TERRORÇU MİLLİYYƏTCƏ KÜRD İMİŞ...
2021.10.20, 07:36
TERRORÇU MİLLİYYƏTCƏ KÜRD İMİŞ... Bakıdakı qətliama dair şok yeniliklər!!! Fərda Qədirov və baş verən cinayət işi ilə bağlı sensasion məlumatlar! Qatilin mümkün dəstəkçilərinin istintaqa anlatdıqları! Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı basqın edərək 13 nəfəri öldürən 13 nəfəri isə yaralayan Fərda Əsəd oğlu Qədirov haqda sensaion məlumatlar əldə etmişik. Qətil, sən demə, kökəncə azərbaycanlı (Gürcüstan türkü) deyilmiş! Qeyd edək ki, Gürcüstanın Marneuli rayon Daştəpə kənd sakini Fərda Qədirovun milli mənsubiyyətinin şübhəli olması haqda hələ bu qanlı olaydan dərhal sonra qeyri-rəsmi məlumatlar yayılmağa başlamışdı. Bəzi mənbələr onda erməni qarışığının olması xəbərini yayırdılar ki, bu da Qədirovlar nəslinin Daştəpəyə bir vaxtlar Ermənistandan köçmələrindən qaynaqlanırdı. Başqa versiyalar isə onun bu qanlı olayı radikal dini qruplaşmaların, terror təşkilatlarının təsiri altında törətməsi ilə bağlı idi. Kifayət qədər ciddi ekspertlər isə bu olayda Rusiyanın xüsusi xidmət orqanlarının dəsti-xəttini sezdiklərini bəyan etmişdilər. Amma onun milli mənsubiyyəti ilə bağlı şübhələr daha ciddi idi. «Yeni Müsavat» dünən gün ərzində bu istiqamətdə apardığı araşdırmalar nəticəsində olduqca heyrətamiz və olaya baxış bucağını dəyişdirə biləcək məlumatlar əldə edib. Qədirovların vaxtı ilə Ermənistandan Marneulinin Daştəpə kəndinə köçən kürd ailələlərindən biri olması üzə çıxıb. (Dünən axşam saatlarında məlum oldu ki, bu fakt artıq istintaqa da məlumdur - Red.) Məlumatı verən mənbə bildirdi ki, sovetlər dönəmində Ermənistandan bu kəndə 12 kürd ailəsi köçüb. Mənbənin bildirdiyinə görə, Qədirovlar ailəsi Daştəpəya köçəndən bir neçə il sonra Fərda dünyaya gəlib. Mənbələrimizin Qədirovlarla bağlı söylədikləri tamamilə yeni faktlardır: «Qədirovlar Ermənistandan Daştəpəyə köçən 12 kürd ailəsindən biri idi. Daştəpədə onların nəslinə "kürd Qədirovlar" deyirlər. Bu kürd tayfasının hələ 70-ci illərin sonunda Ermənistandan Daştəpəyə köçürülməsinin səbəbi isə indiyədək çoxlarına bəlli deyil. Fərdanın atası bu köçdən qısa müddət sonra Daştəpədə müəllim işləməyə başlayıb. Sonradan isə onların ailəsi Rusiyaya köçüb. 15 ildən çoxdur ki, Rusiyada yaşayırdılar. Hərdən kənddəki evlərinə də baş çəkirdilər. Fərda nə səbəbdənsə atası ilə yola getməyib və bir neçə ay öncə Daştəpədə peyda olub. Bura nə məqsədlə gəldiyini heç kim bilmir. Çünki heç bir işlə məşğul olmayıb, tam qapalı bir həyat tərzi keçirib. Fərda o qədər də sakit adam olmayıb. Marneulidə müəyyən adamlarla aralarında konflikt vardı"... Fərda kəndlisinə deyibmiş... Nəzərə çatdıraq ki, Fərdanın Marneulidə bəzi adamlarla düşmənçiliyi olması haqda akademiyaya basqınla bağlı həbs olunmuş Nadir Əliyev də istintaqa danışıb. Bu barədə müxtəlif informasiya qaynaqlarına, o cümlədən «Yeni Müsavat»a da hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat sızdırıblar. Bizə verilən xəbərə görə, Nadir Əliyev əvvəl Fərda ilə heç bir yaxınlığı olmadığını, onu bir həmkəndli kimi tanıdığını deyib. Lakin sonradan istintaqçılar onun Fərda ilə telefon danışıqlarını, Neft Akademiyası ətrafında birgə hərəkət etmələrini təsdiqləyən videoçəkilişləri - bu çəkilişlər ərazidəki obyektlərin təhlükəsizlik kameraları tərəfindən aparılıb - ortaya qoyduqdan sonra Fərda ilə əlaqələrini təsdiqləyib. Hətta bir müddət onunla bir evdə qaldığını, tez-tez görüşdüklərini söyləyib.<%1> N.Əliyev F.Qədirovun xarakteri, onun özünü necə aparması, hansı işləri görməsinə dair sualları cavablandırarkən maraqlı ifadə verib. Bu ifadələr ondan kamera qarşısında alınıb və yəqin ki, onları telekanallarda yayımlayacaqlar. Nadirin deməsinə görə, Fərda bu yaxınlarda ona adam öldürəcəyini söyləyib və artıq silahı da olduğunu deyib. Nadir ondan kimi vuracağını soruşanda Fərda Hacıəhməd adlı həmyerlisini güllələmək qərarına gəldiyini bildirib. Bunun səbəbini isə belə izah edib ki, Hacıəhməd iki dəfə onun üstünə maşın sürüb, ondan qisas alacaq. Hətta ona belinə bağladığı «Makarov» tipli tapançanı da göstərib. Ardınca da Nadiri hədələyib ki, bu barədə kiməsə bir kəlmə söz desə, onun özünü də güllələyəcək. Və dəhşətli qətliamın anonsunu veribmiş! Nadir Əliyev həmçinin qeyd edib ki, Fərda hadisədən əvvəl ona «baxarsan, bir-iki günə bütün dünya məndən danışacaq» deyibmiş. O isə qorxusundan bu barədə heç kimə bir söz deməyib. Terror izi PKK-ya gedib çıxa bilərmi? F.Qədirovun milliyyətcə kürd olması və uzun müddət Rusiyada yaşaması bu terrorun arxasında PKK-nin dayana bilməsi ilə bağlı ehtimalları artırır. Bəllidir ki, bu terror şəbəkəsinin Rusiyada və Gürcüstanda güclü mərkəzləri var. Onlar Qədirovu özlərinə cəlb edə bilərdilər. Onun uzun müddət Rusiyada yaşadığı halda, iki-üç ay öncə qəflətən Daştəpəyə qayıdıb orada tam qapalı həyat sürməsi, mart ayında isə Bakıya gəlib cəmi bir aydan sonra silah əldə edib bu hadisəni törətməsi olduqca ciddi araşdırmalar aparılmasını zəruri edir. Ola bilsin ki, Fərdanın məqsədi məhz terror törətmək olub. Onun «bir-iki günə bütün dünya məndən danışacaq» deməsi də bu ehtimalı artırır. Sadəcə, o buraxdığı səhvi düzəltmək, yəni Nadiri aldatmaq üçün silahı Hacıəhməd adlı həmkəndlisini öldürmək məqsədilə aldığını deyib. Əgər Fərdanın məqsədi təkcə həmkəndlisini öldürmək olubsa, 100-ə yaxın güllə tapmaq və kütləvi qətliam həyata keçirmək üçün xüsusi hazırlanmış tapança nəyinə gərək idi? Və ən əsası, o, Bakıda xüsusi texnologiya əsasında dəyişdirilmiş, bir dəfəyə 40-dan artıq güllə atan daraqla təmin olunmuş «Makarov» tipli tapançanı kimdən və necə ala bilmişdir?! Görünür, bu başqalarının da iştirakı və dəstəyi ilə planlaşdırılmış bir missiya olub. Hər halda hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi araşdırmalar aparmalıdır. Qətliamı Bakı Şəhər Prokurorluğu araşdırır «Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş cinayətlə əlaqədar Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Müəyyənləşdirilmiş istintaq fərziyələri ətrafında hərtərəfli və intensiv istintaq hərəkətləri davam etdirilir» - Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qəzetimizə açıqlamasında belə deyib. Prokurorluq sözçüsü bildirib ki, cinayət işi üzrə çoxsaylı ekspertizalar təyin edilib, hadisənin şahidləri ətraflı dindirilir, müəyyən üzləşmə və digər zəruri istintaq hərəkətləri aparılır, cinayət işinin istintaqı ölkə rəhbərinin nəzarəti altındadır: «Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi istintaqın gedişinə bilavasitə nəzarət edirlər». E.Sultanov hadisə ilə bağlı Gürcüstan vətəndaşı, cinayəti törədən Fərda Qədirovla yaxın münasibətlərdə olmuş Nadir Şirxan oğlu Əliyevin şübhəli şəxs qismində saxlanıldığını təsdiqləyib. İstintaq 2 versiyanı əsas götürüb İstintaqa yaxın mənbələr hazırda 2 versiya üzərində iş getdiyini deyirlər: «Fərda Qədirovun atası Əsəd Qədirov oğlunun üç ay əvvəl Rusiyada onun yanında olduğunu dedi. Bildirdi ki, həmin vaxt Fərda geri dönmək barədə qərar verib. Oğlunun sakit, təmkinli, siqaret çəkməyən, içki qəbul etməyən biri olduğunu da açıqladı, hətta Fərdanın bu cür addım atmasına çox təəccübləndiyini də gizlətmədi. İstintaq hesab edir ki, Fərda kimlərinsə təsiri altında Gürcüstana, oradan isə Bakıya gəlib. Gürcüstanda olarkən onun qapalı həyat tərzi keçirməsi, qonşuluqdakı toylara getməməsi radikal dini təriqət nümayəndələrinin həyat tərzini xatırladır. Onun Gürcüstanda olduğu dövrdə odlu silahdan atəş açmağı öyrənməsi də istisna olunmur. Fərda Qədirovun bu cinayəti vəhhabi təriqətinin ardıcıllarının təsiri altında törətməsi versiyası üzərində iş gedir. Digər versiya isə cinayətin Rusiya xüsusi xidmət orqanlarının təsiri altında törədilməsidir. Qətliamda istifadə edilən silahın Rusiya istehsalı olması, qətldən 3 ay əvvələ kimi Fərda Qədirovun uzun müddət Rusiyada yaşaması da bu versiyanın doğru ola biləcəyini söyləməyə əsas verir. İstintaq Fərda Qədirovun Rusiyadakı əlaqələrini araşdırır. Onun cinayəti təkbaşına törətmədiyi barədə məlumatlar da var». Qətliamın silahı 1985-ci ildə Rusiyada istehsal olunub Aldığımız digər bir xəbərə görə, Fərda Qədirovun qanlı cinayətdə istifadə etdiyi «Makarov» tipli, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaşı olan silah 1985-ci ildə Rusiyanın Tula şəhərində istehsal olunub: «Cinayətdə istifadə olunan silah Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə təhvil verilib. Hazırda Fərda Qədirovun 12 nəfəri öldürdüyü (özü ilə birlikdə 13), 13 nəfəri isə yaraladığı silahın ölkə ərazisində törədilmiş digər cinayətlərdə istifadə edilib-edilməməsi aydınlaşdırılır». Hərbi ekspert Xaqani Hüseynli isə F.Qədirovdan götürülən silahın xüsusi üsulla hazırlandığını deyir: «Bunlar ümumi istehsala daxil deyil və tabel silahlarında istifadə olunmur. Amma xüsusi xidmət orqanları və ya özəl təhlükəsizlik xidmətləri sifarişlə belə patrondaşlar əldə edə bilir». Fərda Qədirov tələbələri girov götürmək istəyib Hadisə ilə bağlı şahid tələbələr istintaqa ifadələrində deyiblər ki, Fərda Qədirov ADNA-nın binasına daxil olaraq qabağına çıxan tələbə və müəllimlərə atəş açaraq yuxarı mərtəbələrə qalxıb. Auditoriyalardan birinə daxil olaraq oradakı müəllim və tələbələri girov götürüb. Həmin vaxt 4-cü kurs tələbəsi Savalan Cabbarov Fərda Qədirova hücum edərək onu tərk-silah etmək istəyib. Tələbə ilə terrorçu əlbəyaxa olsa da, sonuncu cəld tərpənərək, ilkin olaraq onun ayağından, sonra qarın nahiyyəsindən və yerə yıxıldıqdan sonra başından vurub. Ümumilikdə F.Qədirov odlu silahdan S.Cabbarova 6 atəş açıb. Bütün güllələr hədəfə dəyib. Bundan sonra auditoriyanı tərk edən terrorçu əraziyə polislərin gəldiyini görərək yuxarı mərtəbələrə qalxaraq qarşısına çıxan hər kəsə atəş açıb. F.Qədirov Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin əməkdaşlarının onu həbs edəcəklərinə əmin olduqda isə əlindəki silahı sağ gicgahına dirəyərək atəş açıb və hadisə yerindəcə keçinib. Onun üzərinə baxış keçirilərkən aşkarlanan şəxsiyyət vəsiqəsinin saxta olduğu güman edilsə də, sonradan qanlı qətliamı törədənin məhz Fərda Əsəd oğlu Qədirovun olduğu dəqiqləşib. Fərdanı tərk-silah etmək istəyən tələbə ailənin tək övladı olub Terrorçunu tərk-silah etmək istəyərkən həyatını itirən Savalan Allahverdi oğlu Cabbarov ailənin tək övladı imiş. Onların ailəsi əslən Yevlax rayonundandır. Cabbarovlar bir neçə il öncə Bakıya köçüb. Yaxınları bildirdi ki, Savalanı Cabbarovlar ailəsinə Tanrı uzun illərdən sonra bəxş edibmiş: «Xeyli müddət bu ailənin övladı olmadı. Savalan bu ailəyə çox böyük sevinc gətirmişdi. Amma ailənin sevinci uzun sürmədi. Onu Yevlaxda dəfn etdilər». Tofiq Yaqublu da BMCMİ-yə çağırıldı Müsavat Partiyası Məclisinin katibi Tofiq Yaqublu dünən baş vermiş terrorla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Buna səbəb onun hadisə günü şübhəli şəxs qismində saxlanılan Nadir Şirxan oğlu Əliyevin qohumu Kamil Mürsəllə «Mediaforum» saytı arasında əlaqə yaratmasıdır. Qeyd edək ki, Nadir Əliyev hadisə günü tutulub-buraxılsa da, onu mayın 1-də yenidən həbs ediblər. T.Yaqublu ilə yanaşı N.Əliyevin qohumu Kamil Qədim oğlu Mürsəl də polisə çağırılıb. Qeyd edək ki, K.Mürsəl hadisə baş verən gün «Mediaforum» saytına açıqlama vermişdi. N.Əliyev və K.Mürsəl Neft Akademiyasında terror aksiyası törədən Fərda Qədirovun həmkəndliləridir. Marneuli rayonu Daştəpə kəndinin sakini N.Əliyev hadisədən dərhal sonra saxlanılmışdı. Bundan bir qədər sonra onun qohumu, Bakıda yaşayan Daştəpə sakini K.Mürsəl «Mediaforum»a belə bir açıqlama vermişdi: «Hadisəni törədən Nadir Şirxan oğlu Əliyev deyil. O, heç Neft Akademiyasında da oxumur, adi dönərçidir».<%1> K.Mürsəl bu açıqlamanı verdikdən sonra onu da polisə aparıblar. Gecə saat 3 radələrində sərbəst buraxılsa da, mayın 1-də onu yenidən polisə çağırıblar. Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Mənbə həmçinin onu da bildirdi ki, Bakıda yaşayan digər daştəpəlilər də polis nəzarətinə götürülüb, onların bəzilərinin izahatı alınıb. Dünən T.Yaqublu BMCMİ-də bir saat dindirilib. Ondan K.Mürsəli haradan tanıması və onunla «Mediaforum» arasında əlaqəni necə yaratması haqda soruşulub: «Məni bu hadisə ilə bağlı yaradılmış istintaq qrupunun üzvləri - prokurorluq əməkdaşları dindirdilər. Mən verilən suallara cavab olaraq bildirdim ki, Kamil Mürsəli çoxdandır bir həmyerli kimi tanıyıram. Mən onun Daştəpədən olduğunu bilirdim. "Mediaforum" saytından mənə bir gürcüstanlı kimi telefon açıb Marneuli rayonundan tanışım olub-olmadığını soruşdular. Və bildirdilər ki, artıq informasiya saytlarında Neft Akademiyasındakı hadisə ilə bağli Marneulidən olan Nadir Şirxan oğlu deyə bir nəfərin adı keçir. Mən də Marneulidən bir tanışım olduğunu dedim. Əvvəlcə Kamilə özüm zəng etdim və Nadir Şirxan oğlu adlı Marneulidən olan bir adam tanıyıb-tanımadığını soruşdum. Kamil də mənə dedi ki, o adamla qohumdur. Şirxanın belə bir iş tutmasının inandırıcı olmadığını dedi. Bundan sonra mən «Mediaforum» əməkdaşlarına onun nömrəsini verdim və onunla əlaqə yaratdılar. Məndən BMCMİ-də yalnız Kamili «Mediaforum»la necə əlaqələndirməyim və onu haradan tanıdığımı soruşdular. Mən də buna aydınlıq gətirdim". Terrorçu qohumunun evində kirayədə yaşayırmış Fərda Qədirovun Bakıda, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 65, mənzil 35 ünvanında kirayədə yaşadığı mənzildə axtarış aparılıb. Lent.az-ın həmin ünvana gedən əməkdaşının məlumatına görə, mənzilin qapısına möhür (blomb) vurulub. Möhürün üzərində «Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi» yazılıb. Lent.az-ın əməkdaşının əldə etdiyi məlumata görə, sözügedən mənzil Gürcüstan vətəndaşı, azərbaycanlı Arif Qabulova məxsusdur. Fərda Qədirovla qohum olduğu bildirilən Qabulov mənzili ona kirayə verib. Ancaq özü də hərdən evə gəlirmiş. Arif Qabulov Gürcüstan-Azərbaycan xətti üzrə sərnişin avtobusunda sürücü köməkçisi işləyir. O, hazırda Azərbaycanda yoxdur. Qabulovun Gürcüstanda olduğu bildirilir. Qonşuları Fərda Qədirovu bir neçə dəfə gördüklərini deyiblər: «Tək yaşayırdı, yanına gedib-gələn yox idi. Sakit həyat sürürdü, kimsə onu tanımırdı». Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov lent.az-a bildirib ki, Fərda Qədirovun üzərindən həmin mənzilin açarı çıxıb. Onun həmin mənzildə yaşayıb-yaşamadığı hələlik məlum deyil. Mənzil Gürcüstan vətəndaşı Arif Zahid oğlu Qabulovun adınadır. Ancaq Qabulov da orada daimi yaşamır. Onun ailə üzvləri hazırda Marneulidə yaşayır. «Fərda evdə bütün günü musiqiyə qulaq asır və məşq edirdi» Bu sözləri Fərda Qədirovun Daştəpədəki qonşusu Fərman Nəbiyev ANS-in müxbirinə deyib: "Fərda çox sakit adam idi. O, evdən çölə çıxmır, bütün günü evdə musiqi dinləyir və idmanla məşğul olurdu". Onun sözlərinə görə, Fərda Qədirov təxminən ay yarım qabaq Bakıya dincəlməyə getdiyini deyərək, kənddən çıxıb. Bakıya gələndə isə evlərinin açarını qonşularına təhvil verib. Amma onun xarakterinə görə, heç bir qonşu ilə mənfi söz-söhbəti olmayıb. Sakit, səssiz adam idi, çölə çıxmırdı. Bircə çörək alıb gələrdi. Bütün günü evdə olurdu. Heç kimə qarışmırdı". Yaralıların vəziyyəti necədir? Hadisə nəticəsində yaralanan 10 nəfərdən 5-nin vəziyyəti ağırdır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həkimlər digər 4 nəfərin vəziyyətini orta ağır, 1 nəfərin vəziyyətini isə kafi kimi qiymətləndirirlər. Yaralıların 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1- i 1 saylı Dəmir Yol Xəstəxanasına yerləşdirilib. Onların 6-sı baş və sifət nahiyəsindən, 2-si sinə, 1-i bilək, 1 nəfər isə bud nahiyəsindən yaralanıb. 5 xəstə təcili əməliyyat olunub, 3-ü isə əməliyyat olunacaq. Səhiyyə Nazirliyi yaralılara qan vermək üçün adıçəkilən xəstəxanalara üz tutan vətəndaşlara da müraciət edərək, onlara öz minnətdarlığını bildirib. Nazirlikdən bildirilib ki, Qan Bankında bütün qan rezuslarına dair kifayət qədər qan ehtiyyatı var. Zərərçəkənlərin ailələrinə yardım ediləcək Prezident İlham Əliyev Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım ediləcək. Maliyyə Nazirliyinə tapşırılıb ki, göstərilən maddi yardımın Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahıya uyğun olaraq ödənilməsini təmin etsin. «Bir şəxsin belə əminliklə sərbəst hərəkət etməsi şübhəli görünür» Psixoloq Azad İsazadə «Azadlıq» radiosuna müsahibəsində deyib ki, bir şəxs nə qədər professional killer olsa belə, təkbaşına o qədər də geniş imkanları olmayan köhnə «Makarov» tapançası ilə bu qədər insanı qətlə yetirə, yaralaya bilməzdi: «İlk eşitdiyim versiyalardan biri də odur ki, bu qətli bir nəfər törətməyib. Professional killerin belə, kütləvi qətl törətmək niyyəti olduğu məkana bir silahla və tək getməsi inandırıcı deyil. Mənim dediklərimi rəsmi versiya da təsdiq edir. İstintaq bildirir ki, qatil binada patrondaşı dəyişib. Nə qədər psixoloji və fiziki hazırlığı olsa da, bir şəxsin heç bir qorxu keçirmədən belə əminliklə sərbəst hərəkət etməsi şübhəli görünür. Başqa tərəfdən də onun öldürdüyü insanlar kütlə halında dayanmayıblar. İnsanlara müxtəlif mərtəbələrdə atəş açılıb. Çox güman, bir neçə insan eyni zamanda bir neçə mərtəbədə atəş açmağa başlayıb. Həlak olan və yaralananların sayının çox olması da bununla bağlıdır. «Sizcə, bu aksiyanı törədən, yaxud törədənlər bu məkanı öncədən seçiblər? Yoxsa sadəcə kütləvi yer olduğu üçün təsadüfən o binaya daxil olublar» sualını isə psixoloq belə cavablandırıb: «Bunu indi demək bir qədər çətindir. Təbii, ehtimal etmək olar ki, onlar bu qanlı aksiyanı başqa bir yerdə törətməliymişlər. Ola da bilər ki, bu binanı öncədən seçib, dəqiq plan qurublar. Bu məsələdə şəxsi-qərəz faktorunun olub-olmadığı dəqiqləşsə, bu sualın cavabı açılacaq. Terror anlayışının üç forması var. Birincisi, qanunda yazılan variant. İkincisi, siyasi çalarları olan qətllər. Üçüncüsü isə səbəbi bəlli olmayan və kütləvi ölümlə nəticələnən qanlı aksiyalara verilən ad. Əgər konkret insan öz düşmənini, ədavətdə olduğu şəxsi yox, şəhərin mərkəzində qarşısına çıxan dinc insanları öldürərək kütləvi panika, gərginlik yaradırsa, bu terror aktı kimi qiymətləndirilə bilər. Səbəbindən asılı olmayaraq». Üstünüzə silahla gəlirlərsə, neyləyə bilərsiz? «Baş verənləri çox pis qiymətləndirirəm. Başqa necə qiymətləndirə bilərəm ki?» Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev baş verənlər barədə danışarkən belə deyib. Rektor «Azadlıq» radiosunun əməkdaşı ilə söhbətdə gələcəkdə tədris binasında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də deyib: «Əlbəttə, mühafizə güclənəcək. Amma söhbət axı mühafizədən getmir. Əgər sizin üstünüzə silahla gəlirlərsə, sizin də silahınız yoxdursa, neyləyə bilərsiz?» Rektor binanın girişində silahlı mühafizəçilərin yerləşdirilə biləcəyini istisna etməyib. Terrorçunun atası Bakıya gətirilir Hadisəni törədən F.Qədirovun atası, Rusiyada yaşayan Əsəd Qədirovla görüşmək üçün bu ölkəyə ezam olunan Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları artıq geri dönürlər. Məlumatlara görə, onlar Ə.Qədirovu da özləri ilə gətirirlər. Ə.Qədirovun ilk işi terrorçunun meyitinin oğluna məxsus olduğunu təsdiqləmək olacaq. Bundan başqa o, istintaqa hər cür köməklik göstərməyə hazır olduğunu deyib. Qəzetimiz çapa gedən saatlarda Ə.Qədirovun Bakıya gətirilməsi üçün hazırlıqların başa çatdığı bildirilirdi. Ola bilsin ki, o artıq Bakıdadır. Öz növbəsində həbs olunan N.Əliyevin valideynləri də Daştəpə kəndindən Bakıya yola düşüblər. Fərdanın son şəkili Dünən günorta saatlarından etibarən qəzetimizin www.musavat.com ünvanlı saytı terror eyləmini həyata keçirən Fərda Qədirovun öldükdən sonrakı şəklini yayımladı. Şəklin hətta ağ-qara variantından da görünür ki, caninin sağ gözü gicgahından girən güllənin təsiri nəticəsində deformasiyaya uğrayıb və şişərək qapanıb. www.anspress.com saytı da Fərdanın başqa bir şəklini «ölümündən sonra çəkilib» altbaşlığı ilə ön səhifəsində yerləşdirib. Amma bu iki şəkil eyni adamın olsa da, eyni ölünün şəklinə bənzəmir. ANS-in «ölüsü»nün saç düzümü fərqlidir, hər iki gözü bütövdür, deformasiyaya uğramayıb və ... hər iki göz açıqdır. *** Bunu da qətl sonrası media quruluşlarının işinə dair kiçik bir ştrix olaraq qeyd etdik. Millətimizin başı sağ olsun. P.S. Yazının hazırlanmasında APA, lent.az və «Media forum»un materiallarından da istifadə olunub. «Yeni Müsavat»