SON XƏBƏRLƏR

ƏRDOĞAN APRELİN 30-da BAKIYA GƏLİR

2021.10.20, 07:36
ƏRDOĞAN APRELİN 30-da BAKIYA GƏLİR

Gunaz.tv
İlham Əliyev: “Sərhədlərin açılması ilə bağlı dəqiq informasiya gözləyirik” Türkiyə mətbuatının hökumətə yaxın mənbələrə istinadən ötən həftə Ermənistanla əldə edilən “yol xəritəsi” anlaşması ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya gələcəyi xəbəri təsdiqlənir. Dost ölkədəki mənbəmizdən redaksiyamıza daxil olan məlumata görə, Ərdoğan Bakıya aprelin 30-da gələcək. Xatırladaq ki, srağagün Türkiyənin Milli Təhlükəsizlik Şurasının aylıq toplantısında Ermənistanla anlaşma və Azərbaycanla münasibətlər müzakirəyə çıxarılıb. Məlumatlara görə, ölkə müxalifətinin və ictimaiyyətinin əleyhinə olduğu bu anlaşmaya qarşı silahlı qüvvələr də çıxır. Hazırda Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev də dünən ilk dəfə olaraq bu məsələyə reaksiya verib. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə də toxunub. Azərbaycan dövlət başçısı bildirib ki, ölkəsinin mövqeyi bu məsələdə dəyişməz qalır: “Biz bu məsələni bu ölkələrin suveren hüququ hesab edirik. Türkiyə-Ermənistan sərhəddi 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar Ankara tərəfindən bağlanıb və bu işğal davam edir. İndi bizə müxtəlif informasiyalar daxil olur. Bəzi mənbələrə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ münaqişəsi ilə bağlı olacaq. Digər mənbələrə görə, sərhədlərin açılmasının münaqişə ilə heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, dəqiq cavab almaq və real vəziyyətin necə olduğunu öyrənməyin vaxtı çatıb. Biz başqa dövlətlərin işlərinə qarışmırıq. Lakin dünyanın, bölgənin və Azərbaycan xalqının nə baş verdiyini bilməyə haqqı var. Dağlıq Qarabağ probleminin həllinin Türkiyə-Ermənistan yaxınlaşması prosesindən kənarda tutulub-tutulmadığını bilmək istəyirik. Bu, sadə bir sualdır və sadə bir cavaba ehtiyacımız var”. Barrozu da bildirib ki, Türkiyə-Ermənistan sərhəddinin açılmasının Azərbaycan üçün həssas məsələ olduğu onun nəzərinə çatdırılıb. Digər tərəfdən, o, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş bütün addımları dəstəklədiyini də deyib. İ.Əliyevin bu sensasiya sayılacaq açıqlaması bir daha sübut edir ki, rəsmi Bakı Türkiyənin Ermənistanla gizli təmaslarından ciddi narahatdır və artıq bu narahatlığı gizlətmək fikrində də deyil. Bu açıqlamadan görünür ki, Ərdoğanla Bakıda gözlənilən görüş tərəflər üçün kartların açılmasında əsas nöqtə olacaq. Azərbaycanın bundan sonra regionda, eyni zamanda, Türkiyə ilə münasibətlərdə hansı siyasəti yürüdəcəyini özü üçün müəyyənləşdirəcək. İ.Əliyev “bölgədəki reallıqlara uyğun olaraq öz siyasətimizi qurmaq haqqımız var və bu haqdan da istifadə edəcəyik” bəyanatı buna sübutdur. Qeyd edək ki, İ.Əliyevin Brüsselə səfəri aprelin 29-da başa çatacaq. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar