SON XƏBƏRLƏR

Qərb Azərbaycanı qiymətləndirməyə başlayıb

2021.10.20, 07:36
Qərb Azərbaycanı qiymətləndirməyə başlayıb

Gunaz.tv
Qərb Azərbaycanı qiymətləndirməyə başlayıb "Öncəki illərlə müqayisədə NATO-nun Azərbaycanın dəstəyinə daha çox ehtiyacı var" Belçikada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb. Görüşdən sonra birgə bəyanat səsləndirilib. Baş katib Azərbaycanın Cənubi Qafqaz regionunda NATO üçün mühüm rol oynayan ölkə olduğunu bəyanlayıb. Yaap de Hoop Sxeffer bildirib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa rol oynamasa da, Alyans hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü şübhə altına qoyulmamalıdır. Ramiz Mikayıloğlu Azərbaycan prezidenti NATO-nun Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutduğuna və bu mövqenin ərazi bütövlüyü prinsipinə əsaslandığına görə minnətdarlığını dilə gətirib. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, NATO-nun Azərbaycanın dəstəyinə ehtiyacı var. Çünki Əfqanıstana, İraqa yüklərin əhəmiyyətli qismi Azərbaycandan keçməklə daşınır. Azərbaycan Silahlı Qüvvələri də vəziyyətin xüsusən kritik olduğu Əfqanıstanda sülhməramlı əməliyyatlardan iştiraklarını davam etdirirlər: "Ona görə də artıq birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırlar. Bölgədə rolu artan Azərbaycana münasibət dəyişib və daha sıx əməkdaşlıq istəyirlər. Biz bunu prezident İlham Əliyevin Avropa Birliyi təmsilçiləriylə görüşündə də müşahidə edə bilərdik. Məsələn, Avropa Birliyinin təhlükəsizliyə cavabdeh komissarı, NATO-nun keçmiş baş katibi Havyer Solona da vurğulamışdı ki, Azərbaycanın bölgədə rolu artıdığından bu ölkəyə xüsusi dəyər verirlər. Bunu Avropa Birliyinin komissarı Joze Barozzo da vurğuladı. Enerji resursları, Rusiya və İranın bölgədə fəaliyyətləri fonunda Azərbaycanın rolu getdikcə artır. Ona görə Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakterli bəyanatlar xoş niyyətdən daha çox reallığın dərk edilməsindən qaynaqlanır. Bilirlər ki, Azərbaycan onların maraqlarına uyğundur". Bəs NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin həllini bu çərçivədə gördüyünü bəyanlaması Dağlıq Qarabağ probleminin həllinə necə təsir göstərəcək? Ekspert düşünmür ki, bu tip açıqlamalar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini sürətləndirəcək: "Məsələn, BMT Təhlükəsizlik Şurasının dörd, BMT Baş Assambleyasının bir qətnaməsi qəbul olunub. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə vurğulanıb. Bu qətnamələr münaqişənin həllinə təsir göstərməyib. NATO-nun bəyanatı da o demək deyil ki, münaqişənin tənzimlənməsinə qısa müddətdə və effektli təsir göstərəcək. Digər tərəfdən, bu bəyanatlar daim səslənməlidir ki, Azərbaycan dünyada tək olduğunu görməsin. Bir daha vurğulansın və dünyaya mesaj verilsin ki, həqiqətən Azərbaycan torpaqları işğal altındadır və işğalçının da konkret ünvanı var. Bu da Ermənistandır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar