SON XƏBƏRLƏR

MOSKVADA SOVETSAYAĞI HƏRBİ PARAD KEÇİRİLDİ

2021.10.20, 07:36
MOSKVADA SOVETSAYAĞI HƏRBİ PARAD KEÇİRİLDİ

Gunaz.tv
Dmitri Medvedyev: «Hərbi avantüraya əl atmaq istəyənlər bu gündən dərs götürsün» Dünən Moskvada II Dünya müharibəsinin başa çatması və faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə hərbi parad keçirilib. Artıq ikinci ildir ki, mayın 9-nu özünün hərbi qüdrətini Qərbə nümayiş etdirmək üçün istifadə edən Rusiya bu dəfə qələbə günü münasibətilə son illərin ən böyük hərbi paradlarından birini təşkil edib. Rusiya KİV-nin xəbərinə görə, parada 9 min hərbçi qatılıb, qoşunlar ilk dəfə SSRİ dövründə keçirilən hərbi paradlardakı qaydalar üzrə Kremlin qarşısındakı Qızıl meydandan keçiblər. Parad müdafiə naziri Anatoli Serdyukovun mərkəzi tribunda dayanan prezident və ali baş komandan Dmitri Medvedyevə raport verməsi ilə başlayıb. Daha sonra çoxsaylı hərbçilərdən təşkil olunmuş hərbi orkestr Rusiyanın dövlət himini ifa edib. Rusiya prezidentinin çıxışından sonra təbilçilərin dəstəsi meydandan keçib, daha sonra Rusiya bayraqlarını daşıyan qrup meydanda görünüb. Bunun ardınca meydandan Taman və Kantemirov tank diviziyaları, motoatacı briqada, hərbi-hava qüvvələrinin desant qüvvələri, dəniz piyadaları briqadası, daxili qoşun hissələri, ali hərbi məktəblərin kursantları keçiblər. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb. İndiki paradın əsas xüsusiyyəti orada hərbi maşınların sayının artıq olması ilə bağlıdır. Belə ki, parada 112 vahid döyüş texnikası qatılıb, quru qoşunlarını T-90 tankları, piyadaların döyüş maşınları, operativ-taktiki «İsgəndər» raketləri, «Smerç» qurğuları, «Buk» hava hücumundan müdafiə sistemləri təmsil edib. İlk dəfə parada dünyada analoqu olmayan S-400 «Triumf» zenit-raket sistemləri də qatılıb. Qoşunların keçidindən sonra növbə hərbi hava qüvvələrinə çatıb. Qızıl meydan üzərindən 69 təyyarə və vertolyot keçib, onların arasında səsdən iti uçan Tu-160 strateji bombardmançıları, Tu-22M uzaqmənzilli strateji bombardmançısı, hərbi nəqliyyat təyyarələri və hava qüvvələrinin yüksək pilotaj qrupları olub. Paradı tribundan baş nazir Vladimir Putin və müharibə veteranları ilə birlikdə izləyən prezident Medvedyev deyib ki, bugünkü tarix hərbi avantüraya əl atmaq istəyənlər üçün dərs olmalıdır. Bəzi ölkələri hərbi avantüralardan çəkinməyə çağıran Medvedyev deyib ki, faşızm üzərində qələbə bütün xalqlara böyük dərsdir. Minlərlə hərbçinin qarşısında çıxış edən Rusiya lideri hansı ölkənin nəzərdə tutulduğunu açıqlamasa da bu bəyanatın Gürcüstanın ünvanına söylənildiyi zənn edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar