SON XƏBƏRLƏR

Cənub Qafqazda gərginlik davam edir

2021.10.20, 07:36
Cənub Qafqazda gərginlik davam edir

Gunaz.tv
Cənub Qafqazda gərginlik davam edir Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirir. Rəsmi Moskva Gürcüstandan ayrılmış qondarma Abxaziya və Cənubi Osetiyayla sərhəd paktı imzalayıb. Sənədə görə rusiya bu ərazilərin sərhədlərinə nəzarət edəcək. Paktın imzalanma mərasimi Moskvada baş tutub. Kremldə sənədi Rusiya prezidenti Dmitri Medvedevlə Cənubi Osetiya və Abxaziya liderləri Eduard Kokoytı, Sergey Baqapş imzalayıb. Ötən il sözügedən qondarma respublikaların müstəqilliyini rəsmən tanıyan Moskva bu dəfə də həmin ərazilərin sərhədlərini qorumağı qərara alıb. Beş il müddətində imzalanmış sərhəd paktına əsasən Rusiya hərbi qüvvələri Cənubi Osetiya və Abxaziyayla birlikdə sərhədlərin toxunulmazlığını müdafiə edəcək. Artıq hamıya gün kimi aydındır ki, rəsmi Moskvanın bu addımı Gürcüstanı öz sıralarına qəbul etmək istəyən NATO-ya qarşı yönəlib. Sərhəd paktında Rusiyanın Abxaziya və Cənubi Osetiya dövlət orqanlarına yardım göstərməsi və milli sərhəd xidməti işçilərinin hazırlaması nəzərdə tutulub. Sənəddə sərhədlərin qorunmasının üçüncü dövlətə qarşı yönəlmədiyi də öz əksini tapıb. Rusiyanın belə bir addım atmasını NATO Gürcüstanla imzalanmış sülh razılaşmasının pozulması kimi qiymətləndirib. İmzalanmış pakta qarşı narazlıq bildirən Vaşinqton bu addımın regiondakı vəziyyəti daha da gərginləşdirəcəyini bəyan edib. Rusiyanın son hərəkətini pisləyən rəsmi Tbilisi isə NATO təlimlərinin planlaşdırılan vaxtda keçiriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar