SON XƏBƏRLƏR

PREZİDENTLƏRİN PRAQA GÖRÜŞÜ MÜƏMMALARA SƏBƏB OLUB

2021.10.20, 07:36
 PREZİDENTLƏRİN PRAQA GÖRÜŞÜ MÜƏMMALARA SƏBƏB OLUB

Gunaz.tv
PREZİDENTLƏRİN PRAQA GÖRÜŞÜ MÜƏMMALARA SƏBƏB OLUB Rəsmi Bakı və Paris görüşün uğursuzluğundan danışır, İrəvan susur, Vaşinqton və Moskva isə irəliləyişlərin olduğunu deyir İ.ABBASOV Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü çətin şəraitdə keçib. ANS-in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan özünün qeyri-konstruktiv mövqeyini təkrar nümayiş etdirib. Belə ki, yenidən iki il əvvəl danışıqlarda təklif etdiyi formulu müzakirəyə çıxarmaq istəyən Ermənistanın daha sərt tərzi nəzərə çarpıb. Diplomatik mənbələr Ermənistanın bu mövqeyini daha çox Türkiyə ilə Ermənistan arasında imzalanmış "Yol xəritəsi"nə bağlayıblar. Ermənistanın məhz bu sənədin qəbulundan sonra mövqeyini sərtləşdirdiyi xüsusilə diqqət çəkir. Bu mövqe isə ümumilikdə danışıqlar prosesinə mənfi təsir göstərir. Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar çox gərgin keçdiyini Fransa xarici işlər naziri Bernar Kuşner "Exo Moskvı" radiostansiyasına müsahibəsində etiraf edib (APA). O İlham Əliyev və Serj Sarqsyanın Praqa görüşünü belə şərh edib: "Tərəflər arasında çoxlu anlaşılmazlıqlar var. Hər kəs öz xəttini yürüdür və eyni süjetə fərqli reaksiya verirlər. Lakin əllər boşalmamalıdır, irəlidə prezidentlər Əliyev və Sarqsyanın arasında görüləsi çox iş var". Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü srağagün Praqada keçirilib. "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Praqaya səfər etmiş Azərbaycan prezidenti Türkiyənin prezidenti Abdulla Güllə də görüşüb. Anadolu Agentliyinə istinadən verilən xəbərə görə, görüş təxminən 50 dəqiqə davam edib. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu da iştirak ediblər. Prezident Gülün görüşü "müsbət və faydalı" adlandırdığı qeyd olunur. İki qardaş ölkə prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan yaxınlaşmanın da müzakirə olunduğu istisna edilmir. Bu zamana qədər rəsmi Ankara qardaş Azərbaycana arxa çevirməyəcəyini bəyan edir. Hər halda, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son davranışları da rəsmi Bakını və Ankaranı düşmənlə daha ehtiyatlı davranmağa dəvət edir. Prezidentlərin ağır görüşündən sonra Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Metyu Brayza (ABŞ) Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra birgə bəyanat yayıblar. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bəyanatda mayın 7-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin xarici işlər nazirləri ilə birlikdə ABŞ-ın Praqa səfirliyində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyi bildirilir: "Bu bir ildən də az müddət ərzində prezidentlərin dördüncü görüşüdür. Həmsədrlər hesab edirlər ki, görüşlərin hər biri tərəfləri irəliləyişə yaxınlaşdırır. Bu mənada mayın 7-də keçirilmiş görüş mühüm irəliləyişin olduğunu göstərir. Prezidentlər həmsədrlərin irəliləyiş üçün vacib olan elementlərin toplanması ilə bağlı məkik diplomatiyasını gücləndirmək planını alqışlayır. Həmsədrlər regiona növbəti səfərlərini və prezidentlərə iyunda Sankt-Peterburqda keçirilməsi təklif olunan növbəti sammiti səbirsizliklə gözləyirlər. Həmsədrlər hesab edirlər ki, qarşıdakı görüşlər ilin sonunadək təməl prinsipləri ilə bağlı konkret irəliləyiş əldə etməyə imkan verəcək". Amma maraqlıdır ki, ağır keçən görüşü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümidverici hesab edib. ABŞ-a səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Lavrov Karnegi Fondunda Rusiya ilə məşğul olan amerikalı ekspertlərlə görüşüb. Görüşdə APA-nın müxbirinin sualını cavablandıran S. Lavrov Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünə dair yaydığı bəyanata münasibət bildirib. Cənab Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri 2007-ci ilin payızında Madriddə tərəflərə təqdim olunub, həmin prinsiplər bu gün də müzakirə masasındadır: "Hər iki tərəf bəziləri istisna olmaqla, qalan prinsipləri qəbul edib. Aparılan sonuncu danışıqların məqsədi qeyd etdiyim məqamlar üzrə son razılıq əldə etməkdən ibarətdir. Tərəflərin konkret hansı məqamlar üzrə razılıq əldə etməsi barədə hesabatı mən hələ almamışam. Lakın ötən ilin noyabrında Moskvada, indi isə Praqada əldə olunan razılıqlar ümidvericidir". Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin iyununda Sankt-Peterburqda keçiriləcək iqtisadi foruma qatılmağa razılıq verdiyini qeyd edən S. Lavrov forum çərçivəsində daha bir görüşün təşkilinə imkan yaranacağını söyləyib: "Əldə olunan son razılaşmalar ümidverici olsa da, bu, vaxt tələb edən prosesdir. Prezidentlərin müzakirə etdiyi məsələlərin detallarını açıqlamaq olmaz. Lakin ümumiyyətlə, biz Azərbaycan və Ermənistanın razılıq əldə etmək ehtimalına nikbin baxırıq". S. Lavrov görüşdə onu da bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində ikili standartlara yol vermir, münaqişəyə cəlb olunan tərəflərə öz mövqeyini diktə etmir. Minsk Qrupunun digər həmsədri olan Metyu Brayza isə "Azadlıq" radiosuna müsahibəsində xüsusi sevnclə danışıqların çox uğurlu keçdiyini deyib. Konkret olaraq hansısa uğurun adını çəkməyən həmsədr böyük nikbinlik nümayiş etdirib və o, bu nikbinliyinin heç də əsassız olmadığını deyib. Maraqlıdır ki, Azərbaycanın diplomatik qaynaqları bu görüşü çox uğursuz adlandırdığı halda, Brayzanı sevindirən hansı amildir?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar