məsələlərdir”. Baş nazir apreldə Türkiyəyə gələn ABŞ prezidenti Obama ilə müzakirələrdə də birinci məsələnin Türkiyə-ABŞ münaqibətləri deyil, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsi olduğunu bildirib: “Bu mövzudakı mövqeyimizi tərəfdaşımıza anlatdıq və problemin həllinə dəstək vermələrini istədik. Qarabağ məsələsi ABŞ-ın xarici siyasət gündəminə daxil oldu. Azərbaycanın milli mənafelərinə xələl gətirəcək addımlar atmadıq, bundan sonra da atmayacağıq. Bu zamana qədər Azərbaycan xalqının mənafelərini gözardı etmədik, bundan sonra da etməyəcəyik. Azərbaycanın üzüntüsü üzüntümüz, sevinci sevincimizdir. Hər kəs rahat olsun. İşğal bitmədən, azru edilən sülhün təsisinin mümkün olmadığını bütün bölgə ölkələri bilir. Qarabağ məsələsində irəliləmə olmadan Cənubi Qafqazda sabitlik mümkün deyil. Bunu hər kəsə söylədik. Bunu beynəlxalq birliyin gündəliyinə daxil etdiyimiz üçün məmnunuq”. Türkiyə XİN-ni Ermənistanla münasibətlərə dair açıqlamasına toxunan Ərdoğan bu prosesdə Dağlıq Qarabağ probleminin gözardı edilməyəcəyini söyləyib: “Dağlıq Qarabağ probleminin səbəb olduğu nəticə də gözardı edilməyib və edilməyəcək. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yönündə irəliləyiş olmasının şərti Qarabağ məsələsində irəliləyiş olmasıdır. Bunlar atbaşı gedərsə, biz müzakirədə varıq, getməzsə, yoxuq”. “Türkiyə ilə Ermənistan və Azərbaycanla Ermənistan arasındakı problemlər həll olunarsa bu, bütün Avrasiyanın mənafeyinə uyğun olacaq. Amma bütün bunların olması üçün işğal başa çatmalıdır – bunu bütün dünyaya xatırlatmaq istəyirəm. Sülh və sabitlik sadəcə söz və istəməklə olmaz. Bunun üçün can-başla çalışmaq lazımdır. Xüsusilə Azərbaycan-Ermənistan probleminin həllində müsbət rol oynaya biləcək ABŞ, Rusiya və Fransanı xəbərdar edirəm. Bir an öncə bu addım atılmalı və nəticə əldə olunmalıdır”. Ərdoğan Azərbaycan və Türkiyə münasibətlərinin bənzərinin olmadığını bildirib: “İki ölkə arasındakı münasibətlər gerçək qardaşlıq münasibətidir. Azərbaycanın canı canımız, varlığı varlığımız, xoşbəxtliyi xoşbəxtliyimizdir. Beynəlxalq münasibətlərdə qardaşlıq ifadəsinin yeri yoxdur. Bu, sadəcə, bizim aramızda var. Biz istəyirik ki, ölkəmizin varlığı Azərbaycan xalqına güvən versin. Bu məsələdə vəzifəmiz dosta-düşmənə güclü mesaj vermək, münasibətlərimizi yıpradacaq əməllərə izin verməməkdir”. Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərindən parçalarla tamamlayıb. Ərdoğanın MM-dəki çıxışını xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm nazirii Ərtoğrul Günay, enerji və təbii sərvətlər naziri Taner Yıldız, nəqliyyat naziri Binəli Yıldırım, dövlət naziri Zəfər Çağlayan, Ermənistanla danışıqlarda əsas rol oynayan XİN Qafqaz masasının rəhbəri Əhməd Ünal Çeviköz, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və səfir Hulusi Kılıç izləyiblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar