BİR NƏFƏR SAXLANILDI, BİR NƏFƏR İSƏ AXTARILIR
2021.10.20, 07:36
BİR NƏFƏR SAXLANILDI, BİR NƏFƏR İSƏ AXTARILIR Prezident İlham Əliyev həlak olanların ailələrinə və yaralananlara birdəfəlik yardım edilməsi haqqında sərəncam verdi İ.ABBASOV Dünən Nadir Şirxan oğlu Əliyev aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbələri kütləvi şəkildə güllələmə işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə "Turan"a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O, Əliyevin şəxsiyyəti və onun cinayətdə mümkün rolu barədə heç bir məlumat verməyib və yalnız onunla bağlı əməliyyat tədbirlərinin davam etdirildiyini deyib. Qeyri-rəsmi məlumatlara görə, saxlanılan şəxs faciəni törətməkdə şübhəli bilinən Fərda Qədirovun dostudur. O da Marneuli rayonu Daştəpə kəndinin sakinidir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib. Nadirin ADNA yaxınlığında dönər satdığını deyən N.Əliyev qardaşının terror hadisəsini törətməkdə təqsirləndirilən Fərda Qədirovla əlaqəsi olmadığını söyləyib: "Nadirlə Fərda bir-birini yalnız daştəpəli kimi tanıyıblar. Qardaşım Fərdadan beş yaş kiçikdir. Fərda Rusiyada olanda qardaşım Ukraynada idi. Nadir 2008-ci ilin sentyabrında Tiflisə gəldi. Bu il martın 18-dən isə Bakıya gedib". N.Əliyev deyib ki, qardaşı əvvəlcə Bakıdakı şadlıq saraylarından birində çalışıb, sonra isə ADNA-nın yanında dönər satıcılığı ilə məşğul olub: "Ailəmizin məsələdən xəbəri var. Bu gün ata-anam Bakıya yola düşüblər. Nadirin tutulması barədə bibim və xalam uşaqları zəng edib xəbər verdilər". N.Əliyev onu da deyib ki, Nadir ADNA-da baş verən hadisədən sonra saxlanılıb, izahatı alınandan sonra isə sərbəst buraxılıb: "Amma sonra onu yenidən həbs ediblər. Bu dəfə bibim və xalam uşaqları onu özləri polisə aparıblar ki, günahsız olduğunu sübuta yetirsinlər. Fərdanı Bakıya qardaşım çağırmayıb. Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları xalamgilə də gəlib, bəzi məsələlərlə bağlı onları sorğu-sual ediblər". N.Əliyev ailədə iki qardaş olduqlarını söyləyib. O, Nadirin subay və dindar olduğunu, namaz qıldığını da açıqlayıb. Onu da qeyd edək ki, dünən baş verən silahlı hücumdan sonra ilkin olaraq hadisənin məhz Nadir Əliyev tərəfindən törədildiyi barədə məlumat yayılmışdı. Baş verən terror hadisəsi törətməkdə təqsirli bilinən F.Qədirovun Bakıda kirayədə qaldığı mənzilin sahibi də Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindəndir. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. 26-27 yaşlı Arif Kabulovun hazırda Daştəpə kəndində olduğu, Azərbaycanla Gürcüstan arasında işləyən avtobusda sürücü köməkçisi işlədiyi bildirilib. F.Qədirovun vaxtilə kirayədə yaşadığı Çobanzadə küçəsi ev 65, 35 saylı mənzilin qapısı hazırda möhürlənib. Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının evdə apardıqları axtarış zamanı şübhəli heç nə tapılmayıb. F.Qədirov 1 ay əvvəl həmin evə köçüb, son bir həftədə isə evə gəlməyib. "Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliklərinin ciddi nəzarəti altında Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında intensiv istintaq hərəkətləri davam etdirilir. Cinayət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 13 nəfərdən 3-ü ötən gün ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qalan 10 nəfərin vəziyyəti isə sabit ağır olaraq qalır". Bu barədə isə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Dünən APA-nın Gürcüstan bürosunun əməkdaşı hadisəni törədən Fərda Qədirovun doğulduğu Marneuli rayonunun Daştəpə kəndinə təkrar baş çəkib. "Bütün günü Fərda Qədirovgilin kənddəki qapısı qıfıllı evinin qarşısından çəkilməyən həmkəndliləri hadisədən çox çaşqın idilər. Onlar ancaq "bu hadisə elə-belə törədilməyib" sözündən başqa bir şey demirdilər. Daştəpə ərazi vahidinin də daxil olduğu Qullar kənd icra nümayəndəsi Vidadi Həsənov isə: Bu hadisənin və onu öz həmkəndlilərinin törətməsinin şokunu yaşayırlar", - deyə müxbirə bildirib. Məlumata görə, evin qarşısında toplaşanlardan F.Qədirovun əmisinin həyat yoldaşı Şirin Süleymanova APA-ya deyib ki, onların pula ehtiyacı olmayıb: "Fərdanın pula ehtiyacı yox idi. Yaxşı yaşayırdılar. Ailədə ondan başqa Şeyda adlı qardaşı, Yeganə adlı bir bacısı da var. Bacısı həyat yoldaşından ayrılıb. Ailəsi neçə ildir Moskva yaxınlığında Podolsk şəhərində yaşayır, orada ticarətlə məşğuldurlar. Mənim oğlum Bayram da Fərda ilə bir yerdə oxuyub. Bilmirik nə baş verib. Hamımız şokdayıq". Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları ADNA-da cinayət törətmiş Fərda Qədirovun atasını Moskvadan Bakıya gətiriblər. "İstintaqa ifadə vermək və təhqiqat işinə yardım göstərmək üçün Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya gedirəm". Bunu APA-ya F.Qədirovun atası Əsəd Qədirov deyib. Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə, ümumiyyətlə, heç bir məlumata malik deyil: "Əgər bu mənada nə isə baş veribsə, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm, amma hətta bu mənada da nə isə baş veribsə, məhz aprel ayında olub. Əslində, heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə, çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı". Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: "Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram". Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır. XARİCDƏN REAKSİYALAR ABŞ Dövlət Departamenti Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə əlaqədar başsağlığı verib. "Biz bu çox faciəli anda Azərbaycan xalqına, xüsusilə də bu faciə zamanı əzizlərinin öldüyü və yaralandığı insanlara dərin, olduqca dərin kədərimizi ifadə edirik. Birləşmiş Ştatlar bu ağır və kədərli bir vaxtda dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanla həmrəylik göstərir. Bizim Bakıdakı səfirliyimiz vəziyyəti yaxından izləyir", - deyə dünən keçirilən brifinqdə Dövlət Departamentinin sözçüsü Robert Vud bildirib. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də faciə ilə əlaqədar başsağlığı verib. Semnebinin bəyanatında deyilir ki, o, baş verənlərdən "heyrətə gəlib" və həlak olanların və yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verir. İsrailin xarici işlər naziri Aviqdor Liberman da İsrail hökuməti adından başsağlığı verib. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarova ünvanladığı məktubda deyilir: "Mən Bakı Dövlət Neft Akademiyasında tələbələrin dəhşətli və qəddarcasına qətlə yetirilməsi xəbərindən dərin üzüntü hissi keçirdim. Mən bu zorakı aksiyanı qəti şəkildə pisləyir, gənc insanların öz həyatlarını itirməsinə və bu dəhşətli hadisənin bütün qurbanlarına görə Azərbaycandakı dostlarımızla birgə hüzn keçirirəm". Gürcüstan prezidenti Mixail Saakaşvili isə Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək baş vermiş faciəli hadisədən hədsiz kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. İraqın Azərbaycandakı səfirliyi bu faciəvi olay haqqında açıqlama ilə çıxış edib. Səfirlikdən APA-ya göndərilən açıqlamada deyilir: "Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbələrinin günahsız qurbana çevrildiyi terror hadisəsi xəbərini kədər və hüznlə qarşılayaraq bu qorxaq əməli qətiyyətlə pisləyir, ölənlərin ailələrinə və Azərbaycan dövlətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik. İraq Respublikasının dünyanın istənilən yerində terrorla mübarizəyə yönəlmiş çağırışlarının səbəbi odur ki, heç bir dəyərə və qanuna əsaslanmayan, dini, milliyyəti və siması olmayan belə alçaq əməllərdən ən çox əzab çəkənlər məhz sadə iraqlılardır". Bundan başqa, "UNİCEF-Azərbaycan" da baş vermiş hadisə ilə başsağlığı verib, qurbanlarının ailələrinə, hadisənin sarsıntı keçirən şahidlərinə kömək məqsədi ilə Azərbaycan hökumətinə psixoloji məsləhət yardımı təklif edib və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. Türkiyə prezidenti Abdulla Gül, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Rusiya prezidenti Dmitri Medvedyev və York hersoqu Şahzadə Endrü də Azərbaycan Dövlət Neft Akademiyasındakı faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər. PARTİYALARIN BƏYANATLARI Siyasi partiyalar da baş verən terror hadisəsi ilə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Aydınlar Partiyasının ayrı-ayrılıqda qəbul etdikləri bəyanatda partiya rəhbərləri hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı veriblər. Siyasi partiyalar müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb. AMİP rəhbərliyi bu hadisənin təsadüf olmadığını, arxasında daha çirkin məqsədlər dayana biləcəyini güman edir. Buna görə də partiya əhalini sayıq olmağa, mənfur niyyətlərə qarşı mübarizədə səylərini artırmağa çağırıb. Aydınlar Partiyası isə hesab edir ki, terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmaq, ölkədə terror xofu yaratmaq məqsədi güdürlər. Buna görə də partiya hüquq-mühafizə orqanlarının ölkənin milli təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələrini səfərbər etməsini vacib sayıb. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı APA-ya açıqlamasında hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib: "Bu hadisə hər bir azərbaycanlını sarsıdıb. Ümidvarıq ki, hüquq-mühafizə orqanları cinayətin motivlərini tam obyektiv araşdıracaq, faciəni törədənlər müəyyənləşəcək". ÖNLƏYİCİ ADDIMLARIN LABÜDLÜYÜ "Bütün təhsil müəssisələrinin rəhbərləri mühafizə işinə öz imkanları daxilində baxıblar. Ancaq, yəqin ki bundan sonra məktəblərdə mühafizənin necə təşkil olunması məsələsinə baxılacaq. Məktəblərdə mühafizənin təşkili məsələsi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə birgə müzakirə edilə və qərar qəbul oluna bilər". Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyib. Onun sözlərinə görə, indiyə qədər məktəb binalarını adi vətəndaş qoruyub, rəhbərlik tərəfindən bu iş təsərrüfat şöbəsində işləyən bir şəxsə həvalə edilib: "Onun da silahı və qoruyucu vasitəsi olmayıb. Onlar yalnız qapını açıq-bağlayıb, sənədlərə baxıblar". İ.Pirməmmədov bildirib ki, mülki ali məktəblərin binalarını polis qorumalı, bunun təşkili üçün isə maliyyə vəsaiti ayrılmalıdır: "Bir məktəbin mühafizəsi üçün ən azı 6 polis nəfəri tələb olunur. Bunun üçün isə xeyli vəsait lazımdır". Nazirlik səlahiyyətlisinin dediyinə görə, bəzi özəl məktəblər binalarının mühafizəsini özləri təşkil edir, bu məqsədlə təsərrüfat hesabına polislə müqavilə bağlayır: "Hər bir təhsil müəssisəsinin binasını qorumaq səlahiyyəti var. Buna görə də hər bir müəssisə mühafizə işini təşkil edə bilər. Bu məqsədlə dövlət müəssisələri üçün pul ayrılsa, mühafizə işini burada da təşkil etmək olar". Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya bildirib ki, orta məktəblər və məktəbəqədər təhsil müəssisələrində mühafizənin təşkili üçün maddi imkan yoxdur. Onun sözlərinə görə, bu hadisədən sonra müəssisə rəhbərlərinə yalnız təhlükəsizlik məsələlərinə daha da diqqətli olmaq tövsiyə olunub. ANIM Dünən səhər saatlarından başlayaraq çox sayda tələbə Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında baş vermiş silahlı basqın nəticəsində həlak olanların xatirəsini anım mərasimi keçirib. Anım mərasimində digər universitetlərin tələbələri də iştirak ediblər. Faciə qurbanlarını yad etmək istəyən gənclər və eləcə də ADNA-nın tələbələri akademiyanın qarşısına gül dəstələri qoyub, axşam saatlarında isə həm tələbələr, həm də sadə azərbaycanlılar həlak olanların ruhlarını yad etmək üçün şam yandırıblar. Habelə dünən saat 13:00 radələrində 2 minə yaxın tələbə Bakı küçələrində etiraz yürüşünə başlayıb. Rəşid Behbudov küçəsində yığışan tələbələr Neft Akademiyası istiqamətinə yürüş edib və burada qeyri-mütəşəkkil mitinq keçiriblər. Tələbələr hakimiyyətin indiyədək aprelin 30-da həlak olanların xatirəsinə matəm elan etmədiyindən qəzəblərini ifadə edirlər. "Turan"ın məlumatına görə, minlərlə gənc "Terrora yox!", "Korrupsiyaya yox!" şüarları səsləndirib. Neft Akademiyasının binasından nümayişçilər Musiqi Akademiyası tərəfə hərəkət ediblər, lakin onlar polis dəstələri tərəfindən dayandırılıblar. Saat 13:30 radələrində tələbələr Neft Akademiyası və "Atabank"ın binası arasındakı ərazidə blokadaya alınıb. Bakı şəhər Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tələbələrlə söhbət edib və onlara nümayiş keçirməməyi nəsihət edib, lakin tələbələr bundan imtina edib və vağzal yaxınlığındakı meydana - Cəfər Cabbarlının heykəli tərəfə hərəkət ediblər. Tələbələr bildiriblər ki, əgər matəm elan etmək tələbləri yerinə yetirilməsə, onlar yenidən yığışacaq və daha kütləvi aksiya keçirəcəklər. Dünən günün ikinci yarısında Azərbaycan prezidenti Neft Akademiyasındakı hadisədə ölənlərin ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sərəncama əsasən, Azərbaycan prezidentinin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.