SON XƏBƏRLƏR

TÜRKİYƏ “NABUCCO”NU XİLAS ETMƏK İSTƏYİR

2021.10.20, 07:36
TÜRKİYƏ “NABUCCO”NU XİLAS ETMƏK İSTƏYİR

Gunaz.tv
Ölkənin yeni enerji naziri Azərbaycanla qaz danışıqlarına başladı Türkiyənin yeni enerji naziri Taner Yıldızın səlahiyyətlərinin icrasına başladıqdan sonra atdığı ilk addımlardan biri Azərbaycanla enerji məsələsi ilə bağlı təmasa keçmək olub. “Sabah” qəzetinin xəbərinə görə, dünən nazir “BOTAŞ” şirkətinin rəhbərləri ilə görüş keçirib, daha sonra “Nabucco” qaz kəməri layihəsinin Türkiyə sahəsi üzrə işlərə rəhbərlik edən şəxsi qəbul edib. Ardınca o, Azərbaycanın Energetika Nazirliyinin və ARDNŞ-in nümayəndələri ilə görüşüb. Xatırladaq ki, Türkiyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın alıcılarından biridir, hazırda tərəflər qiymətlərin yenidən müəyyən edilməsinə dair danışıqlar aparır. Ankaranın İrəvanla yaxınlaşmasından sonra Türkiyəyə satılan qazın qiymətinin artacağı haqda xəbərlər yayılıb. Prezident İlham Əliyev isə bəyan edib ki, Azərbaycan Türkiyə ilə qaz alqı-satqısını bazar şərtləri ilə həyata keçirməyə qərar verib. O bildirib ki, Azərbaycan neçə ildir Türkiyəyə qazın min kubmetrini cəmi 120 dollara satırdı. Eyni zamanda, Azərbaycan Türkiyə hökumətinin irəli sürdüyü ağır tranzit şərtlərinə və qiymət təklifinə cavab olaraq “Şahdəniz” yatağının ikinci fazasından hasil olunacaq qazın bu ölkədən nəqli planlarını dəyişib. Bu yaxınlarda Azərbaycan Rusiya ilə qaz anlaşması əldə edib və “Nabucco” layihəsinə marağının azaldığını nümayiş etdirib. “Sabah” qəzetinin xəbərinə görə, Ərdoğan hökuməti Azərbaycan qazının əldən çıxdığını görərək hərəkətə keçib. Bildirilir ki, bu həftənin sonuna doğru “BOTAŞ” şirkətinin icraçı direktoru Saltuk Düzyolun başçılıq etdiyi nümayəndə heyəti həm “Şahdəniz”in birinci fazasından alınan qazın qiymətləri, həm də “Nabucco” layihəsi ilə bağlı danışıqlar aparmaq üçün Bakıya gələcək. Bu səfərin əvvəlcədən planlaşdırıldığı bildirilir. Məlumata görə, “BOTAŞ” “Şahdəniz”in ikinci fazasından ildə azı 8 milyard kubmetr qaz almaq istəyir. Qəzetin yazdığına görə, yeni enerji naziri həftənin sonuna qədər Azərbaycanla danışıqların vəziyyəti, “Nabucco” layihəsi ətrafında son durum və digər məsələlərlə bağlı ona hərtərəfli hesabat təqdim edilməsini istəyib. Mətbuat yazır ki, Taner Yıldız Ərdoğanın hökumətə daxil etdiyi yeni nazirlər arasında ən güclü şəxslərdən biridir. İndiyədək enerji naziri vəzifəsini Hilmi Gülər tutsa da, Ankarada çoxları hesab edirdi ki, bütün məsələləri əslində Yıldız həll edir. İndi isə Azərbaycanla enerji sahəsində əməkdaşlığın təhlükə altında olduğu bir vaxtda Ərdoğan Yıldızı nazir təyin edərək vəziyyəti xilas etməyə çalışır. Qeyd olunmalıdır ki, Azərbaycanla Türkiyə arasında qaz sahəsində danışıqların çətinə düşməsinin Ankara-İrəvan yaxınlaşması ilə bağlılığı çox azdır. Çünki əvvəldən AKP hökuməti Azərbaycan qazının “Nabucco” ilə nəql edilməsi üçün ağır şərtlər irəli sürüb. Bu şərtlərə görə, Türkiyə qazın 15 faizini aşağı qiymətlə öz ərazisində saxlamaq və daxili tələbata yönəltmək istyəyir, digər tərəfdən, Azərbaycan qazını sərhəddə almaq və onu baha qiymətə Avropaya satıb tranzit haqlarından əlavə gəlir götürmək istəyir. Bu şərtlər isə nə “Nabucco”da maraqlı olan Avropa İttifaqını, nə də Azərbaycanı qane etmir. Qaz məsələsi ilə danışıqların bu cür gərgin getdiyi bir vaxtda Türkiyə hökuməti Ermənistanla Bakını məlumatlandırmadan apardığı gizli danışıqların nəticəsi olaraq “yol xəritəsi” anlaşmasını elan edib. Belə bir vəziyyətdə Azərbaycanın “Şahdəniz” qazı üçün kommersiya baxımından sərfəli qiymət təklif edən Rusiya ilə anlaşması təəcüblü hesab edilməməlidir. Lakin Ərdoğan hökuməti xarici siyasətdən sonra enerji sahəsində buraxılan səhvlərin hansı nəticələr verəcəyini görərək hərəkətə keçib və belə görünür ki, enerji nazirinin dəyişdirilməsində Azərbaycan amilinin də rolu ciddi olub. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar