SON XƏBƏRLƏR

QƏTLİAMIN ARXASINDAKI MÜDHİŞ SİRR

2021.10.20, 07:36
QƏTLİAMIN ARXASINDAKI MÜDHİŞ SİRR

Gunaz.tv
QƏTLİAMIN ARXASINDAKI MÜDHİŞ SİRR Rusiyadan gəlib Bakıda qırğın törədənin hekayəsi Dünyanı sarsıdan, çoxlu ölən və yaralananların olduğu qanlı əyləmdə «Rusiya izi» sezildi; ekspertlərin iddiası - siyasi terror! Dünən səhər 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 227 ünvanda yerləşən qaz neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusda qanlı hadisə baş verib. Bu barədə məlumat alan kimi «Yeni Musavat»ın reportyor qrupu hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar ADNA-ya aparan bütün yollar polis tərəfindən bağlanmışdı. Polislərdən biri əməkdaşımıza deyib ki, hadisə barədə ilkin məlumat daxil olandan sonra Nəsimi, Səbayel, Yasamal polis idarələrinin və Çevik Polis Alayının əməkdaşları 1 nömrəli həyəcan siqnalı ilə hadisə yerinə göndəriliblər. Lakin hadisə yerində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları əməliyyat keçırdiyindən polislərə ərazinin mühafizəsi həvalə olunub. Şahidlərin dedikləri, ilkin məlumatlar Hadisənin şahidlərindən aldığımız ilkin məlumatlarda binaya bir neçə üzümaskalı şəxsin basqın etdiyi bildirilirdi. Qeyd olunurdu ki, basqınçılardan biri qaradərili zənci olub. Onu hadisə yerinə gələn polis əməkdaşları zərərsizləşdiriblər. Digəri isə qarşısına çıxan hər kəsə atəş açaraq binaya daxil olub. Hadisənin digər şahidi isə basqınçıların 2 nəfərdən çox olduğunu deyirdi: «Aralarında saqqallılar da vardı, hər kəsə atəş açırdılar». Qanlı hadisədən sonra binadan hüquq-mühafizə orqanları tərəfindən çıxarılan müəllimlərdən biri əməkdaşımıza bunları deyib: «Materialşünaslıq fakültəsində auditoriyada «patok»a mühazirə deyirdim. Koridorda güllə səsləri eşidildi. Qışqırıq, hay-küy, yalvarış səsləri gəlirdi. Tələbələr koridora çıxmaq istəsələr də, qoymadım. Qapını arxadan bağladım. Atəş səsləri səngiyəndən sonra polislər gəlib bizə dedilər ki, təcili auditoriyanı tərk edək. Yavaş-yavaş tələbələri universitetdən çıxardıq. Sonra özümüz çıxdıq. Koridorda bir nəfər qan işində çabalayırdı, dedilər müəllimdir. Bizə həmin müəllimi oradan çıxarmağa imkan vermədilər, dedilər ki, həkimlər çıxaracaq». «Dəhlizdə əlisilahlı adam var idi» ADNA-nın Nazim adlı birinci kurs tələbəsi isə əməkdaşımızla söhbətində bunları deyib: «Birinci dərsin sonuna yaxın dəhlizdə atəş səsləri eşitdik. «Potok» idi, hamımız dəhlizə çıxıb nə baş verdiyini öyrənmək istədik. Lakin müəllim bizi geri qaytardı. Dəhlizdə əlində silah tutan bir nəfər var idi. O, silahı yerə qoyaraq, cibindən nə isə çıxarırdı. Həmin şəxs mülki geyimdə idi. Müəllim bizi otağa qaytarıb qapını arxadan bağladı. Pəncərədən gördük ki, akademiyanın qabağına polis əməkdaşları gəldi. 15-20 dəqiqə sonra mülki geyimli bir nəfər gəlib dedi ki, artıq heç nə yoxdur, təhlükə sovuşub. Bizi binadan çıxardılar». Qanlı hadisə məscidlərin bağlanmasına etirazdır? Hadisə yerində olan 50-55 yaşlı qadın isə bunları deyib: «Məscidləri bağlayırlar, bura hucum eləyənlər də dindarlardı. Onların məscidlərini bağladıqlarına görə bura hucum ediblər». Hadisədən 1 həftə əvvəl ADNA-da nə baş verib? Digər bir qadın isə hadisədən 1 həftə əvvəl ADNA-da əcnəbi tələbələrlə yerli tələbələr arasında toqquşma olduğunu dedi: «Bu hadisəni də döyülən tələbələrin qohumları həyata keçırib». «O, hamının başına atəş açırdı» ADNA-nın Samir adlı tələbəsi isə bildirdi ki, ölən və yaralananlar əsasən III kurs tələbələridir: «Səsə çıxdıq. Əlində «pistolet» olan şəxs heç nəyə baxmadan hamıya atəş açırdı. O, hamının başından nişan alıb ataraq irəliləyirdi. Tələbələrdən biri onu nişan aldığını görüb əlini qabağa verib özünü 2-ci mərtəbədən atdı. Ona güllə deyəsən əlindən dəydi. Ətrafı səs-kuy bürümüşdü. Şəxsən mənim gözümün qarşısında iki tələbə dünyasını dəyişdi. Dedilər ki, basqın edənlər ilk olaraq girişdə dayanan xarici tələbəyə atəş açıblar. Korpusdakı yeməkxanaya daxil olan terrorçu burada işləyən qadını öldürüb. Bundan sonra silahlı şəxslər ikinci və beşinci mətəbəyə qalxaraq tələbə və müəllimlərə atəş açıb". İlkin məlumatlarda ölənlərin 10-dan artıq olduğu, yaralananların isə sayının 30-a çatdığı bildirilirdi. Tələbə və müəllimlərin yaxınları çaşqın vəziyyətdə qalmışdı Hadisə yerində olarkən diqqətimizi cəlb edən məqamlardan biri də ADNA-da təhsil alan və çalışanların yaxınlarına onların harada yerləşməsi barədə məlumat verilməməsi idi. ADNA-nın biotexnika fakultəsində laborant vəzifəsində çalışan Şəfa Məmmədovanın valideynləri onun mobil telefonuna israrla zəng etsələr də, cavab verilmirdi. Sonradan isə Məmmədovanın telefonuna cavab verən və özünü Fövqəladə Hallar Nazirliyinin mobil qərargahının əməkdaşı kimi təqdim edən şəxs Şəfa Məmmədovanın çantasını hadisə baş verən binada tapdıqlarını dedi, onun yaxınlarına binanın əks tərəfində qurulmuş mobil qərargaha yaxınlaşmasını məsləhət gördü. Lakin binanın əks tərəfində Şəfa Məmmədovanın valideynlərini polis mühafizə dəstələri mobil qərargaha buraxmadılar. Binanın digər tərəfinə keçən Məmmədovanın anası ilə atasını yenə də mobil qərargaha buraxmadılar. Polislərlə əlbəyaxa olan ata zorla binaya tərəf qaçdı və az sonra oradan mobil telefonu əlində gözləri dolmuş vəziyyətdə qayıtdı. Xeyli sonra isə Şəfa Məmmədovanın yaxınları öyrəndilər ki, onu yaralı vəziyyətdə Mərkəzi Kliniki Xəstəxanaya aparıblar və ora yollandılar. Sonradan hadisə ilə bağlı yayılan rəsmı açıqlamada Şəfa Afət qızı Məmmədovanın adına hadisə zamanı öldürülən şəxslərin arasında rast gəlindi. Terrorun ilk qurbanı zənci tələbə olub Hadisə zamanı ADNA-nın qanlı aksiya baş vermiş korpusunda olan tələbələrdən onların mobil telefonları ilə çəkdikləri videogörüntüləri də əldə etdik (videogörüntülərlə musavat.com saytında tanış ola bilərsiniz - red.). Videogörüntülərdən aydın olurdu ki, hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirildiyi deyilən zənci əslində terrorçunun ilk atəş açdığı ADNA tələbələrindən biridir (Nigeriya əsilli). Terrorçu ələ keçməmək üçün özünü öldürdü Hadisə yerində olan hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşından öyrəndik ki, MTN-in Antiterror Mərkəzinin xüsusi təyinatlıları terrorçunu diri tutmaq istəsələr də, o, özünü öldürüb. Onun belinə şəhid kəmərinin bağlanması barədə də xəbər səsləndi. Hadisənin şahidləri qanlı olayın təsadüfi olmadığını və əvvəlcədən planlaşdırıldığını bildirirlər. Onların fikrincə, qanlı olayda vəhabi izinin olması istisna deyil. Daxili işlər naziri və baş prokuror hadisə yerində Hadisə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov da gəliblər. Onlar tam mühasirəyə alınan tədris korpusuna daxil olublar. Lakin oradan çıxandan sonra nazirlə baş prokuror jurnalistlərə heç bir açıqlama verməyərək ərazini tərk edib. Bir jurnalistin atası yaralanıb, digərinin isə anası öldürülüb Silahlı basqın zamanı yaralananlardan biri, «Azərpress» İnformasiya Agentliyində çalışan Bəhram Rüstəmbəyovun atası, dosent Faiq Rüstəmbəyovdur. 70 yaşlı Faiq Rüstəmbəyov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Dosentin oğlu Bəhram Rüstəmbəyov bildirib ki, atasına atılan güllə üzündən keçərək ağzından çıxıb. «Atam xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Onun ağzındakı güllə xəstəxanaya gətirilərkən öz-özünə düşüb. Bunu mən özüm də gördüm, kiçik güllə idi». Bəhram Rüstəmbəyov hadisənin necə baş verdiyindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, ADNA-ya silahlı basqın barədə xəbəri eşidən kimi dərhal atasına zəng edib. Ancaq əvvəlcə telefona cavab verən olmayıb, bir qədər sonra isə rabitə əlaqəsi ümumiyyətlə baş tutmayıb: «Telefona zəng çatmadığını görəndə bildim ki, nəsə var. Təcili atamın iş yerinə getdim. Yolda müəllim yoldaşlarından biri zəng edib dedi ki, Faiq müəllim yaralanıb, gətirirlər xəstəxanaya». Terror zamanı yaralanaraq sonradan xəstəxanada dünyasını dəyişənlərdən biri də «İnterfaks» agentliyinin əməkdaşı Anar Əzizovun anası Tamella Əzizovadır. Qadın akademiyada dərs deyirmiş. Agentlikdən «Media forum»a A.Əzizovun anasının qətlə yetirildiyini təsdiq ediblər. Prezident İlham Əliyev terror qurbanlarının yaxınlarına başsağlığı verib Azərbaycan Prezidenti İlham Əliyev Neft Akademiyasında baş vermiş faciə ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: «2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyimi bildirirəm. Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir. Allah rəhmət eləsin!" Onu da qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev də Azərbaycan prezidenti İlham Əliyevə faciə ilə bağlı başsağlığı verib. Şayiələr şəhəri bürüdü Gün ərzində Azərbaycan Pedaqoji Universitetində, Bakıxanov qəsəbəsində yerləşən Dövlət Neft Kollecində, «Nərimanov» metrostansiyasında terror aktlarının törədildiyi, «20 Yanvar» dairəsində sərnişin avtobusu partladılması barədə xəbərlər yayıldı. Lakin bu xəbərlərin heç biri təsdiqlənmədi. Təhsil Nazirliyi: «Bu, bir cinayət işidir, təhsillə bağlı məsələ deyil» «Bizim nazirliyin əməkdaşları da hadisə yerinə gediblər. Amma bu, bir cinayət işidir, təhsillə bağlı məsələ deyil. Ona görə də polis əməliyyat aparır». Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə dünən Neft Akademiyasında baş vermiş qanlı insidentlə əlaqədar «Media forum» saytına belə deyib. O bildirib ki, insidentin detalları ilə bağlı Təhsil Nazirliyində heç bir məlumat yoxdur. Yeri gəlmişkən, hadisədən sonra orta məktəblərdə ibtidai siniflərdə dərslər keçirilməyib, şagirdlər evlərinə buraxılıb. Neft Akademiyasının tələbələri etiraz aksiyası keçirəcəklər Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri təhsil ocağında baş verən terror hadisəsinə etiraz əlaməti olaraq, aksiya keçirmək istəyirlər. Kliniki Tibbi Mərkəzin qarşısına toplaşan tələbələr mayın 1-də saat 12.00-da «Azadlıq» meydanında toplaşmaq qərarına gəliblər: «Biz təhlükəsizliyimizin təmin olunmasını istəyirik. Bu hadisə sabah da başqa universitetdə baş verə bilər. Təhsil ocaqlarının təhlükəsizlik sistemi gücləndirilməlidir. Biz aksiyada həlak olan tələbələri də yad edəcəyik. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib bunun üçün icazə istəyəcəyik». ABŞ-ın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib ABŞ-ın Bakıdakı səfirliyi ADNA-da baş verən terror aktı ilə əlaqədar olaraq əlavə qabaqlayıcı təhlükəsizlik tədbirləri görüb. Səfirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diplomatik korpusun əməkdaşları da daxil olmaqla Bakıdakı bütün ABŞ vətəndaşlarına hadisə baş verən əraziyə getməmək, həmçinin ehtiyatlı davranmaq barədə xəbərdarlıq edilib. Böyük Britaniyanın Bakıdakı səfirliyində isə hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülməyib. Səfirlikdən lent.az -a bildirilib ki, yalnız diplomatik korpusun əməkdaşlarına hadisə ilə bağlı ümumi xarakterli məlumat verilib. Səfirlik öz əməkdaşlarına hadisə baş verən və oraya yaxın ərazilərə getməmək barədə tövsiyə xarakterli göstəriş verib. Güc strukturlarının qanlı olayla bağlı rəsmi açıqlaması Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun yaydığı birgə bəyanatda bildirilir ki, Azərbaycan Dövlət Neft Akademiyasının qaz neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxmışlar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürmüşdür. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunmuş, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilmişdir. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülmüşdür. İlkin məlumatlara görə cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanmışlar. Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyət göstərir. Qanlı qətliamı törədənin yaxınları nə deyir? Güc strukrurlarının rəsmi açıqlamasından sonra Fərda Qədirovun yaxınları da danışdı. APA-nın Daştəpə kəndində olan Gürcüstan müxbirinə F.Qədirovun bibisi Rəna Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan F.Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunub. R.Qədirova onu da deyib ki, Fərda ilə atasının arasında inciklik olub: «Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı». F.Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova isə onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar. F.Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə APA-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. S.Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu söyləyib: «Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm». Qeyd edək ki, F.Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-nın əməkdaşına bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. F. Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır. F. Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, F.Qədirov subaydır. O, F.Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib. Terrorçunun atası da danışdı Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib. Ə.Qədirov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onu gözlədiyini deyib. Ata bildirib ki, 1980-ci il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib: «Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o, heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, içki qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o, heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi». Qeyd edək ki, 60 yaşlı Ə. Qədirov artıq 15 ildir Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir - red.) bazarda satıcı işləyir. Fərdadan başqa onun iki oğlu və bir qızı var. Ə.Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podolskda yaşayıb: «Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim». Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib: «Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...» Yüzlərlə insan yaralılara qan vermək üçün növbəyə durdu Hadisə zamanı yaralananlar və qətlə yetirilənlərin böyük əksəriyyəti Klinik Tibbi Mərkəzə aparılıb. Orada olarkən Neft Akademiyasının və Tibb Universitetinin yüzlərlə tələbəsinin yaralılara qan vermək üçün laboratoriyanın qarşısına yığılmasının şahidi olduq. Az sonra hadisədən xəbər tutan Bakı sakinləri də yaralılara qan vermək üçün xəstəxananın həyətinə toplaşdılar. Klinik xəstəxanada plazma olmayıb Biz xəstəxanada olarkən reanimasiya şöbəsinə 26 xəstənin gətirildiyini öyrəndİk. Bundan başqa 7 yaralının yolda dünyasını dəyişdiyini söylədilər. Xəstəxanaya yerləşdirilən xəstələrdən biri isə biz orada olarkən dünyasını dəyişdi. Xəstəxana rəhbərliyi günün ikinci yarısında yaralıların çox olduğunu əsas gətirərək digər xəstələrin reanimasiya şöbəsindən palatalara köçürülməsi barədə göstəriş verib. Reanimasiya şöbəsindən palatalara köçürülən xəstələrin bizə verdiyi məlumata görə, Klinik Tibbi Mərkəz ekstremal şəraitə hazır deyilmiş. Təcili yardım maşınlarında süni nəfəs vermək üçün xüsusi avadanlıq olmayıb. Bunun nəticəsində xəstələrin bir qismi yolda dünyasını dəyişib. Bundan başqa, xəstəxanada qan itirən yaralılar üçün həyati əhəmiyyətə malik olan «plazma» (təbii qan əvəzedicisi) olmayıb. Xəstəxanada dünyasını dəyişən Məmmədov Taleh Tanrıverdi oğluna cərrahiyyə otağında yer olmadığı üçün lazımı tibbi yardım edilməyib: «Taleh boğazından yaralanmışdı. Cərrahiyyə otağında digər yaralılar əməliyyat olunduğundan o, palataya yerləşdirildi. Həkim olmadığından Talehə lazımı tibb yardım edilmədi. Tibb bacıları isə ona yardım edə bilmədilər. Gözümüzün önündə dünyasını dəyişdi». Xəstəxananın mühafizə xidmətinin bir əməkdaşı isə ölənlərin sayının 20 nəfəri keçdiyini söylədi. Mühafizə xidmətinin əməkdaşı həm də cəsədlərin tələm-tələsik sahiblərinə verildiyini bildirdi: «Rəhmətə gedənlərin hamısı cavan uşaqlardır. Rəhbərliyin göstərişinə əsasən cəsədlər sahiblərinə verilir. Burada çox adamın toplaşmasını istəmirlər. Artıq cəsədlərin bir hissəsi sahiblərinə verilib». Xəstəxananın digər əməkdaşı isə yaralıların sayının gizlədildiyini söylədi: «Yüngül yaralılar qeydiyyata alınmır. Həmin yaralıların yaxınlarına da məlumat vermək qadağan edilib. Bizim xəstəxanaya 20- dən çox yaralı gətirilib. Onların heç 50 faizi qeydə alınmayıb». Qatillər neçə nəfər olub? Polis zabitləri mərkəzin həyətinə toplaşan tələbələri hadisəni görüb-görmədikləri barədə sorğu-sual edirdilər. Polis kapitanı tələbələrə xitabən onlara yardım etmələrini xahiş etdi: «Əgər hadisənin şahidləri varsa bizimlə polis bölməsinə getmələrini xahiş edirik. Bu, olduqca vacibdir. Orada şəkillər və video materiallar var. Biz həmin şəkillərdəki şəxslərin basqın zamanı akademiyada olub-olmamalarını araşdırmaq istəyirik. Yaralananlar və rəhmətə gedənlər sizin dostlarınızdır. Onların qatillərini tapmaqda bizə yardım edin». Xəstəxananın həyətində olan tələbələr isə hadisənin şahidi olmadıqlarını söylədilər. Polis zabitlərinin şahid axtarışında olmaları və kimlərdənsə şübhələnmələri bir daha deməyə əsas verir ki, basqının bir yox, bir neçə nəfər tərəfindən həyata kecirilməsi versiyasının əsası var. Günün sonunda ölənlərin tam siyahısı yayıldı Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır: Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon) Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri) Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti) Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi) Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon) Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon) Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri) Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri) Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu) Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu) Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi) Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri) Terrorçu - Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı). S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır. S.Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasını dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib. Rektora ad günü «hədiyyəsi»? «Media forum» saytının məlumatına görə, hadisə baş verən gün Azərbaycan Dövlət Neft Akademiyasının rektorunun ad günü olub: «Rektor Siyavuş Qarayev 1942-ci il aprelin 30-da anadan olub. Neft Akademiyasına 1997-ci ildə rektor təyin edilib». Qanlı olayın motivi barədə hansı versiyalar var? Güc nazirliklərinin yaydığı məlumatda hadisə, onu törədən, ölənlər, yaralananlar və hansı maddələrlə cinayət işi başlandığı qeyd edilsə də, qətliamın motivi barədə xəbər verilmədi. Rəsmi məlumatda silahlı basqın törədərək sonra intihar edən Fərda Qədirovun üzərindən «Makarov» tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş və 2 tapança sandıqçası aşkar edildiyi qeyd olunurdu. Eyni zamanda, F.Qədirovun hadisə zamanı sərrast atəşlə qurbanlarının əsasən baş nahiyəsinə atəş açması da onun xüsusi hazırlıq görməsi versiyasını irəli sürməyə əsas verib. Ekspertlər hesab edirlər ki, F.Qədirov cinayəti törətmək üçün əvvəlcədən hazırlaşıb: «Fərda Qədirov 3 ay əvvəl Rusiyadan Gürcüstana qayıdıb, onun ailəsinin Ermənistan kökənli olduğu da bildirilir. Rusiyada atasının yanında qalmayıb Gürcüstana qayıtmaq istəməsini də təsadüfi saymaq olmaz. Mümkündür ki, o, xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşüb və onların diqtəsi ilə hərəkət edən radikal qruplardan birində təlimatlandırılaraq bu terror aktını törədib». Qətliamın silahını Rusiya xüsusi xidmət orqanları hazırlayıb? Ukraynada yaşayan hərbi ekspert Xaqani Hüseynli isə «Media forum»a açıqlamasında bildirib ki, belə patrondaşlar Rusiyada xüsusi sifarişlə istehsal olunur: «Bunlar ümumi istehsala daxil deyil və tabel silahlarında istifadə olunmur. Amma xüsusi xidmət orqanları və ya özəl təhlükəsizlik xidmətləri sifarişlə belə patrondaşlar əldə edə bilir». Ekspert qeyd edib ki, cinayəti törədən F.Qədirov xüsusi üsulla hazırlanmış patrondaşı pulla da əldə etmiş ola bilərdi: «Amma mən səhərdən informasiyaları izləyirəm və hadisənin xarakterindən görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır. Görünür, cinayətkarı bu vasitələrlə sifarişçilər təmin ediblər». X.Hüseynlinin sözlərinə görə, «Makarov» tapançaları hətta intensiv atəş rejimində belə çox sayda güllə atmaq qabiliyyətinə malikdir. «Hökumətdə Bakıda terror olacagı ilə bağlı məlumat olub. Ona görə də qəfildən «Şəhidlər» məscidi bağlanıb. Rəsmilərin bu barədə xəbərdarlıq etməmələrinin səbəbi də əhalinin təşviş keçirməsinin qarşısını almaq olub» - deyə adının çəkilməsini istəməyən digər ekspert bildirib. Sonda onu da qeyd edək ki, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Azadlıq» radiosuna açıqlamasında hadisə ilə bağlı terror maddəsinin də əlavə ediləcəyini istisna etməyib: «Hələlik biz bu maddələrlə cinayət işi başlamışıq. Ancaq istintaqın gedişində terrorçuluq maddəsi də əlavə oluna bilər». «Yeni Musavat»ın reportyor qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar