SON XƏBƏRLƏR

İranda prezident seçkilərin baykot etməklə irqçi rejimə yox deyək! . Babək Azəri hüquqçu

2021.10.20, 07:36
İranda prezident seçkilərin baykot etməklə irqçi rejimə yox deyək! . Babək Azəri hüquqçu

Gunaz.tv
İranda prezident seçkilərin baykot etməklə irqçi rejimə yox deyək! Babək Azəri hüquqçu İranda prezident seçkilərində milli hərəkat naminə iştirak etmə hüquq, əxlaq, siyasət və iqtisadi baxımdan düzgün davraniş sayılmır və milli hərəkatımıza çox ciddi zəzər vura bilər. Elə bu mövzu ilə əlaqədar bəzi mülahizələri sizə çatdırmağı öz borcum hesab edirəm. Hüquq baxımından səs vermə haqqı qeyd - şərtsiz haqq sayılmır Bəziləri belə hesab edirlər ki, həddi - buluğa çatmış hər bir fərd istədiyi namizədə səs verə bilər. Bu hüququ baxımından həmin şəxsin demokratik haqqı sayılır. Burada xatırlatmalıyam ki, bu tamamilə kökündən yanlış fikirdir. Hüquq elmində səs vermə haqqı heç də qeyd - şərtsiz haqq deyil. Onunla bağlı bəzi şərtlər və məhdudiyyətlər var. Misal üçün, nisbi halda dünyanın azad ölkələri sayılan Qərb ölkələrində bəzi təşkilatlar, o cümlədən, neo nazist, faşist və bəzi irqçi təşkilatlar seçib, seçmək haqqından məhrumdurlar. Bu təşkilatlara mənsub olan fərdlər seçkilərdə namizənd ola bilməzlər. Elə bu səbəbə görə, onlara səs vermək istəyənlər də eyni zamanda səs vermə haqlarından istifadə edə bilməzlər. Bu ona görədir ki, bu təşkilatlar cinayət törədiblər, onlara səs vermək, cinayəti təsdiqləyib və onların yeni cinayət törətməsinə dəstək verməkdir. Bu nöqteyi - nəzərdən İranda prezident seçkilərində də iştirak etmək və Keşikçi Şurasının filterindən keçən namizədlərə səs vermək İran rejiminin etdiyi cinayəti təsdiqləməkdir. Əlbəttə, daxildə yaşayan yurddaşlarımızın bəziləri bəzi məsələləri göz önünə gətirib, səs vermək məcburiyyətində qalırlar. Misal üçün, işdən kənar edilmə, ya ali təhsilə mane olmaq təhlükəsi onları səs verməyə məcbur edir. Bu cür halda onlar verdiyi səsə hüquqi baxımdan məsuliyyət daşımırlar və bu səslər hədə vasitəsi ilə alındığı üçün etibarlı sayılmırlar. Ümumi halda belə demək olar, çox çətindir ki, təyin edək İran daxilində səs verənlərdən kimsə məcburi və ya könüllü səs verir. İran rejimi müvəffəq olub kütlə içərisində belə bir fikir yarada, əgər seçkilərdə iştirakla bağlı hər hansı bir fərdin pasportuna möhür vurulmazsa, indi də olmasa, gələcəkdə, o, fərdə problem çıxacaq. Amma, o, yurddaşlarımız, xüsusən, dünyanın azad ölkələrində yaşayanlar, əgər bu seçkilərdə iştirak edərlərsə, onlar bilə - bilə, yəni ixtiyarı olduğu halda rejimə səs verirlərsə, o zaman onlar İranda törədilən cinayətlərlə bağlı məsuliyyət daşıyırlar. Qeyd edim ki, bunu yazmaqla mən xaricdə yaşayan soydaşlarımızın yaşadığı ölkədəki İran səfirliyinə gedib, prezident seçkilərinə səs verməsini nəzərdə tuturam. Əxlaq baxımından seçkilərdə iştirakı qınamalıyıq Bildiyiniz kimi, hər bir sağlam insanın vicdanı var və o, bir sıra əxlaq üsullarına inanır. Elə bu əxlaq üsulları əsasında pis və yaxşı arasında fərq qoyur. Pislikdən uzaq olub, yaxşılığa sevgi bəsləyir. Bu hesabla İrandakı prezident seçkilərində iştirak etməklə inandığımız əxlaq üsulların tapdamış oluruq. Bizim əxlağı vəzifəmizdir İran rejiminin törətdiyi cinayətə görə onu qınayaq və hal - hazırda bu qınamağı da seçkiləri baykot etməklə nişan verməliyik. Siyasi baxımdan mənfətimiz seçkiləri baykot etmədədir Siyasi baxımdan bu əhəmiyyətli suala cavab verməliyik: seçkilərdə iştirak etmək və ya baykot etməklə, nəyi ələ gətirib və nəyi əldən veririk? Bu suala cavab vermək üçün milli hərəkatın gedişatın mahiyyət baxımından tanımalıyıq. Ümumi halda, hər bir milli mücadilədə 3 əsas mərhələ var: 1. Oyanış mərhələsi: Bu mərhələdə ziyalılar çalışırlar camaatla əlaqə saxlayıb, onları öz milli mənfətləri və insan haqları ilə tanış edələr. Əgər onlar düzgün formada bu vəzifəni yerinə yetirsələr, milli hərəkatda ikinci mərhələ başlanar. 2. Kütləvi narazılıq mərhələsi: Bu mərhələdə xalqın çoxu az və ya çox şəkildə insan haqlarıyla və milli mənfətləri ilə tanış olub, bundan sonra müəyyən siyasi istəklərini ortaya qoyurlar. Əgər mərkəzi hökümət bu istəkləri həyata keçirmək yerinə, kütləyə qarşı basqını artıra, bu zaman kütlə ilə mərkəzi hökümət arasında təzad kəskinləşib, nəticədə milli hərəkat üçüncü mərhələyə daxil olar. 3. Kütləvi etirazlar və ya hücum mərhələsi: Bu vaxta qədər dünyada olan kütləvi etirazlar özün müxtəlif formalarda büruzə verib. Misal üçün, Çexoslavakiyada Vaslav Havel başda olmaqla birinci dəfə məxməri inqilab müvəffəqiyyət qazanmışdı. Amma Kubada bir neçə nəfər Fidil Kastro başda olmaqla mərkəzi hökümətə qarşı silahlı savaşa başlamışdırlar. Nəhayət mərkəzi höküməti yıxıb, özləri hakimiyyətə gəlmişdirlər. Hindistandakı istiqlal və azadlıq mücadiləsinə isə Mahatma Qandi başçılıq etmişdir. O, sivil formada mübarizə metodları seçib və zorakılıqdan uzaq olmaqla milli hərəkat nailiyyət qazanmışdı. İranda isə inqilab klassik mənada olmuşdur. Amma Çili və Cənubi Afrikada siyasi reformaların nəticəsində sərbəst şəraitdə seçkilər bərpa olmuşdu və müxalifət hakimiyyətə gəlmişdir. Göründüyü kimi yuxarıda çəkdiyim nümunələr bir - birindən çox ciddi şəkildə fərqlənirlər. Amma əgər diqqət etsəniz, görərsiniz ki, onlar iki şeydə bir - biri ilə müştərəkdirlər. Birinci, etirazlar kütləvi formada həyata keçir, ikincisi isə bu etirazların güclü və vahid rəhbərliyi var. Tamam təcrübələr nişan verir ki, kütləvi narazılığı ümumi etrazlara çevirmək, düzgün rəhbərlikdən asılıdır. 2006 - cı ilin may ayında Güney Azərbaycanın şəhərlərində və kəndlərində kütləvi formada mərkəzi hökümətə qarşı xalq öz narazılığın göstərmişdir. Hal - hazırda İran rejimi bilir ki, Güney Azərbaycanda kütləvi narazılıq var. O, bundan qorxur ki, Azərbaycanlı təşkilatlar və ya güclü Azərbaycanlı şəxsiyyətlər kütləvi narazılıqların dalğalarına minib, onu ümumi etiraza çevirələr və bunun nəticəsində nəhayət İran rejimi nəzarət böhranı ilə üz - üzə durar, hakimiyyəti laxlayar. İranda prezident seçkiləri Azərbaycanlı təşkilatlara və şəxsiyyətlərə yaxşı fürsətdi ki, seçimləri baykot etməklə, kütləvi narazılıqların dalğalarına minib, seçkini baykot formasında ümumi etiraza çevirə. Və bu vasitə ilə nəyə qadir olduğun sübut edə. Təbiidir, bu İran rejiminə xoş gələn hal deyil. O da öz növbəsində çalışır seçim oyununu bəhanə edib və öz Azərbaycanlı agentlərinin vasitəsi ilə Güney Azərbaycanda olan kütləvi narazılıqların dalğalarına minib, onu öz istədiyi istiqamətə yönəldə. Sadə formada desək, Azərbaycanlıların içində bu zehniyyəti yarada, əgər onların siyasi, iqtisadi, mədəni problemləri var, o, problemlər İranda hakim olan siyasi sistem və anayasanın çərçivəsində və İran rejiminin Azərbaycanlı agentləri, yəni Mirhüseyin Musəvi və Əkbər Ələminin başda olmağı ilə həll olar. Bu işin nəticəsi belə olar ki, İran rejimi bir tərəfdən Azərbaycanlıları səs sandıqlarının başına çəkib, özünə daxildə və xaricdə qanuni haqq qazandırar, digər tərəfdən də milli hərəkatı İran rejiminin qanuni müxalifətinə çevirib, öz nəzarəti altında saxlayar. Bunların hamısından da dəhşətlisi odur ki, millətimiz əməldə keçmiş 30 ildəki kimi bu seçimlərdən müsbət nəticə almayıb, bu dəfə də müsbət nəticə almayacaq. Amma əgər biz onları milli hərəkat naminə səs verməyə çağıraq, onlar milli hərəkata və milli fəallara inamını itirərlər. Amma əksinə, biz şəffaf və aydıncasına gerçəkləri ifşa edəriksə, lakin bizim bəzi sadəlövh yurddaşlarımız əgər möcüzə ümidi ilə seçkilərdə iştirak edərlərsə, əməldə biz deyən fikrə yetişsələr, onların milli fəallara və milli hərəkata inamı artar. İqtisadi baxımdan seçkilərdə iştirak etməyimiz düzgün deyil Bu gün dünyanın hər yerində iqtisadi böhrandan söhbət gedir. Dünyanın sərvətli, o cümlədən, Amerika, İsveç, Almaniya, Fransa və s. ölkələrdə maliyyə böhranları ilə bağlı çox ciddi narahatçılıqlar var. İran da bu haldan kənarda deyil. İranın əsas gəliri neftin ixracı ilə bağlıdır. Hal - hazırda İranın gəliri neftdən üçdən birə enibdir. Rejim çalışır İrandakı maliyyə böhranını gizlətsin, amma bu iş qəti mümkün deyil. İrana aid olan rəsmi xəbər agentlikləri hər gün işsizlik, fabriklərin iflasa uğramasından, qiymətlərin artmasından xəbər verirlər. Bu, o, mənadadır ki, qabaqda olan 4 ilin ərzində, yəni yeni prezident seçiləndən sonra İran çox ciddi iqtisadi böhranla üz - üzə olacaq. Bir tərəfdən əhalinin məişət şəraiti ağırlaşacaq və bu vəziyyətə qarşı etirazlar çoxalacaq, digər tərəfdən də İran rejimi əhaliyə nəzarətin qoruyub, saxlamaq üçün onun üzərinə basqını artıracaq. İran rejimi son 30 ildə nişan verib ki, iqtisadi islahat aparıb, xalqın məişət şəraitin yaxşılaşdırmaq yerinə, bir neçə milyon sipah və bəsic adlı silahlı qüvvə yaradıb və tez - tez müxtəlif bəhanələrlə Güney Azərbaycanın şəhərlərində hərbi manevrilər keçirib və bu vasitə ilə çalışır kütləni qorxutmaqla öz nəzarəti altında saxlaya. Bundan da əlavə, İran büdcəsinin böyük bir hissəsi qonşu ölkələrdə, yəni, İraqda, Livanda, Fələstində və hətta Şimali Azərbaycanda təxribat üçün sərf olunur. Biz qarşıda olan 4 ildə əhalinin güzaranının ağırlaşacağını bilə - bilə, onları seçkilərə dəvət etsək, millətin gözündə yalançı çoban kimi görünəcəyik. İki Azərbaycanlının namizəd olması seçkilərdə iştirak etməyə yetərli deyil Bildiyiniz kimi, iki Azərbaycanlı, Mirhüseyin Musəvi və Əkbər Ələmi prezidentliyə namizədliklərini elan ediblər. Çox təəssüf, bəzi milli fəallar, xüsusən, Əkbər Ələminin milli ruhlu şəxs olduğu üçün onun üzərində təkid edib və onu himayət etməyi bir milli vəzifə kimi qələmə verməyə çalışırlar. Adı çəkilən namizədlər hər ikisi də son 30 ildə İran rejiminin vəfadar agentləri kimi əməl edib və yüksək səviyyəli dövlət postunu tutublar. Amma onlar bəzi işlərinə görə, kütlə içində mənfi imic tapıblar. Misal üçün, Mirhüseyin Musəvi 1983 - cü ildə İranın dövlət başqanı olanda birinci dəfə ETTELLAT nazirliyi, yəni, İranın Milli Təhlükəsizlik Nazirliyin yaranması ilə bağlı layihə təklif etmişdir. Bu səbəbə görə, Mirhüseyin Musəvi İranın ETTELLAT nazirliyinin əsas təsisçisi sayılır. Hamımız yaxşı bilirik ki, yranandan bəri İran ETTELLAT - ı çox dəhşətli cinayətlər törədibdir. M.Musəvi də onun təsisçisi kimi çoxları tərəfindən suçlanır. Bundan da əlavə, 1988 - ci ilin yayında, o, dövlət başqanı idi və ancaq iki ayın ərzində müxalif qüvvələrin iddiasına görə, 12 min nəfər siyasi məhbus qətlə yetirilmişdir. Edam olanların 4488 nəfərinin kimliyi müəyyən olunub və bu gün də siyahısı var. Elə bu mövzu ilə əlaqədar Mirhüseyin Musəvi suşlanır. Digər namizəd Əkbər Ələmi də özünü sipahın ( İran İslam İnqilabını qoruyan ordu ) təsisçilərindən biri olduğunu vurğulayıb. Məlumat üçün qeyd etməliyəm, inqilab qalib gələndən sonra, 1979 - cu ildə sipah yaranmışdı. Güney Azərbaycana aid olan Xəlqi Müsəlman Partiyasın dağıdıb, aradan aparmaqda sipahın böyük rolu olub. Əkbər Ələmi sipahın yüksək vəzifəli üzvi kimi Xəlqi Müsəlman Partiyasına qarşı hansı rolu oynadığı məlum deyil. Prezidentliyə namizədliyini elan edən hər iki Azərbaycanlının keçmişində şübhəli məqamlar var. Elə bu səbəbə görə, onlar Azərbaycanlıların təmsilçisi olmadan qabaq, öz adların təmizləmək məcburiyyətindədirlər. Əgər bu iş olmadan onlar Azərbaycanlıların təmsilçisi kimi meydana çıxsalar, BİRLİK yerinə ixtilaflara səbəb olarlar. Necə ki, Əkbər Ələmi müəyyən qədər milli fəalların arasında ixtilafa bais olub! Ə.Ələmi İran məclisində 6 və 7 - ci dövrlər millət vəkili olub.O, xüsusən məclisin 7 - ci dövründə bəzi yüksək vəzifəli rejim adamların, o cümlədən, Əhmədinejadı tənqid atəşinə tutmuşdu. Güney Azərbaycanda mərkəzi hökümətə qarşı kütləvi narazılıq olduğuna xatir və həmçinin Əkbər Ələminin Azərbaycanlı olmağı səbəb olmuşdu ona müəyyən qədər sevgi yaransın. Amma Əkbər Ələminin Güney Azərbaycanda millətə qarşı farsların etdiyi milli zülmün qarşısını alacaq heç bir müəyyən platforması yoxdur. Ancaq İranın anayasasının 15 və 19 - cu maddələrinin icra olunması üzərində təkid edir. Prezidentliyə digər namizəd Mehdi Kərubi də bu maddələrin icrasında israrlıdır. Mənim fikrimcə, bu bir popilist davranışdır. Popilist davranışdan məqsəd odur ki, siyasi və ictimai elitaya qarşı küçə - bazar adamlarına müraciət olub və onların dəstəyin qazanmaq üçün onların mürəkkəb problemləri ilə əlaqədar çox sadə çıxış yolları vəd verilə. Amma elmi nöqteyi - nəzərdən bu sadə çıxış yolları xalqın dərdinə dərman olmaya. Elə bu səbəbə görə, hər yerdə popilistlər seçiləndən sonra öz seçim platformaların həyata keçirməyiblər. Əslində şeir və şüarla küçə - bazar millətin aldadıb, özlərinə yüksək mövqeyli post qazanıblar. Cənab Əkbər Əlkəmi ali təhsili olduğu və iki dövr məclisdə millət vəkili olduğuna xatir yaxşı bilir ki, İranın anayasasının 15 və 19 - cu maddələri icra olunur, bu maddələr bizim dərdimizin dərmanı sayılmır heç, əslində milli mənfətlərimizə və insan haqlarımıza ziddir. Amma, o, millətin dəstəyin qazanmaq üçün ondan popilisti bir şüar kimi faydalanır. Anayasanın 15 və 19 - cu maddələrinin nə olduğu ilə bağlı tövsiyə edirəm mənim digər, "İran anayasasının 15 və 19 - cu maddələri milli mənfətlərimizə ziddi" məqaləmi oxuyasınız ( yazının linki aşağıdadır ). Amma bu aydın faktlara baxmayaraq, bizim bəzi sadəlövh yurddaşlarımız hər gün gördüyü yuxuları qələmə alıb və Əkbər Ələmini istisnayi şəxsiyyət kimi təqdim edirlər. Bu növ yazılar fakt və təcrübə yerinə, xəyal və hissiyyata əsaslanırlar. Elmi nöqteyi nəzərdən bu cür yazılar elmi araşdırma yox, əslində şəxsiyyətpərəstlik sayılır.İranda bir zərb məsəl var: "Deyərlər ki, kuzədən ancaq o çıxar ki, onun içində var". Bu məsəldən məqsəd ondan ibarətdir ki, hər bir insan öz mahiyyəti əsasında əməl edir. Bizim istək və arzularımız əsasında əməl etmir. Bu səbəbə görə də, siyasət aləmində şəxsiyyətpərəstlik və hər bir insanı istək və arzular əsasında elə göstərmək ki o deyil, faciə ilə nəticələnə bilər.Şəxsiyyətpərəstlik ondan ibarətdir ki, biz bir fərdin dediyini eşitməyək, etdiyi əməlini görməyək və onun həqiqi şəxsiyyətinin kənarında xəyal aləmində öz istək və arzularımızın əsasında bir başqa şəxsiyyət yaradaq və bu şəxsiyyətə sitayiş edək. Alimlərin nəzərinə görə, şəxsiyyətpərəstlik bu mənada xurafat sayılır və onun da savadsızlıq, savadın azadlığı və ya demokratik rabitələrdən təcrübəsizlik bais olur. Əgər bu şəxsiyyətpərəstlik bir həddən üstə gedərsə, ona psixoloji xəstəlik kimi baxıla bilər. Deyirlər, bir nəfər öz xəyalında Koroğlunu əfsanələşdirib, qeyri - adi insan kimi təsəvvür etmişdi. O, birinci dəfə Koroğlunu görəndə çaş - baş qalmışdı. Koroğlunun insan olduğuna inanmamışdı. Və ondan sual etmişdi: "Sən ki mənim kimi insansan. Necə Koroğlu ola bilməzsən? Sonda fikrimi bu cür ümumiləşdirmək istəyirəm: İranda prezident seçkiləri milli hərəkatımıza həm fürsət, həm də təhlükə ola bilər. Gəlin, İranda prezident seçkilərin baykot etməklə, irqçi rejimə yox deyək! Və bu vasitə ilə Azərbaycanlı təşkilatlar və milli fəalların başda olması ilə Güney Azərbaycanda kütləvi narazılığı rejimə qarşı kütləvi etiraza çevirək. Ancaq kütləvi etirazlardır ki, İranın irqçi rejimin dala oturdub və düzgün mənada islahatın olmasına məcbur edəcək. Elə buna xatir də ata - babalarımız yaxşı deyiblər: "El gücü, sel gücü!" İran Ana Yasasının 15 və 19 - cu maddələri bizim milli mənfətlərimizə ziddir http://www.azadtribun.net/x19538.htm Prezident seçkilərində iştirak etməklə, dini rəhbərin qəyyum olduğun və özümüzün əqli baxımından əlil olduğumuzu təsdiqləyirik http://www.azadtribun.net/x19528.htm İrandakı prezident seçkilərində milli maraqlarımız naminə Əkbər Ələmini dəstəkləyə bilərikmi ? http://www.azadtribun.net/x19517.htm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar