SON XƏBƏRLƏR

Bakıda Ərdoğanı suallar gözləyir

2021.10.20, 07:36
Bakıda Ərdoğanı suallar gözləyir

Gunaz.tv
Bakıda Ərdoğanı suallar gözləyir Azərbaycan xalqı həmin suallara səmimi cavabların verilməsinə ümid bəsləyir Türkiyədə hakimiyyətdə olan AKP iqtidarı Azərbaycana "Dağlıq Qarabağ problemi həll olunmayınca rəsmi Ankara Ermənistanla sərhədləri açmayacaq" vədini verib, torpaqlarımızın işğaldan azad olunmasının digər şərtlər kimi Serj Sərkisyan iqtidarıyla danışıqlar mövzusu olduğunu bildirsə də, bu vədin tam əksini gördük. Yəni qondarma soyqırımdan bir gün əvvəl-aprelin 23-də Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirliklərinin "yol xəritəsi" hazırlamalarıyla bağlı birgə bəyannamə yaydıqları bəlli oldu. Eyni zamanda detalları hələ açıqlanmamış "yol xəritəsi"nin beş maddədən ibarət olduğu barədə türk və Azərbaycan mətbuatında məlumat yayıldı. Arzu Şirinova Həmin beş maddə isə Ermənistanın Qars müqaviləsini, beləliklə, Türkiyənin sərhədlərini tanımasını, "soyqırım"la bağlı tarixçilərdən ibarət komissiya yaradılmasını, iki ölkə arasında sərhədlərin açılmasını, ticari müqavilələrin bağlanmasını, Türkiyə və Ermənistanın Tiflisdəki səfirlərinin qarşılıqlı olaraq İrəvan və Ankarada akreditasiya olunmalarını nəzərdə tutur. Göründüyü kimi nəinki "yol xəritəsi"ndə, hətta Türkiyə-Ermənistan danışıqlarında da Dağlıq Qarabağ problemi müzakirə mövzusu olmayıb. Ermənistan prezidenti Serj Sərkisyan da verdiyi bəyanatda bir daha bildirdi ki, türklərlə danışıqda Qarabağ məsələsinə toxunulmayıb. Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında əlaqələrin bərpası Qarabağ münaqişəsinin həllinə yardım göstərə bilər, amma bu, heç bir halda iki ölkə münasibətlərinin bərpası yönündə ön şərt kimi irəli sürülə bilməz. Bütün bunlara baxmayaraq AKP iqtidarı, əsasən də baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlki vədlərini yenə təkrarlamağa başladı. Ancaq bu vədlərə nə Türkiyə, nə də Azərbaycan ictimaiyyəti, eləcə də hər iki dövlətin müxalifəti inanmadı. Artıq vəziyyət o həddə çatıb ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev səviyyəsində AKP iqtidarından həqiqətin aşkarlanması və verilən suallara cavab tələb olunur. Belçika Krallığında işgüzar səfərdə olan prezident İlham Əliyev Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə görüşdən sonra mətbuat konfransı keçirib. Azərbaycan dövlət başçısı bu zaman bir çox məsələlərə münasibət bildirib. Türkiyə-Ermənistan yaxınlaşmasına dair sualı cavablandıran prezident İlham Əliyev deyib: "Biz heç vaxt nə digər ölkənin daxili işlərinə qarışırıq, nə də iki suveren ölkə arasındakı münasibətlərə. Bu, Türkiyə və Ermənistan tərəfindən qəbul edilə bilən bir qərardır. Öz aralarında münasibətləri necə davam etdirmək onların seçimidir. Bu məsələnin tarixi köklərilə bağlı bəzi şərhlərə gəldikdə isə xatırlatmaq istəyirəm ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəd 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının nəticəsində bağlanıb. Bu gün bu işğal davam edir. Bu gün Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hələ də işğal altında saxlayır. Bir daha demək istəyirəm ki, biz belə bir mövqedə deyilik ki, bu iki ölkə arasında olan münasibətlərin irəliləməsinə imkan verək və bunun qarşısın alaq. Yalnız bir şeyi qeyd etmək istərdim ki, bizim də öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var". Bu məsələylə bağlı müxtəlif mənbələrdən bir çox ziddiyyətli şərhlər verildiyini deyən Azərbaycan prezidenti deyib ki, bəziləri ilkin "yol xəritəsi"nin razılaşdırıldığını, digər mənbələr isə ilkin şərhlər haqqında "yol xəritəsi"ndə heç nə deyilmədiyini bildirir: "Bu, bir növ söz oyunudur. Hesab edirəm ki, dünya, region aə Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq Qarabağ probleminin nizamlanması Türkiyə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə bir cavab tələb edən sadə bir sualdır". xxx Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək. Çox güman ki, ona verilən suallara aydınlıq gətirəcək. Azərbaycan xalqından nələri gizlətdiyinə, Ermənistanla sərhədləri nədən açmaq istədiyinə, türklərin qanına susayan və Türkiyəyə ərazi, "soyqırım" iddialarından hələ də əl çəkməyən, Ağrı Dağı milli sinvoluna çevirən, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, bir milyon azərbaycanlını evindən-eşiyindən didərgin salan erməniyə bu qədər sevgisinin hardan qaynaqlandığına, iki qardaş xalq arasında öz əməllərilə soyuqluq yaratmağa cəhd göstərdiyinə və nəhayət Azərbaycan türk qadınını təhqir etdiyinə cavab verməlidir. Azərbaycan türklərinin xanım millət vəkilləri hansı səhvlərə yol vermişdi ki, Ərdoğan onları "fitnəkar ünsürlər" adlandırmaqla düşmənimiz olan erməniləri sevindirdi? Azərbaycandan Türkiyəyə üz tutan xanım millət vəkillərimiz özlərilə gümüş mücrüdə Qarabağ torpağından bir parça götürərək həm dövlət rəsmilərinə, həm də müxalifət rəhbərlərinə təqdim edərək bu torpaqlar uğrunda nə qədər şəhidlərimizin qanının axdığını söylədilər. Ermənilərin yüzlərlə ana və bacılarımıza təcavüz etdiyini, körpə uşaqlarımızı süngüyə keçirərək "türk uşağına aman verilməməlidir" prinsipilə öldürərək xüsusi zövq aldıqlarını, bu torpaqlarımızda əcdadlarımızın narahat ruhu dolanaraq fəryad etdiyini anlatmağa çalışdılar. Türkiyə ictimaiyyətinin 96 faizi AKP hakimiyyətinin bu yöndəki yanlış siyasətini pislədi və Ermənistanla sərhədlərin açılmasına etirazlarını bildirdilər. Hətta Türkiyənin bir çox telekanalları Azərbaycan televiziyalarından daha artığını etdilər. Xanım millət vəkillərimizə kifayət qədər efir vaxtı ayırdılar, Azərbaycandan Türkiyəyə aparılan mücrüdəki müqəddəs torpaqdan bir parçanı öpərək gözlərinin üstünə qoydular və hər zaman qardaşlarına kömək göstərməyə hazır olduqlarını göstərdilər. xxx Türkiyə müxalifətinin tanınmış simaları-CHP sədri Dəniz Baykal və MHP sədri Dövlət Baxçalı da əsl türk kişisinə layiq olan addımlar atdılar. Hər iki siyasi lider dəfələrlə AKP hakimiyyətini tənqid edərək Azərbaycana arxadan zərbə vurmamağa çağırdılar. Onların sonuncu çıxışları isə çox sərt oldu. CHP sədri Dəniz Baykal partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında dedi: "Ermənistan Türkiyə ilə razılaşdırılan "yol xəritəsi"ndə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı hər hansı məqamın olmadığını, Türkiyə ilə bu məsələnin müzakirə edilmədiyini qətiyyətlə bildirir. Biz isə Ermənistanla münasibətlərimizi Barak Obamanın 24 aprel çıxışı ilə əlaqələndiririk - onun mesajına təsir göstərmək üçün. Amma indiyədək etdiyimiz ən böyük güzəştə, Ermənistanla qeyd-şərtsiz danışıqlara getməyimizə baxmayaraq, ABŞ prezidentinin mövqeyinə təsir göstərə bilmədik, üstəlik Azərbaycanla münasibətlərimiz pozulmağa başladı". Hökumətin Ermənistanla əldə etdiyi və aprelin 22-də gecə açıqlanan razılığın ABŞ prezidentinin mövqeyinə təsir göstərmədiyini, əksinə, Barak Obamanın uydurma soyqırım mövzusunda əvvəlki ABŞ prezidentlərindən daha kəskin mesaj verdiyini söyləyən Dəniz Baykal Azərbaycanın təkcə hakimiyyətində deyil, cəmiyyətində də Türkiyəyə münasibətdə inciklik yarandığını vurğulayıb: "Azərbaycanlılar bunu dostca, qardaşcasına ifadə ediblər. Baş nazir Ərdoğan isə bu narazılıqlarla bağlı ittiham mövqeyindən çıxış edərək bura gələn Azərbaycan millət vəkillərini fitnəkar ünsürlər adlandırıb. Bu, Türkiyə Cümhuriyyətinin baş nazirinə yaraşmaz. Baş nazirin bu sözlərinə görə, Azərbaycan xalqından üzr istəyirəm. Biz onların fitnə içində olmadığını, sadəcə, inciklik, küskünlük duyduğunu bilirik, bunu anlayırıq. Amma bu inciklik və küskünlüyü də böyütməyə ehtiyac yoxdur. Bilsinlər ki, AKP bu gün var, sabah yoxdur, bunlar müvəqqətidir, Türkiyə-Azərbaycan dostluğu isə əbədidir". Cəmiyyətin çox həssas münasibət bəslədiyi müzakirələrin detallarının gizlin saxlandığını qeyd edən MHP sədri Dövlət Baxçalı isə məsələylə bağlı Türkiyə Böyük Millət Məclisinə heç bir bilginin verilmədiyini, baş nazirin bir-biriylə uyğun gəlməyən bəyanatlar səsləndirdiyini, xarici işlər nazirinin baş nazirin açıqlamalarını inkar edən bəyanatlar verməsini bildirdi: "Baş nazir Ərdoğan bu mövzuda ayaqüstü verdiyi açıqlamalardan başqa tutarlı mövqe ortaya qoymayıb, fikir qarışıqlığı nə etdiyini bilməyən bir baş nazir portreti yaradıb". Baxçalı baş nazirin Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədin açılacağıyla bağlı açıqlamalarını da yalanladı. Ermənistanla münasibətlərin normallaşdırılmasına başlanması, sərhədlərin açılması üçün üç başlıca şərtin olduğunu qeyd edən MHP başqanı bildirdi ki, ilkin şərtlər Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması, "erməni soyqırımı" ilə bağlı aparılan təbliğatın dayandırılması, bu iddiadan əl çəkilməsi və Ermənistanın zorla işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir:"Ermənistan bu 3 məsələnin həlliylə bağlı addım atmayacağı təqdirdə münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar