SON XƏBƏRLƏR

BAKI VƏ ANKARA ARASINDA İSTİLƏŞMƏ

2021.10.20, 07:36
BAKI VƏ ANKARA ARASINDA İSTİLƏŞMƏ

Gunaz.tv
Baş nazir Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Bakıya gələcəyi gözlənilir Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginlikdə buzlar, deyəsən, əriməyə başlayır. Dünən xarici işlər nazirinin müavini Araz Əzimov sürpriz şəkildə Ankaraya səfər edib və Türkiyənin yeni xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən qəbul edilən ilk xarici qonaq olub. Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin Türkiiyə ilə yaranmış gərginliyi yumşaltmaq və qarşılıqlı məsləhətləşmələri davam etdirmək üçün Ankaraya yüksək rütbəli diplomat göndərəcəyi haqda ötən həftə “Hürriyət” qəzetinin ingilis versiyası xəbər yaymışdı. Bildirilirdi ki, Əliyev bu haqda Brüsselə səfəri zamanı Türkiyənin NATO-dakı səfiri Tacan İldemlə söhbət zamanı bildirib. Türkiyə səfirinin Azərbaycanın Ankara-İrəvan danışıqları barədə məlumatlandırıldığı haqda sözlərinə Əliyev sərt reaksiya verərək ona belə deyib: “Məlumatlandırmaq başqa şeydir, məsləhətləşmək başqa şey”. Eyni zamanda Əliyev işarə edib ki, Türkiyə ilə münasibətlərin davamında maraqlıdır və aprelin 24-ü arxada qaldığına görə məsləhətləşmələri davam etdirmək olar. Bu xəbər özünü doğruldub və xarici işlər nazirinin müavini prezidentin tapşırığı ilə Ankaraya gedib. Türkiyə mənbələrinin xəbərlərinə görə, səlahiyyətlərinin icrasına mayın 2-də başlayan yeni xarici işlər naziri Əhməd Davudoğlu dünən Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimovu və Araz Əzimovu qəbul edib. Görüş zamanı mətbuata ancaq görüntü almağa icazə verilib, tərəflərdən heç biri açıqlama ilə çıxış etməyib. Lakin Türkiyə XİN-dəki mənbələrdən deyiblər ki, Əzimovun Ankaraya səfəri təsadüf deyil və yeni nazirin Azərbaycan məsələsinə önəm verdiyini göstərir. Mənbələr vurğulayıblar ki, Əzimov Ankaraya Davudoğlu tərəfindən dəvət olunub. XİN-dəki mənbələrdən bəlli olub ki, müzakirələr zamanı qarşılıqlı mövqe mübadiləsi olub, iki ölkə arasında tarixi bağların gücü vurğulanıb. Həmçinin bildirilib ki, yaxın günlərdə bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər artacaq: “Türkiyənin Azərbaycanla münasibətlərində kəsinti yaşanmır və təmaslar müntəzəm olaraq davam edir” deyə, mənbə bildirib. Türkiyə mətbuatının yazdığına görə, Qarabağ şərtindən geri çəkilməklə Ermənistanla münasibətlər qurulması planının müəllifi məhz Davudoğludur. Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri olmuş Davudoğlu Ərdoğan hökumətinin xarici siyasətində də əsas müəyyənləşdirici fiqur sayılıb. Keçmiş xarici işlər naziri Əli Babacanı isə çoxları “kölgə nazir” hesab edirdi. Davudoğlu Türkiyənin Yaxın Şərqin müsəlman ölkələri ilə yaxınlaşması, “Həmas”la dialoq qurması, Ermənistanla münasibətlərin normallaşması strategiyasının müəllifidir. Bildirilir ki, ötən ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “Qafqaz əməkdaşlıq platforması” ideyasının irəli sürülməsi də Davudoğluna məxsus idi. Bu baxımdan yeni xarici işlər nazirinin Azərbaycanla münasibətləri necə quracağı maraqla izlənilir. Türkiyəli ekspertlər hesab edirlər ki, Davudoğlu bir tərəfdən Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirəcək, o biri tərəfdən isə Azərbaycanla gərginliyi azaltmağa çalışacaq. Yeni nazirin səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra Azərbaycanla təmasa keçməsi də bu xəttin davam edəcəyini göstərir. Belə görünür ki, Azərbaycan rəhbərliyi üçün də Türkiyənin yeni xarici işlər nazirinin hansı siyasət yürüdəcəyini bilmək, onun Ermənistanla yaxınlaşma prosesini necə davam etdirəcəyini müəyyənləşdirmək vacibdir. Əzimov məhz bu xüsusi missiya ilə Ankaraya göndərilib. Türkiyə mətbuatı yazır ki, Ərdoğanın növbəti addımı Davudoğlunu da yanına alıb Bakıya səfər etmək olmalıdır. Türkiyə baş nazirinin Bakıya səfəri gündəmdədir, səfərin mayın 13-də baş tutacağı gözlənilir. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar