SON XƏBƏRLƏR

İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “MƏN AZƏRBAYCANIN QEYRƏTİNƏ GÖZ DİKMİŞƏM”

2021.10.20, 07:36
İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “MƏN AZƏRBAYCANIN QEYRƏTİNƏ GÖZ DİKMİŞƏM”

Gunaz.tv
İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “MƏN AZƏRBAYCANIN QEYRƏTİNƏ GÖZ DİKMİŞƏM” Əkbər Ələmi İranın Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində, Əli İbn Əbutalib məscidində öz tərəfdarları qarşısında çıxış edən prezidentliyə namizəd, təbrizli Azərbaycan türkü Əkbər Ələmi seçkiqabağı platformasını açıqlayıb. “Media forum” saytının məlumatına görə, Ə.Ələmi deyib ki, ölkənin rəsmi mediası və hakimiyyətin həm mühafizəkar, həm də islahatçı qanadı onu boykot edir. Bunu pisləyən Ə.Ələmi prezident seçkisində yalnız Azərbaycan xalqına güvəndiyini vurğulayıb: “Mənim səlahiyyətimi siyasi hakimiyyət yox, xalq təyin edir. Mənim heç bir siyasi qrup və ya partiyanın dəstəyinə ehtiyacım yoxdur. Mənə dəstək verən yeganə siyasi təşkilat Azərbaycandır. Mən Azərbaycanın qeyrətinə göz dikmişəm”. Ə.Ələmi bir sıra namizədlərin xalqların dil və mədəniyyəti ilə bağlı verdikləri vədlərin populizmdən başqa bir şey olmadığını bildirib: “Bunlar həmişə yalnız seçki ərəfəsində konstitusiyanın xalqların dil və mədəniyyətinə dair maddələrinin icra olunmadığını xatırladıb prezident seçiləcəkləri təqdirdə həmin maddələrə əməl edəcəklərini və geniş islahatlar aparacaqlarını deyirlər. Mən isə onlara deyirəm: Siyasi hakimiyyət 30 ildir sizin əlinizdədir, dəyişiklik etmək istəsəydiniz, indiyəcən edərdiniz. Dəyişikliyi yalnız o adam edə bilər ki, ona inamı olsun”. Ölkədə din adı altında hökmranlıq edənlərin islama böyük zərbə vurduqlarını söyləyən azərbaycanlı namizəd qeyd edib: “Heç şah da islama bu qədər zərbə vurmamışdı. Mən vaxtilə şahlıq üsul-idarəsinə qarşı mübarizə aparmışam. Bilsəydim, belə olacaq, bəzi adamlar gəlib hər şeyə hakim olacaq, heç vaxt şaha qarşı çıxmazdım”. Ə.Ələmi indiki prezident Mahmud Əhmədinejadın 4 il ərzində ölkəni 30 il geri atdığını vurğulayıb: “Populizmdənsə, xalqla səmimi olmaq lazımdır. 4 il əvvəl xalq Rəfsəncaniyə səs verməyib Əhmədinejadı seçdi. Xalq Əhmədinejadın ona xidmət edəcəyi barədə vədlərinə ümid edirdi. Xalq Əhmədinejadın bəzi şəxslərə bağlı olmasından xəbərsiz idi. Əhmədinejad böyük möcüzələr etdi. Onun möcüzələrindən biri odur ki, 4 ildə ölkəni 30 il geri atdı. İş o yerə gəlib çatıb ki, insanlar keçmişin həsrətini çəkir, bəziləri Rəfsəncaninin, bəziləri isə Xatəminin yaxşı olduğunu deyir. Halbuki onların hər ikisi bir bezin qırağıdır”. Azərbaycan milli kimliyi uğrunda dinc mübarizədə qətlə yetirilənlərin xatirəsini yad edən Ə.Ələmi hökumətin Fələstin xalqının mənafeyini öz xalqının mənafeyindən üstün tutmasına da kəskin etiraz bildirib: “Fələstində iki nəfəri öldürəndə bütün aləmə car çəkib hay salırsınız. Halbuki özünüz Sulduzda azərbaycanlıların “İran” qəzetində təhqir olunmasına dinc etiraz edən 4 fəalı öldürmüsünüz. Bu azmış kimi, həmin adamlara atəş açanları aparıb daha böyük vəzifələrə qoymusunuz. O qətllər digər şəhərlərdə də təkrarlanmışdı. Siz yalnız öldürürsünüz və müxaliflərə öz sözünü deməyə imkan vermirsiniz. Qurana and olsun, nə qədər ki, bütün hakimiyyət bu 200 nəfərdən ibarət komandanın əlindədir, ölkə düzəlməyəcək və islahatlar baş tutmayacaq”. Prezidentliyə azərbaycanlı namizəd çıxışını bu sözlərlə bitirib: “Xalqım mənə oğul desə, xalqım məni layiq görsə, tanrım mənə yardım etsə, mən bu elin qurbanıyam”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Ə.Ələmidən başqa hazırkı prezident Mahmud Əhmədinejad, keçmiş baş nazir Mirhüseyn Musəvi, keçmiş spiker Mehdi Kərrubi, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi də prezidentliyə namizədliklərini rəsmən irəli sürüblər. Əkbər Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar