SON XƏBƏRLƏR

BARAK OBAMA QARABAĞA NİYƏ BU QƏDƏR MARAQ GÖSTƏRİR?

2021.10.20, 07:36
BARAK OBAMA QARABAĞA NİYƏ BU QƏDƏR MARAQ GÖSTƏRİR?

Gunaz.tv
BARAK OBAMA QARABAĞA NİYƏ BU QƏDƏR MARAQ GÖSTƏRİR? Qarabağ münaqişəsinin şahidi olan ABŞ prezidentləri Amerika Birləşmiş Ştatlarının 4 prezidenti Dağlıq Qarabağ münaqişəsini nizamlama prosesinə şahidlik edib: ata Buş, Bill Klinton, oğul Buş və nəhayət, Barak Obama. Bunlardan hansı problemin həllinə daha çox maraq göstərib? Bu mövzu ata Buş üçün tamamilə yad idi. O, SSRİ-nin dağılması nəticəsində yaranmış yeni dövlətlərlə necə münasibət quracağını hələ müəyyənləşdirməmiş Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri alov içindəydi. Ona görə də amerikalı diplomatlar buralarda görünmürdülər. 1992-ci ildə onu demokrat Bill Klinton əvəzlədi. Dağlıq Qarabağ uğrunda şiddətli döyüşlər məhz onun hakimiyyəti illərinə təsadüf etdi. O illərdə keçmiş Yuqoslaviyada da ağır müharibələr gedirdi, ölənlərin sayı-hesabı yox idi. Klinton administrasiyasını bu müharibə daha çox düşündürürdü, çünki Yuqoslaviyadakı toqquşmaların Avropa qitəsinə yayılma təhküləsi var idi. Ona görə də Klinton diplomatlarını bu münaqişənin həllinə səfərbər etmişdi. Nəticədə Vaşinqtonun səyi ilə Deyton sazişi imzalandı ki, bununla Yuqoslaviyada müharibəyə son qoyuldu. ABŞ Qarabağ münaqişəsinə neft müqavilələri imzalandıqdan sonra diqqət yetirməyə başladı. Klintonun emissarları artıq tez-tez Bakıya gəlir, rəsmilərimizlə uzun-uzadı müzakirələr aparırdılar. Bu arada ABŞ Minsk qrupunun 3 həmsədrindən biri oldu. Ancaq Klintonun əlindən heç nə gəlmədi. 2000-ci ildə Ağ evə oğul Buş yerləşdi. Azərbaycan neftinin dünya bazarlarına ixracı artdıqca və neft kəmərlərinin tikintisi üzrə danışıqlar son mərhələyə qədəm qoyduqca rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsiylə daha yaxından məşğul olmağa başladı. Ancaq bu o demək deyildi ki, Ağ ev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi, sadəcə, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ehtimalı Vaşinqtonun enerji planlarına təhlükə yarada bilərdi, ona bölgədə sabitlik lazım idi. ABŞ Rusiyanın açıq və gizli müdaxilələrindən ehtiyatlanırdı. Buş administrasiyasının səyləri ona gətirib şıxardı ki, Azərbaycan və Ermənistan prezidentləri ilk dəfə məhz ABŞ-ın Ki-Uest şəhərciyində anlaşmaya yaxın oldular. Ancaq sənəddəki müddəalar Azərbaycanın maraqlarına cavab vermədiyindən amerikalı diplomatların əməyi nəticəsiz qaldı. Bundan sonra oğul Buş bir də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi həmləyə baş vurmadı. Barak Obama isə 4 aya yaxındır hakimiyyətdədir. Buna baxmayaraq Ağ evin yeni sahibi Dağlıq Qarabağ münaqişəsinin həllinə xeyli maraq göstərir – şəxsən özü İlham Əliyevə telefon açır, onunla müzakirələr aparır. Dövlət katibi Hillari Klinton isə Praqa görüşü öncəsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtonda məsləhətləşmələrə dəvət edib. Obama Qarabağ münaqişəsinə nədən bu qədər maraq göstərir? O, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına və iki ölkə arasındakı sərhədin açılmasına çalışır. Ancaq digərləri kimi, o da Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasındakı ixtilafın yolun qoyulmayacağını anlayır; O, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməklə xarici siyasətdə ilk böyük uğurunu qazanmaq istəyir. Kuba ilə əlaqələrdə bir sıra məhdudiyyətləri ortadan qaldıran, Vaşinqtonun düşməni Venesuela prezidenti Uqo Çavesin əlini sıxan, Türkiyə ilə münasibətləri yeni müstəviyə çıxaran Obamanın bu cür “sürətli həll” cəhdləri təbii görünür. O, Rusiya ilə münasibətlərdə yeni səhifə açmaq istəyir. Buna görə də Kremllə əməkdaşlıq üçün müstəvilər axtarır. Belə müstəvilərdən biri Dağlıq Qarabağ münaqişəsinin birgə cəhdlərlə həlli ola bilər. Azərbaycan və Ermənistan prezidentlərinin qısa müddətdə 3 görüşü planlaşdırlıb. Birinci görüş sabah Praqadadır. Çexiya paytaxtında hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Vaşinqton sonrakı görüşlərdən nəticə gözləyir. Əlbəttə, bu ssenari problem(lər)in ideal həll variantıdır. Elə hakimiyyətə “dəyişiklik” şüarıyla gələn Obama da idealistdir. Ancaq gerçəklik acıdır - Azərbaycan işğal altındakı torpaqların birinci mərhələdə boşaldılmasını istədiyi halda, Ermənistan bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixinin təyin olunmasında israr edir. Bu ikisinin bir arada varlığı isə hələ ki, mümkün görünmür. Obamanın qarşısındakı ikinci böyük əngəl Rusiyadır. Kreml Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlıdır? Axı münaqişə nizamlanarsa, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri normallaşacaq, İrəvan enerji layihələrində yer alacaq, Qərblə əməkdaşlığı güclənəcək və nəticədə Rusiyadan asılılığı azalacaq. Kreml Cənubi Qafqazdakı son forpostunu itirməyə hazırdırmı? Və ABŞ prezidenti öz hesablamalarında bu gerçəkləri nəzərə alıbmı? Elxan ŞAHİNOĞLU, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar