SON XƏBƏRLƏR

İran bulanıq suda balıq tutmaq istəyir

2021.10.20, 07:36
İran bulanıq suda balıq tutmaq istəyir

Gunaz.tv
İran bulanıq suda balıq tutmaq istəyir "Xəzərin statusunun müəyyənləşmədiyi bir vaxtda digər geosiyasi oyunçular Tehranın təşəbbüslərinə soyuqqanlı yanaşmayacaqlar" İran Azərbaycan neftinin öz ərazisindən nəqli təklifini irəli sürüb. Cənub qonşumuz "Şahdəniz" yatağının ikinci fazasının işlənməsində iştirak etmək, hətta bu yataqdan çıxacaq bütün qazı almaq istəyini də Azərbaycan hökumətinə çatdırıb. Bu barədə İran Milli Neft Şirkətinin nümayəndəsi açıqlama verib. Bəs Tehranın indiki durumda enerji məsələsində aktivləşmək niyyəti nədən qaynaqlanır? Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, İran yaranmış mövcud situasiyadan yararlanmaq istəyir. Tehran bölgədə yaranmış gərginliyi, Azərbaycanın faktiki çətin duruma düşdüyünü görür. Azərbaycan prezidenti İlham Əliyevin Ankara səfərindən imtina etməsi, Moskvaya gedilməsi, bunun arxasınca qəfil Brüssel səfəri göz önündədir. Ramiz Mikayıloğlu Tehran başa düşür ki, Azərbaycan beynəlxalq aləmlə münasibətlərini tam nizamlaya bilmir, müəyyən problemlər var. Ona görə də öz xidmətlərini təklif etməyə çalışır. Bu da anlaşılandır. İrana bəllidir ki, Qərb, Rusiya və Türkiyə Tehranın Cənubi Qafqazda təsir sahibi olmasında maraqlı deyil, onu bölgəyə buraxmaq istəmirlər. Ona görə yaranmış situasiyadan yararlanaraq hər hansı formada, o cümlədən enerji sahəsində əməkdaşlıq yoluyla Cənubi Qafqaza daxil olmağa çalışır. Ərəstun Oruclu xatırlatdı ki, üç gün əvvəl prezident Mahmud Əhmədinejad Xəzər dənizində İranın qazma işlərinə başlamasıyla bağlı sərəncam verib. Bu da təsadüfi deyil və yaranmış vəziyyətlə bağlıdır. Regionda çox riskli durum yaranır. Çox güman ki, digər geosiyasi oyunçular Xəzərin statusunun müəyyənləşmədiyi bir vaxtda İranın bu təşəbbüsünə soyuqqanlı yanaşmayacaqlar. Tehran bu günə kimi hesablaşıb ki, Xəzərin enerji ehtiyatlarına onun heç biri aidiyyatı yoxdur. İndiyə qədər müəyyən kiçik təxribatlar nəzərə alınmasa, cənub qonşumuz hansısa böyük layihələr, işlər həyata keçirmək fikrində olmayıb. Başa düşüb ki, buna yol verilməyəcək. Amma indi region ətrafında elə bir gərgin geosiyasi vəziyyət yaranıb ki, artıq Tehran açıq şəkildə buna gedir. Məlumdur ki, Xəzərdə 20 faizlik pay tələb edən İran buna Azərbaycanın dənizdəki sektoru hesabına nail olmaq istəyir. Ərəstun Oruclu istisna etmir ki, İran qazma işlərini Azərbaycanın sektorunda aparsın. Yeri gəlmişkən, bir müddət əvvəl İran "Nabucco" qaz layihəsində iştirakda da maraqlı olduğunu bəyanlamışdı. Söhbət ilk növbədə İran qazının Azərbaycan üzərindən mövcud infrastrukturla Türkiyəyə, daha sonra Avropa ölkələrinə ötürülməsindən gedirdi. Bəs bu, cənub qonşumuzun siyasətində bir ziddiyyətin mövcudluğundan xəbər vermirmi? Ərəstun Oruclunun fikrincə, İran manevr edir: "Cənub qonşumuzun "Nabucco"da iştirak təklifini irəli sürməsi ABŞ-la Avropa arasında fikir ayrılığına nail olmaq niyyətindən qaynaqlanır. Tehran bilir ki, Avropa dversfikasiya siyasətində maraqlıdır və öz xidmətini təklif edir. Bilir ki, ABŞ İranın "Nabucco"da iştirakına qarşı çıxacaq və bu zaman da ABŞ-la Avropa arasında fikir ayrılığı yaranacaq. İndiki mərhələdə Tehran buna can atır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar