SON XƏBƏRLƏR

İrəvan Türkiyənin vasitəçiliyinə razılıq verməz

2021.10.20, 07:36
İrəvan Türkiyənin vasitəçiliyinə razılıq verməz

Gunaz.tv
Rauf Mirqədirov: "Altıtərəfli danışıqlar Ermənistanın dolayısı da olsa, Türkiyənin vasitəçiliyinə razılaşmasının rəsmi etirafı olardı" Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 30 apreldə gecə televiziyalarda yayımlanan xalqa müraciətində Türkiyənin Azərbaycana, Azərbaycan hökumətinə və xalqına zərər verəcək hər hansı addım atmasının mümkün olmadığını bəyanlayıb. O bildirib ki, Türkiyə olduğu bütün beynəlxalq platformalarda Azərbaycanın haqq və mənafelərini öz haqq və mənafelərindən ayrı tutmayıb və bütün imkanları ilə müdafiə edib. Ramiz Mikayıloğlu Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması cəhdlərinin regionda sülh yaratmağa, münaqişənin vurduğu ziyanı aradan qaldırmağa yönəldiyini deyib: "Buna heç kimsə, ən başda da azərbaycanlı qardaşlarımız şübhə etməməlidirlər. Mən əminəm ki, gələcəkdə aprel ayı Türkiyənin xarici siyasət təqvimində son dərəcə faydalı addımların atıldığı ay olaraq xatırlanacaq". Ancaq göründüyü kimi bu dəfə də baş nazir işğal olunmuş digər Azərbaycan ərazilərindən Ermənistan hərbi birləşmələrinin çıxarılmasının Ankara-İrəvan münasibətlərinin qurulmasında şərt olub-olmadığına aydınlıq gətirməyib. Elə həmin gün xarici işlər naziri Əli Babacanın səsləndirdiyi bəyanat da bir çox suallar doğurur. Çünki bu dəfə sanki Azərbaycanı dəstəkləyən, işğala qarşı çıxan bir ölkənin deyil, ABŞ, Rusiya və Fransa kimi bir ölkənin nümayəndəsi danışır. O deyib ki, Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması üçün önümüzdəki həftələrdə ABŞ, Rusiya və İsveçrənin də qatıldığı prosesə start veriləcək. Xarici işlər naziri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məqsədilə başlayan prosesin davam etdiyini də vurğulayıb: "Azərbaycan və Ermənistan prezidentləri danışıqlarda önəmli irəliləyiş əldə ediblər. Hər iki ölkədən aldığımız mesajlar siyasi iradənin bu problemlərin həllinə imkan verəcəyini göstərir. Bir ümid işığı var, nizamlanma ehtimalı görünür. Həm də bu, uzun illər davam edəcək bir proses deyil. Əgər hər iki tərəf lazımi iradə nümayiş etdirsə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ da iradə nümayiş etdirsələr, bu problemlər həllini tapa bilər. Söhbət Rusiya, ABŞ, İsveçrə, Azərbaycan, Türkiyə və Ermənistanın bir-biriylə apardığı çoxtərfli və ikitərəfli dialoqdan gedir. Hədəfimiz "Win-Win" nəticəsinə nail olmaqdır. Qarşıdakı həftələr ərzində irimiqyaslı prosesə start verəcəyik. Bu proses çərçivəsində məsələlər bütün detalları ilə bu ölkələrdə müzakirə ediləcək. Prosesin müddəti altı ölkə arasında həyata keçirilən diplomatik danışıqlar nəticəsində müəyyənləşəcək". Maraqlıdır ki, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Ermənistan xarici siyasət idarəsi altıtərəfli danışıqların gündəmdə olmasını təkzib ediblər. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov deyir ki, baş verənlər mürəkkəbliyilə diqqət çəkir. İlk növbədə Türkiyə dedikdə nəyi nəzərdə tutduğumuz aydınlaşdırılmalıdır. Türkiyənin hazırkı hakimiyyəti-AKP iqtidarı və bütövlükdə Türkiyə cəmiyyəti başqa-başqa məsələlərdir. Politoloqa görə, ehtimal etmək olar ki, Türkiyənin hazırkı hakimiyyəti regionda söz sahibinə çevrilmək istəyir. Söz sahibinə çevrilmək üçün Türkiyə regionda sabitləşdirici sülh amili olmalıdır. Yəni bütün region dövlətləriylə normal münasibətlər qurulmalıdır. Bu baxımdan ehtimal etmək olar ki, doğrudan da Türkiyənin hazırkı hakimiyyəti Dağlıq Qarabağ məsələsinə münasibətdə Azərbaycanla müttəfiqliyini bir qədər daha az nümayiş etdirməyə çalışır. Çünki Ermənistan dəfələrlə bəyanat verib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir vasitəçi kimi çıxış edə bilməz, çünki bitərəf deyil, Azərbaycanın müttəfiqidir. Ermənistanı bu arqumentdən məhrum etmək üçün ağlabatan ehtimaldır ki, AKP iqtidarı sözdə, diplomatik bəyanatlarında və danışıqlarında bütövlükdə regionda sülhün, əmin-amanlığın tərəfdarı və təminatçısı kimi çıxış esinin. Amma politoloqa görə, hansı bəyanatlar verməsinə baxmayaraq Türkiyə hakimiyyəti tərəfsiz vasitəçi, tərəfsiz dövlət kimi qəbul olunmur. Ümumiyyətlə, Ermənistanda Türkiyəyə spesfik münasibət var. İndi aparılan danışıqlar Türkiyəyə qarşı nə ictimai fikirdə, nə dövlət səviyyəsində bütövlükdə münasibəti şərtləndirməyəcək və köklü şəkildə dəyişdirməyəcək. Altıtərəfli danışıqlara gəlincə, Rauf Mirqədirov dedi ki, son vaxtlar Türkiyə rəsmiləri bir sıra bəyanatlar veriblər. Amma sonradan bu bəyanatları maraqlı tərəflər təkzib edirlər. Əksər vaxtlarda təkzib verən Ermənistan olub. Altıtərəfli danışıqlar barədə məlumatı isə İrəvanla bərabər, rəsmi Bakı da təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxov bəyanlayıb ki, bu təşəbbüs haqqında rəsmi Bakıda məlumat yoxdur: "Ermənistanı başa düşə bilərdim. Rəsmi İrəvan təklif olunan hər hansı bir formatda Türkiyənin iştirakını qəbul edə bilməz. Ermənistan rəhbərliyi Türkiyə ilə razılaşdırılan "yol xəritəsi"nin də Azərbaycanla münasibətlərə hər hansı təsir göstərməyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı addımın atılmasını nəzərdə tutmadığını bəyanlayıb. Altıtərəflm danışıqlar Türkiyənin dolayı vasitəçi kimi çıxış etməsi olardı. Bu göstərərdi ki, Türkiyə-Ermənistan danışıqlarında Qarabağ problemi gündəlikdədir və münaqişənin həlli istiqamətində müəyyən addımların atılması nəzərdə tutulur. Belə təəssüratın yaradılması daha çox rəsmi Ankaranın marağındadır. Çünki Ankara həmişə bəyan edir ki, Ermənistanla münasibətləri Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər normallaşdırmaq fikrində deyil. Hər halda bu gün belə bəyanlayırlar. Amma Ermənistanın rəsmi Ankaranın vasitəçiliyinə ən azı bu gün razı olacağına inanmıram". Politoloq bildirdi ki, bağlı qapılar arasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mərhələlərilə bağlı görüşləri AKP hökuməti Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirir. Amma Rauf Mirqədirov düşünmür ki, tərəflər bunu rəsmi səviyyədə etmək iqtidarındadır: "Yuxarıda da dediyim kimi, altıtərəfi danışıqlar Ermənistanın Türkiyənin dolayı vasitəçiliyinə razılaşmasının rəsmi etirafı olardı. Mən Əli Babacanın etibarlılıq dərəcəsinə inanmıram. Ola bilər ki, danışıqlar çərçivəsində bu cür təkliflər olub, müzakirə edilib. Bü təklifin razılaşdırıldığına isə mən inanmıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar