SON XƏBƏRLƏR

Moskva və Kiyev anlaşdılar

2021.10.20, 07:36
Moskva və Kiyev anlaşdılar

Gunaz.tv
Moskva və Kiyev anlaşdılar Son 2 gündə Moskvada gərgin qaz danışıqları gedir. Bu gün Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiya rəhbərliyiylə Ukrayna-Rusiya qaz problemlərini müzakirə edib. Ondan 1 gün əvvəl isə Bolqarıstanın baş naziri Serqey Stanişev Moskvada Cənubi axınlayihəsiylə bağlı danışıqlar aparıb. Moskva bildirilib ki, Cənubi axınla bağlı bütün problemlər həll olunub və yaxın həftələrdə müvafiq sənəd imzalanacaq. Cənubi axın Nabukko layihəsinin birbaşa rəqibi sayılır. Bu gün Moskvada Rusiyanın baş naziri Vladimir Putinlə görüşən Yuliya Timoşenko bəyan edib ki, iki ölkə arasında qarşıdurma artıq arxadadır və Kiyev Rusiya qazının müqabilində ödənişləri vaxtlı-vaxtında vermək əzmindədir: "Ukraynaya qaz ötürmələri sistemi sabitləşib. Biz çalışırıq ki, ödənişlərimizi hər ay müntəzəm olaraq, həyata keçirək. Mən həmçinin Rusiyaya bizim müqavilədə göstərildiyindən az qaz almağımızı anladığına görə minnətdaram", - deyib xanım Timoşenko. Müşahidəçilərə görə, Ukraynanın müqavilədə göstərildiyindən daha az qaz alması məsələsi ciddi problem ola bilərdi. Yuliya Timoşenko açıq bildirib ki, Ukrayna iqtisadi böhranın ona imkan verdiyi qədər qaz alır. Mətbuat yazır ki, Rusiya buna görə Ukraynaya cərimə sanksiyaları tətbiq edə, cərimələr isə nəhəng rəqəmlər təşkil edə bilərdi. Bu təqdirdə, yeni Rusiya-Ukrayna qaz müharibəsini istisna etmək çətin idi. Ancaq hələlik göründüyü kimi Moskva Kiyevi cərimələmək istəmir. Bu gün Rusiyanın baş naziri Vladimir Putin qaz məsələsində konkret detallara varmadan iki ölkə arasında iqtisadi münasibətlərdən məmnun qaldığını bildirib. O deyib ki, bütün iqtisadi problemlərə baxmayaraq, ticarət mübadiləsinin həcmi artıb. Ekspertlərə görə, Rusiyanın nisbi mülayimliyi Ukraynanın Moskvaya özünün qaz-nəql sisteminin modernləşdirilməsində iştirak etmək təklifiylə bağlı ola bilər. Ukrayna müvafiq müqaviləni 1 ay əvvəl Avropa Komissiyasıyla imzalamışdı. O zaman bu, Moskvada sərt qarşılandı. İndi Kiyev Rusiyanın da işə cəlb olunmasını təklif edir. Bu, bəzi mülahizələrə görə, Moskvanın strateji Ukrayna nəql borularına iddiasına imkan yarada bilər. Düzdür, Kiyevdə qeyd edirlər ki, boru xəttləri Ukraynanın istisnasız mülkiyyətidir. Eyni zamanda Moskva Ukraynadan yan keçən yollara da xüsusi diqqət verir. Bu, ilk növbədə Rusiya qazını Rusiyadan Qara Dənizin dibiylə Bolqarıstana çatdıracaq Cənubi axın xəttidir. Son günlər Moskvada Bolqarıstan rəhbərliyiylə aparılan danışıqlar nəticəsində bildirilib ki, bütün problemlər həll olunub və müvafiq müqavilə yaxınlarda imzalanacaq. Moskvalı analitik Aleksandr Razuvayevə görə, Rusiyanın bu işdə israrlı olmasının səbəblərindən biri də Nabukko layihəsidir. "Cənubi axın layihəsi daha real görünür, ancaq Nabukko Rusiya tərəfini sanki yuxudan oyadıb, onu daha qətiyyətli siyasət yeritməyə, bəzən Cənubi axının reallaşdırılması üçün tərəfkeşlərə hətta müəyyən güzəştlərə getməyə məcbur edir", - deyir cənab Razuvayev. Rusiya rəhbərliyi israrla bildirir ki, Cənubi axın heç nəyə baxmadan 2015-ci ildən işləməyə başlayacaq. Düzdür, məsələn ABŞ nümayəndələri deyirlər ki, bu layihə çox məsrəflidir və eyni bazara yönəlmiş Nabukko daha real görünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar