SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ilə bağlı açıqlama verilib

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ilə bağlı açıqlama verilib

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ilə bağlı açıqlama verilib Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olunduğunu vurğulayıblar Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın Çexiyadakı səfirliyinin iqamətgahında keçirilən görüşündən sonra görüşdə iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrləri mətbuat konfransı keçiriblər. ANS TV-nin Praqaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, konfransda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib ki, danışıqlar konstruktiv məcrada davam edir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri üzərində işləyirlər. Metyu Brayzanın sözlərinə görə, nizamlanmanın əsas prinsiplərinə uyğun danışıqlar aparılır. O qeyd edib ki, prezidentlərin növbəti görüşü bu ilin iyununda Rusiyada, Sankt-Peterburqda təşkil olunacaq. M.Brayza bu görüşə prezidentlərin razılıq verməsini prosesdə irəliləyişə nail olunması kimi qiymətləndirib. O əlavə edib ki, prezidentlər münaqişənin nizamlanmasına dair baza prinsipləri üzrə artıq müəyyən qədər razılığa gəliblər. Fransalı həmsədr Bernar Fasye isə növbəti aylarda danışıqlarda sıçrayışa nail olunacağını gözlədiklərini açıqlayıb. O bildirib ki, artıq danışıqlar prosesində irəliləyişlərin olmasını gözləmək mümkündür: «Çünki əvvəllər prezidentlər ara-sıra, il ərzində bir və ya iki görüş keçirdirdisə, indi üç-dörd dəfə görüşə bilirlər. Bu, artıq prosesdə irəliləyişin olduğunu deməyə əsas verir». Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə qeyd edib ki, həmsədrlər tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə də görüşəcəklər. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaq üçün regiona səfər edəcəklər. Qeyd edək ki, görüşün nəticələrilə bağlı prezidentlər heç bir açıqlama verməyiblər. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ-ın Çexiyadakı səfirliyinin iqamətgahında keçirilib. Görüşə prezidentlər İlham Əliyev və Serj Sarkisyandan başqa, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brazya, Yuri Merzlyakov və Bernar Fasye, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qatılıb. Daha sonra görüş təkbətək davam edib. Çexiya paytaxtındakı görüş İlham Əliyev və Serj Sarkisyan arasında dördüncü, Azərbaycan və Ermənistan prezidentləri arasında isə sayca 23-cü görüş olub. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar