SON XƏBƏRLƏR

Ərdoğanın təzə kabineti, köhnə siyasəti...

2021.10.20, 07:36
Ərdoğanın təzə kabineti, köhnə siyasəti...

Gunaz.tv
Ərdoğanın təzə kabineti, köhnə siyasəti... "Əhməd Davudoğlunun xarici işlər naziri postuna gətirilməsi Ermənistanla sərhədlərin açılması prosesini sürətləndirə bilər" Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər edib. Səkkiz nazir vəzifəsindən kənarlaşdırılıb, 7 nazir başqa vəzifəyə keçirilib, 9 yeni şəxs nazir təyin olunub. Diqqət çəkən məqam odur ki, bu vaxta qədər xarici işlər naziri postunu tutmuş Əli Babacan baş nazirin iqtisadi məsələlər üzrə müavini təyin edilib. İqtisadi məsələlər üzrə müavinin slahiyyətləri genişləndirilib, banklar da onun kurasiyasına verilib. Xarici işlər naziri postuna baş nazirin müşaviri olmuş Əhməd Davudoğlu gətirilib. Keçmiş spiker Bülənd Arıncın baş nazirin müavini təyin olunması da diqqət çəkir. Ordu rəhbərliyilə sərt polemikalarıyla yadda qalan Bülənd Arıc bundan sonra Milli Təhlükəsizlik Şurasında generallarla bir masa arxasında əyləşəcək. Ramiz Mikayıloğlu Bəs Nazirlər Kabinetindəki dəyişikliklər, əvəzlənmələr Rəcəb Tayyib Ərdoğan hökumətinin xarici və daxili siyasətində nələrin dəyişməsinə yol açacaq? Məsələylə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Əli Babacanın yerinə gətirilən Əhməd Davudoğlu Rəcəb Tayyib Ərdoğan hökuməti dövründə xarici siyasət sahəsində irəli sürülən layihələrin "xaç atası" sayılır. Türk mətbuatı və ekspertlər də Əhməd Davudoğlunun nazir postuna gətirilməsini də təbii sayıb. Başqa sözlə, Əhməd Davudoğlu müşavir işlədiyi dövrdə də pərdə arxasında xarici siyasəti müəyyənləşdirən əsas fiqur olub. Keçmiş müşavir Rəcəb Tayyib Ərdoğan hökumətinin Yaxın Şərqə açılmasını təklif edən, "Həmas"la əlaqələrini quran şəxs kimi də tanınır. ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri zamanı da Əhməd Davudoğlu Vaşinqtonda görüşlər keçirməkdə, fikir mübadiləsi aparırdı. Əslində Ermənistanla Türkiyə arasındakı "yol xəritəsi"ndə də onun əməyi var. Ekspert hesab edir ki, Əhməd Davudoğlunun xarici işlər naziri postuna gətirilməsi Ermənistanla sərhədlərin açılması və münasibətlərin qurulması prosesini sürətləndirə bilər. Doğrudur, AKP hökuməti ehtiyatı da əldən verməyəcək, Azərbaycanla münasibətlərin pisləşməsi Türkiyənin maraqlarına uyğun deyil. Amma Ermənistanla yaxınlaşma siyasəti sürətlə davam etdiriləcək. Elxan Şahinoğlu bildirdi ki, ümumiyyətlə, Türkiyədəki son bələdiyyə seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin olması gözlənirdi. Çünki bir çox nazirlər bələdiyyə seçkiləri zamanı öz bölgələrinə AKP lehinə təbliğat aparmaq, iş görmək üçün göndəriliblər. Amma həmin nazirlərin çoxunun bölgələrində müxalifətin namizədləri qələbə çalıblar. Buna görə də o nazirlərin çoxunun vəzifələrini itirəcəkləri proqnozlaşdırılırdı. Digər tərəfdən, ölkədəki siyasi və iqtisadi islahatlarda bir ləngimə də müşahidə olunurdu. Görünür ki, Rəcəb Tayyib Ərdoğan bu islahatları da hərəkətə gətirmək istəyirdi. Tutaq ki, Əli Babacan Xarici İşlər Nazirliyindən götürülərək iqtisadi islahatlara cavabdeh bir vəzifəyə gətirilib. Elxan Şahinoğlu xatırlatdı ki, qlobal iqtisadi böhran başlayarkən Rəcəb Tayyib Ərdoğan bu böhranın Türkiyədən yan keçəcəyini bəyanlayıb. Ancaq vəziyyət fərqli olub. Ölkədə iri fabrik və zavodlar qapanıb, işsizliyin səviyyəsi artıb. Baş nazir də bundan narahat olmaya bilməzdi: "Yəqin Ərdoğana iqtisadiyyata məsul şəxslər bildirirdilər ki, böhran təsir göstərməyəcək və ona yalan məlumatlar veriblər. Baş nazir iqtisadiyyata məsul şəxsləri dəyişdirməklə bir növ aldandığını da ortaya qoydu. Əslində hökumət bütünlüklə dəyişdi. Ərdoğan hökumətə yeni nəfəs gətirmək istəyir. Ümid edir ki, yeni gələn nazirlər islahatları daha da sürətləndirəcəklər". Elxan Şahinoğlu baş nazirin Nazirlər Kabinetin bir neçə mühafizəkarlığıyla tanınan, milli görüşçülərdən sayılan şəxsləri gətirməsinə də diqqqət çəkir. Məsələn, Bülənd Arınc Böyük Millət Məclisinin sədri olub. Bülənd Arınc ona görə ikinci dəfə spiker postuna gətirilməyib ki, ictimaiyyətin və müxalifət partiyalarının ona etirazı vardı. Mühafizəkar davranışıyla ölkə daxilində müəyyən problemlər yaradıb. Bülənd Arıncın yerinə bir qədər liberal dünyagörüşünə malik Köksal Topdanı gətiriblər. Köksal Topdanın da idarə etdiyi parlamentdə bu günə qədər elə bir ciddi problem yaşanmayıb. Onun sözlərinə görə, köhnə spikerin Nazirlər Komitəsinə və Təhlükəsizlik Şurasına gətirilməsi ondan xəbər verir ki, Bülənd Arıncı kənarda saxlamağın özü də problem yaradıb. Keçmiş spikerin də arxasında müəyyən mühafizəkar qrup dayanır və həmin qrup narazı idi. Bu narazılıq gələcəkdə AKP-nin parçalanmasına yol aça bilərdi. AKP monolit bir partiya deyil, orada liberal, millətçi, dini-mühafizəkar xətt var. O xətlərin hamısının hakimiyyətdə müəyyən qismdə təmsilçiliyinə nail olmaq lazımdır ki, partiya dağılmasın. Digər tərəfdən, son bələdiyyə seçkiləri Səadət Partiyasının yenidən dirçəldiyini göstərib. Ərdoğanı bu da narahat edir: "Bülənd Arıncın və digər mühafizəkarların irəli çəkilməsi həmin səsi Səadət Partiyasının əlindən almağa hesablanıb". Yeri gəlmişkən, dünən məlum olub ki, Türkiyə hökumətinin yeni üzvlərindən olan enerji və təbii sərvətlər naziri Taner Yıldız ilk beynəlxalq müzakirəni Azərbaycanla aparacaq. Bunu nazir Türkiyənin "Sabah" qəzetinə deyib. O, mayın 4-də Azərbaycan yetkililərilə qaz məsələsini müzakirə edəcəyini bildirib. "Sabah"ın xəbərinə görə, hazırda "Şahdəniz" konsorsiumuyla Türkiyənin BOTAŞ şirkəti qazın qiymətilə bağlı müzakirələr aparır. BOTAŞ rəhbəri Saltuk Düzyol və komandasının bu həftənin sonlarında Azərbaycana gələcəyi gözlənir. Türkiyə "Şahdəniz"in ikinci fazasından ildə 8 milyard kubmetr qaz almaq, Azərbaycan isə Türkiyə üzərindən Avropaya qaz transfer etmək istəyir. Müzakirələr həm bu məsələ, həm də qiymətlə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar