SON XƏBƏRLƏR

Balaş Azəroğlu: Şair Qulamrza Səbri Təbriziyə açıq məktub

2021.10.20, 07:36
Balaş Azəroğlu: Şair Qulamrza Səbri Təbriziyə açıq məktub

Gunaz.tv
Balaş Azəroğlu: Şair Qulamrza Səbri Təbriziyə açıq məktub Əziz qardaşım, sənin mənə göndərdiyin çapran təzə çıxmış “Səssiz haray” kitabını aldım, sevindim. Neçə illərdən bəri kitablarınla qəlbimdə oyatdığın sevincə biri də əlavə oldu, bu da adı çəkilən kitabınla sevə-sevə oxuyan oxucularına bəxş etdiyin səssiz harayın oldu. Qardaşım Səbri, mən səni tanıyandan (düzünü deyim, bu tanışlığımızın tarixi, ilk günü yadımda deyil. Mənə elə gəlir ki, biz bu dünyaya bir anda, bir gündə gəlmişik). Sən mənim qəlbimdəki məhəbbət ocağını daha da alovlandırdın, o da Vətən həsrətidir. Əvvəllər bu ocaq xısın-xısın yanırdı. Böyük Türk şairi Nazim Hikmət demişdir: “Sən yanmasan, o yanmasa, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?” Sən yaxşı bilirsən tarixdə azadlıq üçün, Vətən üçün, millət üçün yananlar, həyatını qurban verənlər az olmamışdır. Bu bizim taleyimiz, tariximizdir. Əzizim Səbri, yəqin yadındadır biz ilk dəfə Bakıda, Azərbaycan Yazıçılar Birliyində hörmətli Anarın otağında görüşdük. Sən o görüşdə Londondan, gəlişindən, məqsədindən danışarkən dedin: “Mən çoxdan idi Bakını, Azərbaycanın bu gözəl şəhərini görmək arzusunda idim. Şükürlər olsun ki, arzuma çatdım, həm Bakını, həm də doğma qardaşımı gördüm”. Sonra görüşün axırında ana dilində yazdığın bir neçə şeirini də oxudun. Bu, sənin Bakı ilə ilk tanışlığın idi. Bu görüşdən sonra Bakı sənə Təbriz kimi doğma və əziz oldu, bu doğmalıq səni Avropanın soyuq dünyasından Bakıya gətirdi. Şair dostum Səbri, səninlə bu ilk görüşümüz mənə əvvəl əsərlərindən tanıdığım cənublu şair qardaşlarımızdan ikisini xatırlatdı. Onlardan biri böyük yazıçı Sadıq Hidayətdir. Bu dahi insan vətəndə gördüyü dözülməz həyat tərzini “Avara itlər” adlı əsərində ifşa və tənqid etdiyinə görə Vətəndən getməyə məcbur olmuş, ömrünün axırına qədər Vətən həsrəti ilə Parisdə ehtiyac içində yaşamışdır. Mən o böyük sənətkarın ölümünə həsr etdiyim şeirimdə yazmışdım: Yazıq Sadıq Hidayət, Halina yandığın millət Vətəndə qədrini bilmədi, Həyat üzünə gülmədi. Başına bəla oldu, “Avara itlər” hekayətin. Niyə bilmədin, Avamı qandırmaq çətindir, çətin! Getdin qürbətə bəlkə səni duyan ola, Dərdini qanan ola. Parisdə “qayğı” göstərdilər. “Hörmət” də, “məhəbbət” də, Ancaq bilmədin nədən Yaşaya bilmədin qürbətdə... İkinci şəxs, əvvəllər Tehranda, sonra ömrünün sonuna kimi Avropada yaşayan Təbrizli böyük şair Həmid Nitqi idi. Onunla əvvəl “Varlıq” jurnalında çap etdirdiyi şeir və ədəbi məqalələri ilə, sonra Bakıda dahi şairimiz Fizulinin 400 illik yubileyi zamanı tanış oldum. Yubileyə bir neçə gün qalmış Bakıya dünyadan qonaqlar gəlirdi. Mən o zaman Yazıçılar Biriliyində işləyirdim. Bir gün katibə, qonaqlardan məni görmək istəyən bir nəfəri mənim otağıma gətirdi. Bu, ağ saçlı, gözü eynəkli, alçaq boylu, nurani şəxs ilk baxışda məndə çox yaxşı təsir oyatdı. Bu əslən Təbrizli, əvvəl Tehranda, indi Londonda yaşayan Azərbaycanın böyük oğlu şair-alim Həmid Nitqi idi. Qiyabi tanışlığımız Bakıda əyani olanda buna hər ikimiz sevindik. O mənə dedi: “Sizi şeirlərinizdən tanıyırdım, özünüzü görmək arzum bu gün qismət olduğu üçün çox xoşbəxtəm”. Mən də onu Bakıda görməyimdən şad olduğumu söylədim. Həmid Nitqi Fizuliyə həsr olunmuş bayramda böyük bir alim kimi dərin mənalı, gözəl bir çıxış etdi. Mən onu təyyarə meydanında Londona yola salanda, əlimi əlində saxlayıb dedi: “Mən bu tezliklə Bakıdan və səndən ayrılmaq istəməzdim, indi bu ayrılıq zamanı bir xahişim var, istəyirəm gələn Novruz bayramından sonra baharın güllü, çiçəkli günlərində Təbrizdə görüşək. Lilavaya, Yanar dağdakı çəmənliyə gedək, kürəyimizi Vətən torpağına söykəyib Vətən günəşinin mehriban şüaları altında canımızdan dumanlı Avropanın ruhumuzu donduran soyuqları çıxsın, bir neçə gün özümüz-özümüzə qayıdaq”. Qərarlaşdıq... Ayrılanda hər ikimiz “Vətəndə - Təbrizdə görüşənə qədər” dedik. Beləcə ayrıldım... Şair qardaşım, Məsləkdaşım Həmid Nitqidən. İl ötdü, bahar gəldi, Ancaq Həmid gəlmədi... Bir gün ölüm xəbəri gəldi Təbrizə, Bu xəbər dağ çəkdi sinəmizə... Təbrizdə bir görüş yerimiz qaldı, Bir də əli əsalı, gözü eynəkli Bir şairin məzarı, Bir də qəbri üstünə qoyulacaq heykəli Bir də o məzara səpiləcək Ətirli lalə, yasəmən, nərgiz. O günü mən görməsəm də, Görəcək Vətənimiz Təbriz... Qardaşım Qulamrza Səbri, xalqımızın Vətən həsrətli şair oğlunun bu vaxtsız ölümü sinəmizə bir dağ çəkdi, Vətəni görmək ümidim yenidən gələcək illərə qaldı... İndi sənə demək istəyirəm: Gəl gedək Təbrizə, Lilavanın, Yanar dağın çəmənliklərindən hələ baharın gülləri, çiçəkləri saralmamış, günəşin şəfəqləri altında buxarlanan torpaqdan cənnət ətri gəlir. Gedək ruhumuz təzələnsin, Vətən torpağı, Vətən günəşi həsrətli illərin acısını, ağrısını canımızdan çıxartsın, uzun illərin ayrılığına son qoyaq. Yadımdadır, deyərdin: “Şeir yazmaqda məqsədim heç də şair kimi tanınmaq olmayıb. Sadəcə qəlbimin ağrı və iztirablarını heç kimə izah edə bilmədiyim hisslərimi şeirə köçürmək istəmişəm”. Əziz qardaşım, şairin ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də, Vətən torpağındadır, başsız küləklər onu qabağına qatıb hara istəsə apara bilər. “Mühacir nə qədər qürbət çörəyi yesə də, ancaq Vətən havası ilə yaşayır” bunu da sənə demişəm. Mən ömrümün bu yorğun çağında, günəşimin üfüqdən aşacağı bu günlərdə Vətəni son dəfə bir də görmək ümidi ilə yaşayıram. Sən yaxşı demisən: “Mən Vətəndən ayrıldım, amma Vətən məndən ayrılmadı”. Bu ağrı bəşəri bir ağrıdır, ancaq bu ağrını yaşayanlar bilər. Sən bu ağrını yaşamısan, elə buna görə də sonuncu kitabının adını “Səssiz haray” qoymusan, gözəl addır. Zəmanə ilə üz-üzə duran, onun bütün dözülməz ağrı-acısına sinə gərən bir şair qəlbinin harayıdır, sənin bu kitabın. “Səssiz haray” kitabını ilk dəfə oxudum. Kitabda nəzərimi ilk cəlb edən şeirlərin ən böyüyü bir səhifədə qurtarır (hələ kitabda 4, 8, 10 misralı şeirlər də var). Dostum, səni düşündürən, yazmağa ilham verən, bəlkə daha çox kədərləndirən hadisəni öz oxucuna bu misralarda çatdırmaq istəmisən, buna nail olmusan. Bu şeirlərin səni xalqına, Vətəninə demək istədiklərinin, fikirlərinin hələ hamısı deyil. Oxucuların səndən belə şeirləri çox gözləyirlər. Çünki sənin şeirlərin ürəyinin inikasıdır. Burada (şeirdə) fikrin yığcam, misralar bədii epitetlərdən xali, aydın və təsirlidir. Əziz qardaşım, mənim sənə göndərdiyim bu açıq məktubda fikrim sənin ürək ağrısı ilə oxucularına kitabındakı şeirlərini təhlil etmək deyil. İndi mən ömrümün elə günlərini yaşayıram ki, günəşim artıq zirvədədir, nə vaxt o zirvədən aşacağını kimsə deyə bilməz. Qardaşım Səbri, sən yaxşı bilirsən ki, bu yaşda insan Vətəndən ayrı düşəndə, qürbətdə olanda, tükənir səbri. Bir mərhəm, bir həmdəm işləyir qəlbini ona aça bilsin. Bir günəşli aləm istəyir əridə bilsin içinə hopmuş hicran buzunu. Qürbət yaman olur, insan tək olanda, hisslər kövrək olanda. Hər sözdə, hər baxışda məna axtarırsan. Nə demək olar, başqadır insanın mayası, başqa bir aləmdir qürbət dünyası. Hərə bir kök üstə köklənir. Hamıdan mərhəmət, hörmət umma, bacarsan yaşa özün kimi, inamla, ümidlə yaşa. Qardaşım Səbri, nə yaxşı ki, həyatda gecələr var, yuxular var, yuxuda Vətənə dönə bilirik. Ancaq bilirəm qürbətdə görülən yuxular bir gün həqiqət olacaq, qürbət xatirələr aləmində qalacaq. O zaman daha yuxu görməyəcəyik, Vətənə yuxularda dönməyəcəyik. O gün sən də, mən də əbədi qalacayıq Vətəndə. Əzizim, qardaşım həmvətənim Qulamrza Səbri Təbrizi, nə qədər əlində qələm, qəlbində ilham var yaz, yarat. Bunu, bizdən qabaxkılar deyib: “Deyilən söz yadigardır”. Hörmətlə, Balaş Azəroğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar