SON XƏBƏRLƏR

Fərda Qədirov MDB kürdlərinin “Ümid” fondundan da maliyyə yardımı ala bilərdi...

2021.10.20, 07:36
Fərda Qədirov MDB kürdlərinin “Ümid” fondundan da maliyyə yardımı ala bilərdi...

Gunaz.tv
TERRORÇU YAROSLAVLDA TƏLİM KEÇİB? Fərda Qədirov MDB kürdlərinin “Ümid” fondundan da maliyyə yardımı ala bilərdi Onun gəlişi ilə Həjarın Bakı səfərinin vaxtı üst-üstə düşür 30 aprel qətliamından dörd gün keçsə də, hələ də hadisənin hansı zəmində törədilməsi barədə rəsmi instansiyaların əlində tutarlı fakt yoxdur. Amma müstəqil mətbuat və ekspertlərin baş verən hadisəylə bağlı araşdırma və qiymətləndirmələri olayın məhz siyasi terror olması qənaətinə gətirir. Terrorçunun milliyyətcə kürd olması və bunun rəsmi qurumlar vasitəsi ilə təkzib edilməməsi, habelə onun və ailəsinin 15 il ərzində Rusiyada yaşaması bəzi qənaətlərin inkişafına əsas verir. Söhbət Fərda Qədirovun Rusiyada bu və ya digər təlim düşərgəsində “yetişdirilməsi” ilə bağlı yayılan məlumatlardan gedir. *** Ötən saylarımızda qeyd etdiyimiz kimi, terrorçunun ADNA-da törətdiyi qətliam zamanı yaranmış panikada özünü itirməməsi, onu tərk-silah etmək istəyən Savalan Cabbarova 6 atəş açaraq öldürməsi, silahla davranışı bir daha təsdiq edir ki, o, xüsusi təlim keçib. Hadisədən sonra qətliamda istifadə olunan silahın Rusiya xüsusi xidmət orqanları tərəfindən özəl üsulla hazırlanması iddiası da üzə çıxdı. Bütün bunlar indiyə qədər də Rusiya tərəfindən, yaxud da istintaq orqanları vasitəsilə təkzib edilməyib. Bir sözlə, indiyə qədər ortalıqda olan məlumat və mülahizələr, eyni zamanda da terrorçunun qətliam zamanı davranışları deməyə əsas verir ki, F.Qədirov Rusiyada təlim keçərək Gürcüstana, oradan isə Azərbaycana göndərilib. Elə hərbi ekspert Xaqani Hüseynli də mətbuata açıqlamasında hadisənin analizi zamanı onun əvvəlcədən hazırlanmış terror aktı olması qənaətinə gəldiyini demişdi. F.Qədirovun uzun müddət Rusiyada yaşaması da bu versiyanın doğru ola biləcəyini söyləməyə əsas verir. Onun qəfildən Azərbaycanda peyda olması da bu addımı təsir və tapşırıq altında atdığını söyləməyə əsas verir. Bəs kimin, kimlərin? Qədirov Rusiyadakı PKK təlim düşərgələrində yetişdirilə bilərdimi? Ümumiyyətlə, Rusiyada belə düşərgələr varmı? Bu məqama qayıdacağıq. İndilikdə bəzi təfərrüatlara varmaq istəyirik. *** Türkiyədən və Şimali İraqdan vurulub çıxmış PKK-çıların, kürd peşmərgələrinin əksəriyyətlə Rusiya ərazisində məskunlaşması heç kimə sirr deyil. Elə bir müddət əvvəl “Yeni Müsavat”ın müxbirləri Dərbənddən ezamiyyətdən qayıdarkən Rusiya ilə sərhəd-keçid məntəqəsində Tahir Süleymanın dərc etdirdiyi “Diplomat” qəzetinin nüsxələrini aşkar etmişdilər. Həmin vaxt məlum olmuşdu ki, qəzetin çap olunan nüsxələrinin böyük bir qismi Rusiyanın Krasnodar və Yaroslavl şəhərlərində yaşayan kürdlər üçün gedir. Hətta Moskvada məskunlaşan kürd ideloqları da tez-tez Azərbaycana təşrif gətirməkdən çəkinmirlər. Onlar burada yerli kürdlərlə görüşlər keçirir, əsasən Kəlbəcər və Laçından olan və əksəriyyəti də etnosca kürd olmayan qaçqınlar arasında iş aparır, bir sıra gəncləri seçərək, daha sonra onların Rusiyaya getməsini təmin edirlər... Həjar Bakıya niyə gəlibmiş? 30 aprel faciəsindən təxminən ayyarım əvvəl MDB ərazisində yaşayan kürdlərin ideoloqlarından olan Həjar Əsgərov (Kürdəsgər) Bakıya gizli şəkildə səfər etmiş, burada “Ronahi” Kürd Mədəniyyəti Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirmişdi. Belə yığıncaqların biri isə İsmayıllı rayonu ərazisində olmuşdu. Geri qayıdanda isə Həjar 70-80-ci illərdə Bakıda nəşr olunmuş bəzi kitablarla maraqlanmışdı. Və özüylə vaxtı ilə “Azərnəşr”də çap olunmuş “Kürd çobanı”, “Kürd ədəbiyyatı almanaxı” və digər kitabları yenidən nəşr etdirmək niyyəti ilə Moskvaya aparmışdı. Xatırladaq ki, H.Əsgərov dilçi-alim Şamil Əsgərovun oğludur və bir müddət “Azərbaycan” qəzetinin parlament müxbiri vəzifəsində çalışıb. Azərbaycanı tərk etdikdən sonra bir ara MDB-nin müxtəlif dövlətlərində, çox vaxt isə Qazaxıstanda məskunlaşıb. Daha sonra onun Rusiyaya gəlib PKK terror təşkilatının MDB üzrə koordinatoru vəzifəsində çalışdığı faktdır və dəfələrlə bu bardə yazılıb. Ötən ilin sonlarında isə adıçəkilən terror təşkilatının Rusiya üzrə nümayəndəsi Merabi Şamoyev, MDB kürdlərinin liderlərindən olan Əhməd Yunus, “Kürdüstan raport” jurnalının baş redaktoru Rüstəm Broi ilə H.Əsgərovun Dağlıq Qarabağda olduğu da heç kimə sirr deyil. Bu xəbər bəzi Ermənistan saytlarında da təsdiqini tapıb. Yeri gəlmişkən, Moskvada “Qırmızı Kürdüstan” kitabının müəllifi olan bu şəxs Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan separatçılardandır. H.Əsgərov və Azərbaycandan Rusiyaya köçən bir neçə separatçı kürd Moskvada fəaliyyət göstərən “Ümid” fondu ilə də sıx əlaqələrə malikdirlər. Bu fondun isə separatçılara maliyyə dəstəyi olduğu iddia edilir. Fond bir çox PKK simpatizanlarını maliyyələşdirməklə yanaşı, müxtəlif aksiyaların təşkilində də önəmli rol oynayır. İndi bir məqama diqqət yetirin. Bir vaxtlar Naxçıvanın Nazirlər Kabinetində məsul vəzifədə çalışan kürd əsilli İbrahim Həsənov Qazaxıstanda nəşr olunan “Kürdistan” qəzetinin N5 (74) tarixli sayına müsahibə vermişdi. Həmin müsahibədə Həsənov bildirmişdi ki, 1989-90-cı illərdə Qarabağ ətrafında yaranmış erməni-azərbaycanlı münaqişəsi zamanı Naxçıvana çoxlu kürd qayıdıb. Sitat: “Naxçıvanda kürd mədəniyyət mərkəzi yaradıldı və bir müddət fəaliyyət göstərdikdən sonra bu mərkəz mütəşəkkil olmaması səbəbindən bağlandı”. İ.Həsənov müsahibəsində 1992-ci ildə Cənubi Kürdistandan (İraq Kürdüstanı nəzərdə tutulur -S.S.) İrana 50 min kürdün köçdüyünü deyərək onların bir hissəsinin sonradan Naxçıvanda yerləşdiyini iddia edib. Bakıya gələn emissarları kim qarşılayır? Dünən Naxçıvandakı mənbəmizdən aldığımız məlumatda bildirilir ki, həqiqətən İ.Həsənov adlı şəxs respublikada müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-87-ci illərdə o, Mustafayev soyadlı bir kürdlə Naxçıvanda belə təxribat xarakterli çıxışlar edərək qarşıdurma yaratmaqda maraqlı olub. İ.Həsənov 2004-cü ildən Naxçıvandan gedib. Hazırda isə İmişlidəki şəkər zavodunda rəhbər vəzifədə çalışır. Tez-tez Rusiyada olur. MDB kürd mərkəzlərinə baş çəkir. Deyilənə görə, müəyyən para yardımları edir, Bakıya gələn emissarları qəbul edir, onların problemlərinin həllinə dəstək verir. Başqa bir məqama diqqət yetirək. Heç kimə sirr deyil ki, Rusiyada PKK yönümlü “Kürd mərkəzi”, “MDB ölkələri kürd milli-mədəni muxtariyyətləri assosiasiyası”, “Kürd mədəniyyət mərkəzi”, “Kürd evi”, “Midiya” araşdırmalar mərkəzi fəaliyyət göstərir. Rusiya xüsusi xidmət orqanlarının patronajlığı altında mövcudluğunu saxlayan bu qurumlar PKK-nın dəstəkçisi funksiyasını yerinə yetirir, terror təşkilatının maliyyə mənbələrini, adətən ayrı-ayrı ölkələrin ərazilərində “milli muxtariyyət”, “mədəniyyət mərkəzi” və s. adlar altında fəaliyyət göstərən kürd icmalarını təşkil edirlər. Rusiyada fəaliyyət göstərən kürd icmalarının ermənilərlə eyni mövqedən çıxış etdiyini, informasiya və təbliğat siyasətlərinin koordinasiya edildiyini müəyyənləşdirmək bir o qədər də çətin deyil. Erməni informasiya vasitələri PKK terrorunu, PKK yönümlü kürd icmalarının təsis etdiyi KİV-lər isə Ermənistanın işğalçılıq siyasətini təbliğ edirlər. Mərkəzi ofisi Moskvada yerləşən “MDB ölkələri kürd milli-mədəni muxtariyyətləri assosiasiyası”nın internet səhifəsində (www.kurdishcenter.ru) yayımlanan yazının bircə cümləsinə diqqət yetirək: “Erməni-kürd birliyi Kürdüstanın və Ermənistanın layiqli gələcəyini təmin edə bilər”. İstər erməni, istərsə də PKK yönümlü kürd icmalarının internet səhifələrində oxşar motivli, Türkiyə və Azərbaycana qarşı aqressiv ittihamlarla müşayiət olunan yazılar yetərincədir. Bu məlumatların dəqiqliyini yəqinləşdirmək istəyənlər www.kurd.ru, www.kurdi.ru, www.kurdishcenter.ru, www.kurdistan.ru internet ünvanlarına müraciət edə bilərlər. Gələn xəbərlərə görə, PKK dəstəkçiləri istər Rusiyada, istərsə də digər MDB ölkələrində yaşayan kürd kökənli gəncləri “verbovka” edib məhz bu qurumlarda müvafiq işlərlə təmin edirlər. Belələrinin arasında bayaq qeyd etdiyimiz kimi, Azərbaycanın qaçqın rayonlarının da əhalisi arasından seçilmiş gənclər, müxtəlif sahə mütəxəssisləri (keçmiş hərbçi, həkim, jurnalist, tibb bacıları və sair) var. Moskvada onlara yüksək əməkhaqqı verilir, ideoloji hazırlıq keçirlər. Bir qədər hazırlıqlı olanlar isə Yaroslavla aparılır. Bəs niyə Yaroslavla? ...Bir qədər əvvəl Rusiya Federasiyası Yaroslavl Daxili İşlər İdarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi vilayət ərazisində kürdlərin təlim bazasının olması barədə informasiyaların yoxlanılmasına başlayır. Məlum olur ki, vilayət ərazisində, meşəlik massivdə yerləşən “Solneçnaya” uşaq sanatoriyasında məskunlaşan kürd qaçqınlara tez-tez “qəribə qonaqlar” gəlir. Onlar uzun müddət burda qalırlar. Elə idarəyə sızan məxfi məlumatda da qeyd olunur ki, başqa yerlərdən bura gətirilən gənc kürdlər ideoloji və psixoloji hazırlıq keçməklə bərabər, onlara iri və kiçik çaplı silahlardan atəş açmağı da öyrədirlər. Bu arada Yaroslavl vilayətinin prokuroru Georgi Kolobov da yerli mətbuata, habelə “İnterfaks” agentliyinə verdiyi açıqlamalarda bu barədə siqnal aldıqlarını, amma hələ ki faktı nə təsdiq, nə də təkzib edəcəyini bildirir. Lakin dərhal da əlavə edir ki, narahatlığa o qədər də əsas yoxdur. Çünki adı gedən düşərgə Federal Təhlükəsizlik Xidmətinin nəzarətindədir(?)... *** Maraqlı və həm də məntiqli açıqlamadır. Çünki əslində Moskvada və ümumilikdə bütün Rusiyada fəaliyyətdə olan bütün kürd qurumları Rusiya xüsusi xidmət orqanlarının total nəzarətindədir və onlarsız bircə hərəkətə də rəvac vermirlər... *** Sözü ona gətiririk ki, 15 il Moskva vilayətində yaşayan kürd milliyyətindən olan işsiz-gücsüz birisinin bu cür təlim mərkəzlərində yetişdirilməsi tamamilə mümkündür. Nəzərə alaq ki, bu tip düşərgələrdə, qeyd etdiymiz kimi, psixoloji hazırlıq keçilməklə bərabər, müxtəlif silah növləri ilə davranmaq da mükəmməl şəkildə öyrədilir. Fərda Qədirovun törətdiyi terror zamanı soyuqqanlı və sərrast atəş açmaq bacarığı da onun xüsusi təlim görməsindən xəbər verir. Qalır bircə bu məsələni araşdırmaq. Heç bir yerdə işləməyən Fərda ev kirayələmək, Bakı kimi bahalı bir şəhərdə yaşamaq üçün pulları hardan alırmış? Doğrudanmı “Ümid” fondundan?.. Bu barədə bir sıra təsdiqləyici ön bilgilərimiz var. Onları dəqiqləşdirib, diqqətinizə yetirəcəyik. Sənan SEYİDBƏYLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar