SON XƏBƏRLƏR

Geosiyasi vəziyyət mürəkkəbləşib

2021.10.20, 07:36
Geosiyasi vəziyyət mürəkkəbləşib

Gunaz.tv
Geosiyasi vəziyyət mürəkkəbləşib Politoloqlar hesab edir ki, münaqişənin həlli Rusiyanın iradəsindən asılı olacaq ATƏT-in Minsk qrupu həmsədrləri regiona son səfərlərini münaqişənin həllinə dair optimist əhval-ruhiyyəli bəyanatlarla başa vursalar da, regionda baş verən geosiyasi dəyişikliklər, xüsusilə də Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələlərin gündəmə gəlməsi DQ münaqişəsinin həlli ətrafındakı vəziyyəti bir az da mürəkkəbləşdirib. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza yaxın aylarda DQ münaqişəsinin həllini tapmasının mümkün olduğunu bəyan edib, problem ətrafındakı vəziyyətin getdikcə mürəkkəbləşdiyini vurğulayan ekspertlər DQ münaqişəsinin nizamlanması istiqamətində hər hansı dəyişikliklərin baş verməsi ehtimalının sıfra bərabər olduğunu deyirlər. Politoloq Sülhəddin Əkbər də həmsədrlərin optimist bəyanatlarının real əsaslara söykənmədiyini deyir. Onun bildirdiyinə görə, regionda geosiyasi vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi nəinki DQ münaqişəsi, ümumiyyətlə post-sovet ölkələri ərazisində olan başqa problemlərin həllini də düyünü salıb. Bu münaqişələrin həllinə Rusiyanın maraqlı olmadığını və bu səbəbdən də Rusiya imkan verməyənə qədər irəliyə doğru hər hansı dəyişikliklərin baş verməsini gözlənilən saymayan politoloq hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin qurulması ilə bağlı məsələnin ortaya çıxması vəziyyəti daha da mürəkkəbləşdirib. Sülhəddin Əkbərin qənaətincə, Qərbin bu iki məsələni birgə həll etmək istəyi olsa belə bu baş tutmayacaq. "Amma görünən odur ki, Rusiya da, o biri həmsədr ölkələr də, hətta Türkiyə də Ermənistan-Türkiyə münasibətləri ilə bağlı olan məsələni DQ münaqişəsi ilə bağlı məsələdən ayırmağa çalışırlar. Azərbaycan prezidentinin Brüsseldə səsləndirdiyi son bəyanatından da bunun hiss edildiyini bildirən Sülhəddin Əkbərə görə, indiki halda münaqişənin həlli istiqamətində hər hansı dəyişikliyin olması Rusiyanın iradəsi əsasında həll oluna bilər. "Bu da ondan ibarətdir ki, onda gərək o biri ölkələr bu məsələnin həllinə dair Rusiyanın istəyi ilə razılaşsınlar"- deyən politoloq hazırda Azərbaycanın geosiyasi durumu ilə bağlı da bir sıra problemlərin yarandığını deyib. Onun fikrincə, belə bir vəziyyətdə rəsmi Bakının münaqişənin həllinə dair hansısa addımlar atması gözlənilən deyil. Digər tərəfdən isə politoloq geosiyasi baxımdan vəziyyətin mürəkkəbləşməsinə Türkiyə hökumətinin Ermənistanla əlaqələri qurmaq siyasətinin təsir etdiyini də istisna etməyib. Onun sözlərinə görə, AKP hökumətinin Ermənistanla əlaqələr qurmaq istiqamətində fəaliyyətə başlaması və bu istiqamətdə addımlar atmaqda israrlı görünməsi faktiki olaraq Azərbaycan üçün öz strateji müttəfiqini itirmək təhlükəsi yaradıb. Bu baxımdan da Sülhəddin Əkbər indi Azərbaycanın siyasi baxımdan müttəfiqsiz qaldığını deyir. Onun fikrincə, hərtərəfli təzyiqlərin artdığı bir vaxtda DQ münaqişəsinin həlli istiqamətində dəyişiklik baş versə, bundan daha çox ermənilər və Rusiya yararlana bilər. Odur ki, politoloq regionda geosiyasi balans dəyişməyincə hər hansı addımların atılacağını gözləmir. Hazırda proseslərin Rusiyanın xeyrinə cərəyan etdiyini qeyd edən politoloq deyir ki, nə qədər ki, Rusiya bu regionda hegemonluq edir, problemin həlli də açıq qalacaq. Bununla belə o, son vaxtlar Azərbaycanda Rusiya amilinin qabarmasını da istisna etməyib. NABUKKO müqaviləsi ilə bağlı Azərbaycanın mövqeyi, eləcə də gələn ildən Azərbaycan qazının Rusiyaya nəqli kimi məsələlərin gündəmə gəlməsini Rusiyanın Azərbaycana təsirinin artmasının nəticəsi kimi dəyərləndirən Sülhəddin Əkbərə görə, Qarabağ düyünü daha da çətinləşir. "Mənim fikrimcə, bu məsələnin həlli üçün regionda qüvvələr nisbəti dəyişməlidi. Bu olmadan DQ münaqişəsi ölü nöqtədən tərpənməyəcək. Belə bir dəyişiklik isə hələlik gözlənilmir". Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar