SON XƏBƏRLƏR

Türkiyə hökuməti Azərbaycana cavab verməlidir

2021.10.20, 07:36
Türkiyə hökuməti Azərbaycana cavab verməlidir

Gunaz.tv
Vəfa Quluzadə: "Bu gün heç kəs bilmir ki, bu AKP-də birdən-birə erməni sevgisi hardan yaranıb" Qabil Hüseynli: "Belə bir vəziyyətdə Azərbaycanın açıq şəkildə siyasi izahat istəməsi normal qarşılanmalıdı" Türkiyə - Ermənistan münasibətlərinin qurulmasına dair "yol xəritəsi"nin ortaya çıxması Türkiyə rəhbərliyinin DQ münaqişəsi həll olunmayınca sərhədlərin açılmayacağı barədə səsləndirdiyi bəyanatların ciddiliyini şübhə altında qoydu. Baş nazir Ərdoğanın və Türkiyə hökumətinin digər rəsmilərinin bu məsələlərlə bağlı qeyri-ciddi davranışları o həddə gəlib çıxıb ki, artıq rəsmi Bakı gedən proseslərlə bağlı Ankaradan rəsmi izahat istəyir. Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı rəhbərliyi ilə keçirdiyi görüşdə bununla bağlı olduqca açıq mesaj verərək rəsmi Bakının nəyin baş verdiyinə çox dəqiq şəkildə aydınlıq gətirilməsini istədiyini bildirib. Onu da qeyd edək ki, bu, Azərbaycan prezidentinin Türkiyə-Ermənistan münasibətlərinin qurulması ilə bağlı ikinci dəfə açıq mövqe ortaya qoymasıdır. Məsələnin ən maraqlı tərəfi isə budur ki, prezidentin bəyanatından da göründüyü kimi, aparılan proseslərlə bağlı Azərbaycanın strateji partnyoru olan Türkiyə hökuməti Bakı ilə heç bir siyasi məsləhətləşmələr aparmayıb. Baxmayaraq ki, bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya səfəri elə Türkiyə mətbuatı tərəfindən siyasi məsləhətləşmələrin aparılması kimi şərh olunmuşdu. Hətta bu səfərdən sonra Azərbaycandakı bəzi media qurumları rəsmi Bakının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair yayılan xəbərlərə təmkinlə yanaşmasını Azərbaycanın Türkiyə ilə gizlin anlaşması kimi şərh etməyə çalışmışdı, Azərbaycan prezidentinin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı dəfələrlə Türkiyə hökuməti qarşısında məsələ qaldıran Avropa İttifaqında bu məsələ ilə bağlı olduqca açıq və konkret sual qoyması ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanır. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə-Ermənistan sərəhdələrinin açılması və ümumiyyətlə, iki ölkə arasında münasibətlərin qurulmasına dair prosesin xeyli vaxtdan bəri getməsinə baxmayaraq AKP hökuməti bu günə qədər bunun səbəbləri ilə bağlı Azərbaycan tərəfinə əsaslı səbəb göstərə bilməyib. "Prezident 100 faiz haqlıdır və o, məsələni də olduqca açıq və konkret şəkildə qoyub. Bizim hamımız bilmək istəyirik ki, Azərbaycan ərazilərinin işğalından sonra Ermənistanla sərhədləri bağlayan, ermənilərin bu gün də qondarma soyqırımda ittiham etdikləri və ərazilərini özlərinə istədikləri Türkiyə hökuməti birdən-birə niyə öz mövqeyini 180 dərəcə dəyişib ermənilərə qapı açmaq istəyir?"- deyən politoloq bildirib ki, AKP hökuməti Azərbaycana siyasi izahat verməlidir. Türkiyə və Azərbaycanın strateji müttəfiq dövlətlər olduğunu bildirən Quluzadə rəsmi Ankaranın Azərbaycanla bu məsələlərə dair siyasi məsləhətləşmələr aparmamasını isə qeyri-peşəkar siyasət hesab edir. "Siyasət o vaxt siyasət olur ki, orada bütün müttəfiqlər, tərəfdaş ölkələr bir araya gəlib atacaqları addımları və aparacaqları siyasəti müəyyənləşdirirlər" deyən Vəfa Quluzadə AKP hökumətinin bütün bunlarla bağlı niyə Azərbaycanı məlumatlandırmamasının onun üçün də qaranlıq olduğunu bildirib. "Avropa və bütün Qərb aləminin ermənilərə xristian sevgisi göstərdiyi bəllidir. Əgər bununla bağlı doğrudan da Türkiyəyə güclü təzyiqlər varsa, onda Türkiyə hökuməti bunu öz müttəfiqinə bildirməlidir ki, ona güclü təzyiqlər var və o, bu təzyiqlərə zəiflik göstərərək dözə bilmir. Ya da bildirməlidir ki, bu addımları müqabilində onları Avropa Birliyinə üzv edəcəklər. Hər halda bu cavabların hansının verilməsindən asılı olmayaraq belə bir izahat veriləndə Azərbaycan, Türkiyə hökumətini başa düşə bilər və buna uyğun da öz siyasətini qurar. Bu gün heç kəs bilmir ki, bu AKP-də birdən-birə erməni sevgisi hardan yaranıb. AKP-lər də bu günə qədər ortaya ağıllı bir fakt qoya bilmirlər. Elə deyirlər biz bunu edirik, sizin üçün də yaxşı olacaq. Nəyin yaxşı olacağını bilmək bizim haqqımızdı. Bəlkə bizim üçün doğrudan da nəsə yaxşı olacaq. Siyasi izahat versinlər, biz də bilək. Yoxsa biri çıxıb deyir ki, DQ münaqişəsi həll olmadan sərhədləri açmayacayıq. Amma ortaya sabah "yol xəritəsi" çıxır. Bu, düşünülmüş siyasət deyil". Politoloq həmçinin ortaya çıxan "yol xəritəsi"nin Ermənistan tərəfindən qəbul edilməyəcəyini deyib. Onun sözlərinə görə, həmin sənəddə Ermənistanın Qars müqaviləsini tanıması və qondarma soyqırım ittihamından imtina edilməsi məsələləri var ki, bu da heç vaxt baş verən deyil. "Orada DQ məsələsindən ümumiyyətlə söhbət getmir. Yaxşı, ermənilər qondarma soyqırımdan necə imtina edəcəklər ki, elə aprelin 24-də İrəvanda Türkiyənin bayrağını yandırdılar. Əgər bütün bunlara rəğmən AKP hökuməti sərhədləri açmaq niyyətindədirsə, artıq buna cavab türk xalqından gələcək"- deyən Quluzadə son günlər AKP hökumətinin addımlarının Türkiyənin dövlət maraqlarından deyil, bu partiyanın qarşısına qoyduğu maraqlardan irəli gəldiyinə dair ortaya çıxan fikirlərə də toxunub. Hazırda Türkiyədə dövlətin başında AKP-nin dayandığını və ona görə də AK partiyaçıların dövlətin maraqlarını bir kənara ataraq öz maraqlarını üstün tutmağa ixtiyarı olmadığını vurğulayan politoloq "Əgər belə bir şey olarsa, türk milləti AKP-ni yerə vurar"- deyib. Politoloq Qabil Hüseynli də Azərbaycan prezidentinin Türkiyə hökumətindən cavab tələb etməsini təbii qarşılayır. Ermənistanla münasibətlərin qurulmasına dair bundan əvvəlki danışıqlar və hazırkı proses barədə Türkiyə hökuməti tərəfindən Azərbaycana heç bir məlumatın verilmədiyini bildirən politoloqa görə, belə bir vəziyyətdə Azərbaycanın açıq şəkildə siyasi izahat istəməsi normal qarşılanmalıdı. "Çünki Azərbaycan tərəfi Türkiyə hökumətinin Ermənistanla münasibətlər qurmasının kökündə hansı maraqların dayandığını bilməlidir və təbii ki, öz siyasətini də buna əsasən quracaq" deyən Qabil Hüseynli AKP hökumətinin bu istiqamətdə apardığı siyasətin düşünülməmiş bir addım olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında belə bir xoşagəlməz vəziyyətin yaranması artıq Türkiyənin ayrı-ayrı qurumlarında da narazılıq yaradıb. "Bu günlərdə Türkiyənin Milli Güvənlik Quruluşunda da bu məsələ müzakirə olunub və AKP-nin siyasəti sərt tənqid edilib. Qurum tərəfindən ya Abdullah Gülün, ya da Ərdoğanın Bakıya səfər etməsi də tələb edilib. Yəqin ki, qısa zamanda bu səfər olacaq. Çünki səfərin edilməsi lazımdı"- deyən Qabil Hüseynli də bu fikirdədir ki, rəsmi Bakının bəzi siyasi addımları Türkiyə hökumətinin Azərbaycana verəcəyi siyasi izahatın nəticəsindən asılı olacaq. Ona görə də politoloq hələlik prosesləri qabaqlamağı və baş nazir Ərdoğanın Bakı səfəri zamanı hansı mövqedən çıxış edəcəyini gözləməyin tərəfdarıdır. Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar