SON XƏBƏRLƏR

TEHRANIN GÖZÜNDƏKİ TİR

2021.10.20, 07:36
 TEHRANIN GÖZÜNDƏKİ TİR

Gunaz.tv
TEHRANIN GÖZÜNDƏKİ TİR İsraili irqçilikdə ittiham edən İran özü bu idelogiyanı şəstlə daşımaqdadır S.SƏDRƏDDİN Güney Azərbaycanın problemlərini araşdıranlar hesab edirlər ki, XIX əsrin sonlarından başlayaraq Azərbaycan türkləri İranda milli mənsubiyyətə görə aşağılanıblar. Başqa sözlə, milli zülmə məruz qalıblar. Düzdür, XX əsrin ikinci onilliyinədək türklər İranda hakim olublar. Ancaq indi İran adlanan dövlətdə hakimiyyətin bir sıra sahələrinə başçılıq edən fars soylular vəzifələrindən istifadə edərək türkləri davamlı şəkildə zülmə məruz qoymuşlar. Hətta vəziyyət o yerə çatıb ki, farsların bu davranışına özlərini türk adlandıranlar da qoşulub. Ötən həftənin əvvəlində Cenevrədə BMT-nin irçiliyə qarşı konfransında İran prezidenti Mahmud Əhmədinijat İsraili irqçilikdə günahlandırdı. Necə deyərlər, öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir. Heç kimə sirr deyil ki, Güney Azərbaycan türkləri indi İran adlanan ölkənin əsl sahibləridir. Ancaq türk sülalələrinin hakimiyyətdən xarici qüvvələrin əli ilə devrilməsi qondarma pəhləvilərin şah taxt-tacında oturdulması ilə sonuclandı. Elə İran torpaqlarının əsl sahibinə, Azərbaycan türklərinə qarşı mədəni soyqırım siyasəti də o dövrdən yürüdülməyə başladı. FARS İRQÇİLİYİNİN TARİXİNDƏN Mühacirətdə yaşayan azərbaycanlı hüquqşünas Babək Azəri irqçiliklə bağlı yazısında bu məsələyə də toxunub. Müəllif yazıb ki, Fətəli şahın vəliəhdi Abbas Mirzə Azərbaycanın hakimi idi. O, Avropada gedən islahatlara çox maraq göstərir, Azərbaycanda bir sıra islahatlar aparırdı. Onun hakimiyyəti dövründə ilk dəfə gəncləri İrandan Avropaya təhsil almağa göndərdilər. Azərbaycanlı və fars ziyalılar Avropada baş verənlərlə məhz onun dövründə daha yaxından tanış olmağa başladılar. Avropaya göndərilən tələbələr arasında türklərlə yanaşı, farslar da olub. Türklər bu qitədə gördükləri çağdaş düşüncəni ölkəyə gətirərək onu tətbiq etmək istəyirdilər. Fars düşüncəlilər isə özlərini narahat hiss etdiklərindən Avropadakı irqçi düşüncəlilərlə maraqlanır və özlərini ali irqdən sayırdılar. B.Azəri hesab edir ki, bu və başqa bu kimi hallar fars ziyalılarında türklərə qarşı qısqanclıq yaranmasına səbəb oldu. Bu ənənə sonralar da davam etdi. Milliyyətcə fars olan Davud Münşizadə də həmin ənənə əsasında Almaniyaya gedənlərdən idi. O, bu ölkədə olduğu müddətdə faşistlərə qoşulmuş, İkinci Dünya savaşında almanlar tərəfindən müharibədə iştirak etmişdi. 1952-ci ildə isə İranda faşist partiyası - İran Fəhlələrinin Milli Sosialist Partiyasını yaratmışdı. O illərdə bu siyasi partiyaya qısaca olaraq "sumka" deyərmişlər. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının birinci sayında "Məqsəd nə imiş?" yazısında Rza şahın dilindən belə yazmışdı: "Biz Əhməd şahı ona görə taxtdan yerə endirmədik ki, şahlığı yoldaş tutmuruq. Xeyr, ondan ötrü endirdik ki, Qacarlar türk idilər. Əhməd şahı yıxmaqda məqsədimiz ölkədə cümhuriyyət üsul-idarəsini yaratmaq deyildi. Bəlkə də quldursifət Qacarları pak, nəcib fars Pəhləvi sülaləsi ilə dəyişmək idi". Bu sözlər İranın Gilan şəhərində çıxan "Səlamət" qəzetinin 3-cü sayında belə dərc olunmuşdu: "Əhməd şahı taxtdan yendirməkdə məqsəd cümhuriyyət yaratmaq deyildi. Yox, yox, Vallah. Məqsəd o idi ki, türk Qacarlara aid olan quldur tayfanın yerinə pak və nəcib fars Pəhləvi hökumətə gəlsin". Rza şah hakimiyyətə gətirildikdən sonra "vahid dövlət, vahid millət" ideyası əsasında Azərbaycan türklərini assimilyasiya etməyə başladı. İddia edildi ki, türklər farsların bir ləhcəsində - "azəricə" danışan azərilərdir. Məhəmmədrza şahın dövründə də yürüdülən irqçilik siyasətinə ara verilmədi. O, özünü "şahlar şahı və ariamehr", yəni "ari irqin məhəbbəti" adlandırdı. O, şah olanda İranın faşist partiyası, "sumka"nın üzvü Daryuş Humayun İranın informasiya və turizm naziri təyin olundu. Ölkənin başqa bir siyasi qurumunun nümayəndəsi, "Kəbut" faşist partiyasının üzvü, general Bəhram Arian şahın sağ əli sayılırdı. B.Arian hesab edirdi ki, İrandan "Quran"ları yığışdırıb yerinə Firdovsinin "Şahnamə" əsəri müqəddəs bir kitab kimi təbliğ olunmalıdır. Məlum olduğu kimi, "Şahnamə"də farsların üstün irq olduğu açıq-aşkar göstərilir. Ərəblər və türklər isə "vəhşi" olduqları üçün təhqir ediliblər. Məhəmmədrza şahın irqçilik siyasəti nəticəsində İranda ancaq ari irqi üstün tutan partiyaların fəaliyyətinə izin verilirdi. Paniranist, "Mərdom" ("Xalq"), "İrani nouin" ("Yeni İran"), "İranian" partiyaları birləşərək Rəstaxiz Partiyası adlandı. Bu partiya yaranandan sonra M.Pəhləvi demişdi: "Gərək hər kəs bu partiyaya üzv olsun. Əks halda pasport verək, İranı tərk etsin. Belələri İranda qalsalar, yerləri zindandır". Paniranist partiyası yəhudiləri, ərəbləri, türkləri "ziyanverici həşərat" adlandırırdı. Həmin siyasətin ucbatından çoxlu sayda Azərbaycan türkü ölkəni tərk etdi. 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə münasibət də bu ideologiyadan doğurdu. TEOKRATLARIN İRQÇİLİYİ Rza şahdan başlayan panfarsçılıq siyasəti bu gün də davam etməkdədir. "İran farslar üçündür!" şüarı indiki rejimin dönəmində də səslənməkdədir. Bir neçə il öncə İranın ali rəhbəri ayətulla Xamneyi "İranın milli birlik amili İslam dinidir" söyləmişdi. O vaxtkı prezident Məhəmməd Xatəmi isə ona cavab olaraq demişdi: "İranın milli vəhdət amili fars dili və mədəniyyətidir". Cari ilin iyununda İran İslam Respublikasında 10-cu dəfə prezident seçkisinin keçiriləcəyi gözlənilir. Azərbaycan türklərinin səsvermədə iştirakına nail olmaq məqsədi ilə Tehran bu siyasi kampaniyada namizədliyə namizədlər arasında iki Azərbaycan türkünün - keçmiş baş nazir Mirhüseyn Musəvi və keçmiş deputat Əkbər Ələminin adlarını hallandırır. Ayətulla Xamneyi şiələrin 6-cı imamının doğum günü münasibəti ilə keçirilən İslam Birliyi konfransında etnik məsələlərə toxunub və "belə problemlərə tıxanıb qalmağın İslama qarşı olduğunu" söyləyib. Onun dediyinə görə, bu sayaq məsələlərin gündəmə gətirilməsi faydasız, yolverilməz və qəbuledilməzdir. Elə Rza Pəhləvi dövründə əsası qoyulmuş panirançılıq və panfarsçılıq ideologiyasına qulluq edən, özünü irqçiliyə qarşı mübariz sayan ayətulla Xamneyi və Tehran hakimiyyəti Əhmədinijatın timsalında bu siyasəti islam pərdəsi altında bu gün də davam etdirməkdədir TÜRK DİLİNƏ VƏ ADLARINA DÖZMƏYƏN ANTİSEMİTLƏR Fələstin ərəblərinin qayğıkeşi kimi özünü göstərməyə çalışan Tehran hakimiyyətinin təmisilçiləri, o cümlədən Əhmədinijat İsraili irqçilikdə qınayır, amma 35 milyonluq Azərbaycan türkünün ən adi haqqını 30 ildir təmin etmək istəmir. Bu yaxınlarda yeniyetmə bir türk ana dilində təhsil almaq istədiyi üçün məhkəməyə çağırılıb. İndi 16 yaşı olan İbrahim Nuri martın sonunda Güney Azərbaycandakı İnqilab Məhkəməsində mühakimə olunub. O, 2006-cı ildə Tehranda çıxan "İran" adlı qəzetdə türkləri təhqir edən karikaturaya etiraz aksiyasına qatılıb. Yeri gəlmişkən, bu qəzet hakimiyyətin rəsmi orqanıdır, belə materialın orada nəşri də irqçilik sayılır. Əlavə etmək lazımdır ki, İbrahim Nuri bu düşüncəsinə görə təzyiqlərə məruz qalıb, hətta oxuduğu məktəbədən də uzaqlaşdırılıb. "Milli düşüncəli olduğu üçün ona təhsil almağa icazə verilmir", - deyə məktəb direktoru Nurinin atasına bildirmişdi. Ötən həftənin sonunda Əhərdəki məhkəmənin hakimi bu yeniyetməni "İslam Respublikasına qarşı təbliğat aparmaqda" suçlayaraq ona 10 ay iş kəsilməsini bəyan etmişdi. Amma sonda bu, şərti işlə əvəzləndi. İbrahim Nuri beş il ərzində ana dilində təhsil tələbini dilinə gətirə, habelə milli-mədəni tədbirlərə qatıla bilməz. Əks halda o, 10 aylıq azadlıqdan məhrumetmə müddətini həbsxanada keçirməli olacaq. Qərara münasibət bildirən məktəbli bunları deyib: "Mən qanunazidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm. Öz dilimdə məktəblərin açılmasını dilə gətirmişəm. Çünki bizə ana dilində yazıb-oxumaq yasaqlanıb". İbrahim Nuri bildirib ki, ana dilində təhsillə bağlı tələblərini həm məktəbdə, həm də kənarda həmişə səsləndirib. O, sonuncu dəfə fevralın 21-də Beynəlxalq Ana dili Günündə keçirilən tədbirdə iştirak edib, ana dilində məktəblər açılmasını istəyib. Onun sözlərinə görə, bu istəkləri dilə gətirənlər məhkəməyə çağırılır. İbrahim Nuri 11 yaşından milli-mədəni haqları tələb edənlərdəndir. Bundan öncə o, iki dəfə həbs edilib. Əhmədinijatın təmsil etdiyi rejimin yürütdüyü farslaşdırma siyasəti türklərin təhsilinə də mənfi təsirini göstərməkdədir. İranın Təhsil Nazirliyinə istinad edən "Baybak"ın bildirdiyinə görə, hər il bir milyon şagird orta məktəblərdə buraxılış imtahanlarını verə bilmir. Nazirliyin açıqlamadığı başqa bir məsələ isə ibtidai məktəb şagirdlərinin fars dilini öyrənərkən üzləşdikləri çətinlikdir. Mənbənin məlumatına əsasən, universitetlərdə təhsil aldıqları müddətdə fars olmayan tələbələr dillə bağlı problemlə də üzləşirlər. Onların sayı gün-gündən çoxalır. Məzunlar bu səbəbdən iş tapmaqda da çətinlik çəkirlər. Çünki iş axtaranlardan fars dilini mükəmməl bilmək tələb olunur. Fars olmayan, ancaq bu dili yaxşı bilən məzunlara isə yüksək vəzifələrdə çalışmağa şərait yaradılmır. Başqa bir problem ticarət və iaşə obyektlərinə türk adlarının qoyulması ilə bağlıdır. Hakimiyyət buna qadağa qoyub, qadağaya əməl etməyənlər müxtəlif təzyiqlərlə üzləşirlər. Ərdəbilli milli hərəkat təəssübkeşi Abbas Lisaniyə qarşı bununla bağlı təzyiqlər davam etməkdədir. "Baybak"ın məlumatına görə, bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyini, "Çənlibel" adlı dükanını bağlamaq istəyirlər. A.Lisaninin dediyinə görə, əslində problem mağazanın adı ilə bağlıdır. Ərdəbil əyalətindəki qeydiyyat idarəsi onun qarşısına şərt qoyub - ya mağazanın türk adı fars kəlməsi ilə əvəzlənməlidir, ya da dükan bağlanacaq. Abbas Lisani isə deyib ki, ona məxsus bu dükanın üzərində ərəb əlifbası ilə "Çənlibel" sözü 10 ildən çoxdur yazılıb və mağaza bağlansa belə, bunu başqa adla dəyişmək fikri yoxdur: "Mən başa düşmürəm ki, nədən "Çənlibel" sözünü dəyişdirmək istəyirlər. Bu sözün nə mənasında, nə də yazılışında bir xəta var. Hər halda, narahatdırlar. Guya şəhərin, bölgənin təhlükəsizliyini "Çənlibel" dükanı təhdid edir". Abbas Lisani bildirib ki, onun mağazasının adını dəyişsələr, o zaman bundan sonra Ərdəbildə türk adlı bir obyekt belə qalmayacaq. Qəzetimizin ötən saylarından birində yazdığımız kimi, son zamanlar Güney Azərbaycanın çeşidli şəhərlərində, özəlliklə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycan türkcəsində olan adlara, reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək, yaxud bağlanmaq təhlükəsi ilə üzləşib. Həbslər isə "öz axarı" ilə davam etməkdədir. Tanınmış yazıçı, tərcüməçi-alim Nağı Əhmədi-Azər Azərbaycan türklərinin milli-mədəni hüquqlarını müdafiə etdiyi üçün üç həftədən artıqdır həbs olunub. "Mediaforum"un məlumatına görə, N.Əhmədi ETTELAAT-ın Təbrizdəki həbsxanasında saxlanılır. O, Azərbaycan türkcəsi və ədəbiyyatına dair bir neçə əsərin müəllifi və tərcüməçisidir. Onun təşəbbüsü ilə "Türk dili və Azərbaycan ədəbiyyatı", "Məşrutə olayları", "Sultan Məhəmməd və Təbriz miniatür məktəbi", "Hamısı qocalıqdandır", "Saxlama izimi, dünya", "Aşıq Şəmşirin divanı" və "Əliağa Vahid divanı" əsərləri işıq üzü görüb. Nağı Əhmədi-Azər İran Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. SÖZARDI İran İslam Respublikası ölüm hökmünün yerinə yetirilməsi baxımından dünyada Çindən sonra ikinci yerdədir. BBC Beynəlxalq Əfv Təşkilatına istinad edərək bildirib ki, 2008-ci ildə İranda 346 nəfər edam olunub. Öldürülənlərin 8-i 18 yaşdan aşağı gəncdir. İranda daşqalaq cəzasının tətbiqi beynəlxalq qurumlar tərəfindən pislənsə də, ölkənin məhkəmə sistemi bu tövsiyələrə məhəl qoymamaqdadır. Əlavə edək ki, ötən il Çində 1718 nəfər edam olunub. Amma nəzərə almaq lazımdır ki, Çinin əhalisinin sayı İran əhalisindən 20-25 dəfə çoxdur... .ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar